Azərbaycan Tarixi Muzeyinin fəaliyyətinin 90 illiyi ilə əlaqədar xüsusi tədbirlər planı hazırlanıb. Bu barədə məlumat verən direktor, akademik Nailə Vəlixanlı bildirib ki, artıq yubiley tədbirləri başlanıb. Yubiley ili çərçivəsində muzeydə mart ayında Qarabağa həsr edilmiş sərgi təşkil olunacaq:
"Sərgidə Qarabağ ərazisindən tapılmış ən müxtəlif eksponatlar nümayiş olunacaq. Həm etnoqrafik, həm arxeoloji eksponatlar, həm müxtəlif sənədlər sərgidə öz əksini tapacaq. Eyni zamanda, yubiley ili çərçivəsində müharibənin başa çatmasının və qələbənin 65 illiyinə həsr olunan sərgi nəzərdə tuturuq. Bizim muzeydə İkinci Dünya Müharibəsinə həsr olunmuş çoxsaylı eksponatlar var. Həmin sərgidə görkəmli sərkərdələrin, döyüşçülərimizin şəxsi əşyaları da nümayiş olunacaq".
Nailə Vəlixanlının sözlərinə görə, "Qələbə-65" sərgisi aprelin sonları, mayın əvvəlləri üçün nəzərdə tutulur:
"Bu il 90 yaşını qeyd edən Tarix Muzeyi təkcə muzey mərkəzi deyil, elm-maarif mərkəzi də olub. 2009-cu il üçün planlaşdırdığımız növbəti sərgilərdən biri də Azərbaycan dövlətçiliyinə həsr olunacaq. Oktyabr-noyabr aylarında keçiriləcək son sərgimizi isə bilavasitə muzeyin 90 illiyinə həsr etməyi düşünürük. Sərgi muzeyin tarixi, inkişaf yolu, muzeyimizdə fəaliyyət göstərən əməkdaşlar, ümumiyyətlə, Tarix Muzeyinin Azərbaycan dövlətində və cəmiyyətində tutduğu mövqedən bəhs edəcək. Eyni zamanda, həmin ərəfədə 90 illiklə bağlı beynəlxalq konfrans keçirməyi də nəzərdə tuturuq".
|