Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası, "Şirbalanın ilk məhəbbəti" filmində yaratdığı Nazlı obrazı ilə yaddaşlarda qalan 68 yaşlı Lütfiyyə Səfərova ağır vəziyyətdə 2 saylı Əfəndiyev xəstəxanasına yerləşdirilib.
Aktrisanın ailəsindən verilən xəbərə görə, Lütfiyyə xanım orta ağır vəziyyətdə əvvəlcə reanimasiya şöbəsinə yerləşdirilib:
"Bir neçə gün reanimasiyada saxlandıqdan sonra adi palataya keçirilib. Hazırda əsəb şöbəsində ciddi müalicə alır və vəziyyəti orta ağırdır. Həkimin bildirdiyinə görə, Lütfiyyə xanımın psixoloji durumu yaxşı deyil, yəni psixoloji baxımdan ciddi problemləri var. Ümumiyyətlə, Lütfiyyə xanımda yaşla əlaqədar olaraq şəkərli diabet, hipertoniya, beyin-qan dövranının pozğunluğu kimi ciddi xəstəlikləri də var".
Ailəsinin məlumatına görə, aktrisa bir ay xəstəxanada müalicə olunacaq və müalicə kursu başa çatdıqdan sonra həkim nəzarətində saxlanacaq:
"Xəstəxananın bütün heyəti Lütfiyyə xanıma lazımi qayğı göstərməsi üçün səfərbər olunub. Yemək və dava-dərmanla təminat xəstəxananın üzərindədir. Yanına sənət dostlarından çox az adam gəlib-gedir. Həkimi bizə bildirib ki, bu cür xəstələrin birdəfəlik müalicə olunması qeyri-mümkündür və buna illər tələb olunur".
Lütfiyyə Səfərovanın 45 ilə yaxın çalışdığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rəhbərliyi və kollektivi aktrisanın xəstəxanaya yerləşdirilməsindən xəbərdar olsalar da, hansı xəstəxanada müalicə olunmasından xəbərsizdirlər. Teatrdan bildirilib ki, 2 ilə yaxındır Lütfiyyə xanım psixi pozğunluqdan ciddi əziyyət çəkir və bu səbəbdən də teatrdan ayrılıb.
|