Hal-hazırda Ayna qəzetinin 27.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 27.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
"Azərbaycan" adının qorxusu
"Azərbaycan" adının qorxusu
Tehran plan plan dalınca düşünür
Şənbə, 27.02.2010

S.Sədrəddin mətn ölçüsü  

İran hakimiyyəti Güney Azərbaycanın Marağa, Xoy və Mahabad (əzəli adı - Soyuqbulaq) kimi böyük şəhərlərinə özəl status verməklə, bu əraziləri Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərinin tərkibindən ayırmaq fikrindədir.

İlk baxışdan bu, adi inzibati bölgü təsiri bağışlaya bilər, fəqət bunun arxasında ciddi niyyətlər gizlənir. Yerli müşahidəçilərin qənaətincə, bu siyasətlə niyyət Azərbaycan torpaqlarını tikə-tikə parçalayaraq, ölkənin inzibati xəritəsindən "Azərbaycan" sözünü silməkdir. Bu şəhərlər Azərbaycandan ayrılarsa, perspektivdə həmin ərazilərin, özəlliklə Soyuqbulağın kürd separatçılarının əlinə keçmə təhlükəsi var.

Arazdan quzeydə müstəqil Azərbaycan dövlətinin tarix səhnəsinə çıxmasından bəri vaxtilə Qacar İranının və ondan əvvəlki türk şah sülalələrinin varlığı ərzində hər zaman bütöv olmuş tarixi Azərbaycan ərazilərini kiçik parçalara bölmək bir niyyət olmuşdur. Bu haqda qısa tarixi arayışı oxucuların diqqətinə çatdırmaq istərdik (bəzi məlumatlar DAK-ın yaydığı araşdırmaya əsaslanıb).

1937-ci il noyabrın 7-də Rza şah Pəhləvinin nəzarətində olan parlamentin qəbul etdiyi qanuna əsasən, Qacarlar dönəmindən qalma inzibati ərazi bölgüsü dəyişdirilərək, əyalətlərin tarixi adları ixtisar olundu və İran - Şimal-Qərb, Qərb, Şimal, Cənub, Məkran və Şimal-Şərq adı altında 6 əyalətə bölündü.

Qısa müddətdən sonra elə həmin ilin dekabrında sözügedən inzibati bölgüyə yenidən baxıldı və İran 10 əyalətə bölünərək, bölgələrə birdən ona qədər ad verildi. O illərdə Təbriz üçüncü əyalətin, Urmiya isə dördüncü əyalətin mərkəzi şəhəri elan olundu. Güney Azərbaycan sərhədləri və Azərbaycan adı ölkənin xəritəsindən tamamilə silindi. Ərdəbil isə bu bölgüyə əsasən üçüncü əyalətə daxil idi.

Uzaqmənzilli bir niyyət ilə aparılan bu bölgü 1960-cı illərədək davam edib. Yalnız 1945-46-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətinin dövründə Güney Azərbaycanın böyük bir hissəsi Azərbaycan adlanırdı. Həmin illərdə üçüncü və dördüncü əyalətlərə uyğun olaraq, bölgədə iki inzibati ərazi vahidi yaradıldı - Şərqi Azərbaycan və Qərbi Azərbaycan.

1960-cı illərdə İran üzrə 13 əyalət və 8 quberniya (bir müddət sonra 11) yaradıldı. Məhəmmədrza şahın dövründə aparılmış bu yeni bölgüyə əsasən, Azərbaycan ərazilərindən bir hissə yeni yaradılan əyalətlərə verildi. Həmədan quberniya kimi tanındı. Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərinin ərazilərindən kəsildi. Bu bölgü üzrə Ərdəbil və Zəncan rayonları Şərqi Azərbaycan əyalətinə daxil idi. Ərdəbil qəzasının bir hissəsi olan Astara rayonu 1968-ci ildə ayrıca quberniya elan olundu.

Son illərdə Ərdəbilin və ətraf mahalların ən mühüm "tələb"lərindən biri kimi mərkəzi Ərdəbil olmaqla yeni bir əyalət yaradıldı. Əslində bu şəhərin əhalisi buranın tarixən qədimliyi, eləcə də əhalisinin çoxluğu nəzərə alınmaqla Şərqi Azərbaycan əyaləti adı altında özünə məxsus dövlət büdcəsi istəyirdi. Onu da qeyd etmək lazımdır ki, ərdəbillilər Təbrizdən ayrılmaq istəmirdi. Çünki Təbriz bütövlükdə Azərbaycan türklərindən ötrü bir simvoldur.

1992-ci il oktyabrın 14-də Ərdəbil mərkəz olmaqla Şərqi Azərbaycan, Gurqan mərkəz olmaqla Gülüstan əyalətlərinin yaradılması haqda Daxili İşlər Nazirliyinin verdiyi iki təklifdən birincisi dövlət rəhbərliyi tərəfindən bəyənildi. Azərbaycan adını ləğv etmək məqsədi ilə "Savalan" adlı əyalətin yaradılması haqda layihə dördüncü çağırış İran parlamentinə göndərildi. Bu məsələni rəhbərlik sonradan çeşidli orqanlara həvalə etdi.

1993-cü il yanvarın 12-də 4-cü çağırış İran parlamenti həmin layihəni ümumilikdə təsdiqlədi. Bu sənədə əsasən, hökumət mərkəzi Ərdəbil olmaqla yeni Şərqi Azərbaycan əyaləti yarada bilərdi. Təbriz mərkəz olan Şərqi Azərbacyanın adının isə Mərkəzi Azərbaycana dəyişdirilməsi təklif edilirdi.

Bir sıra təkliflərə əsasən, ümumiyyətlə, Azərbaycan sözünü əyalətlərin adından götürərək, Təbriz mərkəzli bölgəni "Səhənd", yeni yaradılan Ərdəbil mərkəzli əyaləti isə "Savalan" adlandırmaq istəyirdilər.

1993-cü il aprelin 4-də "Təbrizin mərkəz olduğu Şərqi Azərbaycan əyalətinin adının Mərkəzi Azərbaycanla əvəzlənməsi və Ərdəbil mərkəz olmaqla Şərqi Azərbaycan əyalətinin yaradılması" haqda layihə parlamentin gündəliyinə salınır. Həmin il məclisin 13 aprel tarixli iclasında layihənin ikinci oxunuşunda gözlənilmədən "Ərdəbil" adlı yeni əyalətin yaradılması barədə qərar qəbul edilir.

Həmin il Güney Azərbaycan türkləri çoxsaylı etiraz aksiyası keçirərək, ermənilərin iddiasının ardınca Azərbaycanın yenidən bölünməsinə və tarixin saxtalaşdırılmasına xidmət etdiyini bildirmişlər. Amma o dövrdə sanki Azərbaycana yamanlıq etmək üçün Tehran hakimiyyəti Ermənistanla yarışırmış kimi bu etirazlara məhəl qoymadı. Hakimiyyətin əsas təbliğat vasitələrindən biri, "ETTELAAT" qəzeti 1993-cü il 19 aprel tarixli sayında məsələyə dair belə bir xəbər dərc etmişdi: "Cümhuriye-İslami" agentliyi - Nəzarət Şurasının dünənki iclasında Ərdəbil əyalətinin yaradılması layihəsinə baxılmış, şəriət və qanun normalarına zidd bilinməmişdir".

2004-cü il aprelin 11-də "Ərdəbil əyalətinə Azərbaycan adının qaytarılması komitəsi" yaradıldı. Bu qurum indiyədək Azərbaycan adının Ərdəbilə və Güney Azərbaycanın başqa ərazilərinə qaytarılmasını tələb etməkdədir.

Onu da xatırladaq ki, Həmədan, Gilan, Qəzvin, Zəncan, mərkəzi Ərak olan Mərkəzi və başqa əyalətlər əvvəllər Azərbaycan olub. Keçən il Həmədan əyalətinin ziyalıları İranın ali rəhbəri ayətulla Xamneyiyə və dünya ictimaiyyətinə müraciət edərək, Azərbaycanın və türk millətinin tərkib hissəsi olduqlarını bildirmişlər. Bundan başqa, Tehran hakimiyyəti uzun illərdir ki, qaşqay türklərini ayrıca bir qövm kimi təqdim edir. Amma türkün bu elat tayfasının da azərbaycanlılara aidliyi sübuta ehtiyacı olmayan məsələdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

AMİP Çin səfirliyinin qarşısında aksiya keçirəcək

Türkmənistan millisinin qapıçısı "Neftçi"də

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər