"Minalar Əleyhinə Azərbaycan kampaniyası" (MƏAK) ictimai birliyi Azərbaycanın əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair layihənin icrası ilə bağlı bu gün Media Mərkəzində dəyirmi masa keçirib. Məqsədi 2009-cu ilin yayında Azərbaycanın da qoşulduğu BMT-nin əlillərin hüquqları haqqında konvensiyanı təbliğ etmək olan layihəni Açıq Cəmiyyət İnstitutu Fondu maliyyələşdirib, layihənin icrasına 2009-cu ilin avqustundan başlanıb, fevralın sonunda layihə başa çatır ("Turan").
Tədbirdə bu ilin yanvarında Azərbaycanın əlillərin hüquqları haqqında BMT konvensiyasını ratifikasiya etməsi də xatırladılıb. Tədbirdə qeyd edilib ki, bu konvensiya 2006-cı ilin dekabrında BMT-də qəbul edilib, hazırda 144 dövlət konvensiyaya qoşulub, 79 dövlət sənədi ratifikasiya edib.
"Bizə konvensiyanın müddəalarından irəli gələrək hüquqlarımızı başa düşmək üçün seminarlar təşkil edildi, bu sahədə maarifləndirmə məqsədilə 10 dəqiqəlik telematerial hazırlandı və bu günlərdə telekanallardan birində nümayiş edildi" - deyə layihənin rəhbəri Hafiz Səfixanov qeyd edib və bu telematerial jurnalistlərə nümayiş etdirilib. O, konvensiyanı ratifikasiya edən Azərbaycanın bununla əlillərin sosial təminatından tutmuş cəmiyyətə tam inteqrasiyaya qədər bütöv öhdəliklər götürməsini xatırladıb.
Ombudsman aparatının əməkdaşı Müqabil Mahmudovun sözlərinə görə, konvensiyadan irəli gələrək əlillərin hüquqlarını gerçəkləşdirmək üçün uyğun qurumların və fəal əlil QHT təmsilçilərindən ibarət əlaqələndirmə qurumu artıq yaradılmaq üzrədir. M.Mahmudov əlillərlə bağlı ölkə üzrə vahid informasiya məlumat bazasının yaradılması işinin tamamlanmaq mərhələsində olduğunu qeyd edib.
Müharibə əlilləri təşkilatlarının təmsilçiləri Rey Kərimoğlu, Etimad Əsədov hələ bu konvensiyaya qədər ölkədə əlillərin hüquqlarını təmin edən qanunlar olduğunu, amma ölkədə qanunun aliliyi təmin edilmədiyi üçün bu qanunların işləmədiyini bildiriblər. "Azərbaycanda hər hansı bir iş görülürsə, buna "analoqu olmayan" adı qoyulur, bu mənada Azərbaycan bütün dəyərlərin itməsinə görə doğrudan da analoqu olmayan ölkədir", - deyə E.Əsədov qanunun işləməyəcəyini iddia edib
|