Avropa Voleybol Konfedersiyası (CEV) Kubokunda Azərbaycanı təmsil edən qadınlardan ibarət "Rabitə" klubu tarixi uğura imza atıb. Komandamız ilk dəfə olaraq bu turnirin "dördlər finalı"na vəsiqə qazanıb.
"Rabitə" 1/4 final mərhələsində Türkiyənin "Eczaçıbaşı-Zentiva" klubunu üstələyib. Bakıda keçirilən ilk görüşdə 3:0 hesabı ilə qələbə qazanan voleybolçularımız Türkiyədə cavab qarşılaşmasında 1:3 hesabı ilə uduzublar - 23:25, 17:25, 25:21, 21:25.
Lakin məhz səfər matçında bir setdə qazanılan qələbə sayəsində "Rabitə" növbəti mərhələyə vəsiqəni təmin edib. Qeyd edək ki, əvvəllər "Azərreyl" "Top komanda" kuboku (2000-2001) və Çempionlar Liqasının (2003-2004) "dördlər finalı"nda çıxış edib. Hazırda tarixə qovuşan "Top komanda" kubokunu qazanan "Azərreyl" Çempionlar Liqasında dördüncü olub. Bu, klublarımız arasında ən uğurlu nəticədir.
Yeri gəlmişkən, "Eczaçıbaşı" klubunun baş məşqçisi Cuzeppe Kuççarini istefaya göndərilib. Buna İstanbul komandasının CEV kuboku uğrunda yarışda "dördlər finalı"na çıxa bilmədiyi səbəb olub. Beləliklə, "Rabitə" növbəti mərhələyə yüksəlməklə, rəqibin italiyalı baş məşqçisini də işsiz qoyub. Xatırladaq ki, C.Kuççarinin rəhbərlik etdiyi kollektiv bundan əvvəl Bakının digər klubunu - "Azərreyl"i yarışlardan kənarlaşdırmışdı. Beləliklə, "Rabitə" "Azərreyl"in heyfini istanbullulardan bir ay sonra çıxdı.
"Rabitə"çilərin CEV kubokunun "dördlər finalı"ndakı rəqibləri də məlumdur. Komandamız həlledici mərhələdə Rusiyanın "Uraloçka", Serbiyanın "Srvena Zvezda" və İtaliyanın "Yamamay" klubları ilə qüvvəsini sınayacaq. "Dördlər finalı" martın 20-də və 21-də keçiriləcək.
|