Dünən Qarabağ Azadlıq Təşkilatı (QAT) cəbhədə 3 əsgərin şəhid olması, daha bir neçə əsgərin yaralanması ilə bağlı bəyanat yayıb.
Qurum ölüm faktlarını Ermənistanın təcavüzkar siyasətini davam etdirməsinin əyani təsdiqi kimi dəyərləndirib: "Bu qanlı olay bir daha Ermənistanın danışıqlar yolu ilə torpaqları tərk edəcəyinə bəslənilən ümidlərin əsassız olduğunu göstərir".
Sənəddə Ermənistanın regiona təhlükə gətirən alətə döndüyü, bu alətdən Rusiya və ABŞ-ın öz maraqlarına uyğun istifadə etdiyi vurğulanır. Müəlliflər Ermənistanın Azərbaycana da, Türkiyəyə də, İrana da, Gürcüstana da təhlükə olduğunu iddia edərək bu dövlətləri birgə səylə erməni faşizmini məhv etməyə çağırırlar.
"Azərbaycan hakimiyyəti ya Ermənistana qarşı müharibəyə başlamalı, ya da istefa verməlidir", - deyə müəlliflər rəsmi Bakının mövqeyinə münasibət ifadə edirlər, habelə torpaqların işğalda qalmasına görə müxalifət qüvvələrinin də məsuliyyət daşıdığını bildirirlər.
Son olaraq müəlliflər çıxış yolunu Ermənistanla müharibənin başlanmasında gördüklərini bəyan edərək, müharibə əleyhinə çıxanları milli maraqlara xəyanətdə suçlayıblar.
|