Azərbaycanın qədim və rəngarəng qeyri-maddi mədəni irsinin qorunması, bərpası və istifadəsi, milli diyarşünaslığın (adət-ənənə, mərasim; şifahi xalq yaradıcılığı, xalq oyunları), folklor (xalq musiqisi və rəqsləri, xalq teatrı) və sənətkarlığın (xalq tətbiqi, dekorativ və təsviri sənətləri) dəstəklənməsi işini təkmilləşdirmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə nazirliyin nəzdində Qeyri-maddi mədəni irs nümunələrinin inventarizasiya və identifikasiyası üzrə şura yaradılıb. Qurumun məlumatında bildirilir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrlik etdiyi şuranın tərkibinə respublikanın tanınmış mədəniyyət, elm və təhsil xadimləri, görkəmli alimlər, mütəxəssislər, habelə nüfuzlu ziyalılar daxil edilib. Xatırladaq ki, bu günlərdə nazirlikdə Qeyri-maddi mədəni irs nümunələrinin inventarizasiya və identifikasiyası üzrə Şuranın I iclası keçirilib. İclasda Şuranın fəaliyyət istiqamətləri və tərkibi ətraflı müzakirə olunub, Azərbaycanın Qeyri-maddi mədəni abidələrinin Dövlət Reyestr formasının layihəsi, Azərbaycanın Qeyri-maddi mədəni irs abidəsinin İnventar Pasport layihəsi, Dövlət Reyestrinə daxil ediləcək nümunələr və s. barədə geniş müzakirələr aparılıb, təkliflərin qısa müddətdə nazirliyə təqdim olunması barədə razılıq əldə olunub.
|