Ötən həftə Unibank Premyer Liqası təsnifat mərhələsində son turun oyunları keçirildi. Bu görüşlərdən sonra birinci altılığa düşən sonuncu komandanın adı məlum oldu. "Qəbələ" öz meydanında "Standard"ı məğlub etməklə, mükafatlar uğrunda mübarizəni davam etdirəcək.
Ötən il avrokuboklarda çıxış etmiş "Simurğ" turu qələbə ilə başa vursa da, ikinci altılıqda yarışmalı olacaq. Turun mərkəzi "İnter" - "Neftçi" görüşünün taleyini Karlsonsun son dəqiqələrdə vurduğu bir qol həll etdi. Təsnifat mərhələsinin son turunun nəticələri:
"Xəzər-Lənkəran" - "Karvan" - 3:0, "Qəbələ" - "Standard" - 2:1, "Turan" - "Simurğ" - 1:2, "İnter" - "Neftçi" - 1:0, "Olimpik-Şüvəlan" - "Qarabağ" - 1:1, "Bakı" - "Muğan" - 0:0.
Beləliklə, "İnter", "Qarabağ", "Xəzər-Lənkəran", "Bakı", "Neftçi" və "Qəbələ" birinci altılıqda mübarizə aparacaq. Bu komandalar çempionatın medalları uğrunda öz aralarında oynayacaqlar. İkinci altılıqda isə "Simurğ", "Olimpik-Şüvəlan", "Turan", "Muğan", "Standard" və "Karvan" yarışacaq. Bu komandalar isə müvafiq olaraq yüksək liqada yerlərini qorumaq üçün mücadilə edəcəklər.
Həftənin yaddaqalan hadisələrindən biri "Neftçi" klubunun baş məşqçisi Vaqif Sadıqovun "İnter"lə oyundan sonra istefa verməsi oldu. Görünür, komandanın son vaxtlar göstərdiyi oyun rəhbərliyi qane etmədiyindən Vaqif Sadıqov bu addımı atmalı olub.
Çempionatın həlledici mərhələsinin oyunları martın 12 və 13-də başlanacaq. Amma buna qədər, yəni martın 6 və 7-də Azərbaycan kuboku uğrunda yarışların 1/4 final mərhələsinin oyunları keçiriləcək.
|