Ötən saylarımızdan birində futbol üzrə 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin püşkatması ilə bağlı məlumat vermişdik. Xatırladaq ki, püşkatmanın nəticəsinə görə, Azərbaycan yığma komandası Avropa çempionatının finalına vəsiqə uğrunda Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstanla eyni qrupda mübarizə aparacaq. Bu günlərdə isə komandamızın çıxış edəcəyi "A" qrupunun təqvimi müəyyənləşib. Qrupda mübarizə sentyabrın 3-də başlasa da, milli komandamız həmin gün Avstriya yığması kimi istirahət edəcək.
Komandamızın almaniyalı baş məşqçisi Berti Foqts seçmə mərhələyə vətənində, həmyerliləri ilə görüşlə başlayacaq. Qeyd edək ki, indiyə kimi seçmə mərhələnin oyunları adətən şənbə və çərşənbə günləri olsa da, bu dəfə görüşlər bir gün əvvəl keçiriləcək. Yəni qrupumuzun bütün oyunlarının cümə və çərşənbə axşamı olması yenilikdir.
Beləliklə, Azərbaycan yığması 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsinə sentyabrın 7-də səfərdə Almaniyaya qarşı oyunla başlayacaq. Komandamız oktyabrın 8-də isə Avctriyanın qonağı olacaq. Bundan dörd gün sonra Bakıda Türkiyə millisi ilə qarşılaşacağıq. Yığmamız seçmə mərhələ çərçivəsində qalan oyunlarını 2011-ci ildə keçirəcək. Futbolçularımız martın 25-də səfərdə Belçika yığmasının, iyunun 3-də isə Qazaxıstan yığmasının qonağı olacaqlar. Azərbaycan iyunun 7-də Almaniya, sentyabrın 2-də Belçika, sentyabrın 5-də Qazaxıstan və nəhayət oktyabrın 7-də Avstriya yığmalarını Bakıda qəbul edəcək. Yığmamız 2012-ci Avropa çemponatının seçmə mərhələsini oktyabrın 11-də Türkiyə yığması ilə səfər oyununda bitirəcək.
Yığmamızın baş məşqçisi Berti Foqts təqvimdən razı qaldığını bildirib: "Təqvimdən çox razıyıq. Təqvim arzuladığımız kimi tərtib olundu. Artıq bütün diqqəti millinin hazırlığına, yoldaşlıq oyunlarının keçirilməsinə yönəldəcəyik. Yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik".
|