![]() |
çap et |
|
|||
Dünən Azərbaycan Media Mərkəzində "Jurnalistlərin fəaliyyəti məhdudlaşır, yoxsa məsuliyyət artır" mövzusunda debat keçirilib. Debatda Ümid Partiyasının sədri İqbal Ağazadə və APA-nın baş direktoru Vüsalə Mahirqızı tərəflər, spiker Seymur Kazımov və ekspertlər qismində isə Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov, "Ayna" qəzetinin və RATİ-nin əməkdaşı İdrak Abbasov, Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı iştirak edib.
V.Mahirqızı çıxışında bildirib ki, "KİV haqqında" qanuna edilmiş əlavə və dəyişiklik əslində KİV-lərin informasiya almasını çətinləşdirsə də, əslində o, parlamentin təsdiq etdiyi əlavə və dəyişikliklərə qarşı deyil. Onun sözlərinə görə, bu dəyişikliklər ötən ilin martında keçirilmiş referendumun ruhuna uyğundur. İ.Ağazadə isə bildirib ki, Konstitusiyada ifadə azadlığı və məlumat almaq azadlığı var və bu hüquqlar jurnalistlərə verilir: "Əslində, Konstitusiyaya edilən dəyişikliklərdə açıq şəkildə göstərilir ki, qanunda hansı hallar nəzərdə tutulmayıbsa, bu halda şəxsin izlənməsi qadağan olunur. Amma indi, sadəcə, Konstitusiyadakı dəyişikliyi əldə rəhbər tutaraq bu qanunlara da dəyişiklik edilir. Mən təklif edirəm ki, Konstitusiyanın 32-ci maddəsindən heç kim sui-istifadə etməsin. Yenə də qeyd edirəm ki, Konstitusiyada qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla ifadəsi öz əksini tapıb. Amma hakimiyyət nümayəndələri deyir ki, bu şəxsi həyatla bağlıdır. Qanunda isə "şəxsi həyat" ifadəsi faktik olaraq yoxdur". Ekspertlərdən E.Hüseynov deputat İ.Ağazadə ilə razı olduğunu və bu dəyişikliklərin jurnalistlərin fəaliyyətinə ciddi zərbə vuracağını deyib. Y.Məmmədli isə bildirib ki, qanunun tətbiqindən sonra elə bir vəziyyət yaranacaq ki, jurnalistlərin çəkiliş aparmasına qarşı total şəkildə təzyiqlər, qadağalar olacaq. İ.Abbasov qeyd edib ki, əslində bu zamana qədər də məmurlar çəkilişə icazə vermirdilər, jurnalistlərin aparatları və kameraları sındırılırdı, özləri döyülürdü və bu əlavə və düzəlişlərlə də indiyə qədər edilən qanunsuzluqlar sadəcə qanuniləşdirilib. Rəşid Hacılı isə bildirib ki, qanunlara edilən düzəliş Konstitusiya ilə ziddir və birbaşa jurnalistlərin susdurulmasına yönələn addımdır. Qanunlara fevralın 12-də edilən əlavə və dəyişiklikliklərə görə jurnalist kimsənin şəklini və ya video görüntüsünü çəkmək, onun səsini yazmaq üçün mütləq icazə almalıdır, əks təqdirdə ona qarşı cinayət işi başlana bilər. |