Azərbaycan mühacirət ədəbiyyatının ən maraqlı əsərlərindən biri olan və Qurban Səid təxəllüsü ilə Məhəmməd Əsəd bəyin 1927-ci ildə qələmə aldığı "Əli və Nino" romanı təcrübəli gürcü sənət adamlarından olan rejissor Georgi Toradzenin də diqqətini cəlb edib. O, əsər əsasında sənədli televiziya filmi çəkmək barədə düşünür. Rejissorun Gürcüstan mətbuatına bildirdiyinə görə, filmin layihəsi artıq hazırdır:
"Layihəni mənim prodüserim Georgi Sturua Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib. Mənə bu barədə nazirlikdən zəng də vurmuşdular. Hələlik konkret nəticə yoxdur. Amma mən ümidimi üzməmişəm. Hiss edirəm ki, bu sənədli filmin çəkilişi baş tutacaq".
Gürcü rejissor bu işdə Azərbaycan kinematoqrafçıları ilə birgə çalışmanın zəruri olduğunu vurğulayıb:
"Əvvəlcə əsərə ssenari yazan azərbaycanlı qələm sahibi və azərbaycanlı rəssam lazımdır. Çünki əsərdə göstərilən vətənpərvər Əli obrazını mütləq azərbaycanlı və Nino obrazını isə gürcü aktyor canlandırmalıdır. Əsərdə verilən süjetlərin çəkilişi Azərbaycanda və digər ölkələrdə baş tuta bilər. Hər şey sifarişdən asılıdır. Mən "Əli və Nino" əsəri əsasında sənədlərin dili ilə iki gəncin böyük məhəbbətinin taleyini göstərməyə çalışacağam. Çəkdiyim sənədli televiziya filminə Birinci Dünya Müharibəsindən sonra müstəqil və demokratik Azərbaycanın azadlıq uğrunda mübarizəsi, XI qızıl ordunun Azərbaycanı işğal etməsi epizodları və eyni zamanda, ara-sıra bədii süjetlər də əlavə etməyi düşünürəm. Əsərin dilinə gəldikdə, film mütləq Azərbaycan dilində olmalı, lazım gələrsə, digər dillərə tərcümə olunmalıdır. Çəkilişdən sonra əsəri festivala da təqdim etmək olar".
|