Bu həftədən başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiyanın tanınmış teatr xadimlərinin iştirakı ilə fevralın 28-dək gənc aktyorlar üçün ustad dərsləri təşkil olunur. Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, bu layihə teatr rəhbərliyinin təklifinə əsasən Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə həyata keçirilir. Sankt-Peterburq Teatr Akademiyasının aktyor sənəti kafedrasının müdiri, Rusiyanın əməkdar incəsənət xadimi, professor Benyamin Mixayloviç Filştinski aktyor sənəti üzrə və Rusiyanın əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı Sergey İnamoviç Qrisay plastik hərəkətlər üzrə məşğələlər aparırlar.
Bundan əlavə, Rusiyanın RTR televiziyası mədəniyyət kanalının rejissoru Mixail Falkin teatrın aktyorları üçün "Müasir televiziyada aktyor sənətinin rolu" mövzusunda mühazirələr oxuyur. Mühazirələr hər gün teatrın kiçik səhnəsində keçirilir.
|