Dünən Dalğa Gənclər Hərəkatı və Azərbaycan Dövlət Neft Akademiyasının 4-cü kursundan xaric edilmiş Elmin Bədəlovun hüquqlarını müdafiə komitəsi birgə aksiya keçiriblər. 15-ə yaxın aksiya iştirakçısı Elmin Bədəlovun şəkillərini əks etdirən mayka geyinməklə yanaşı "Elmin Bədəlova haqsızlıq durdurulsun", "Azad və güclü təhsil naminə" və sair şüarlar səsləndiriblər. Gənclər həmçinin saxta pulları ADNA-nın qarşısında səpərək təhsildə rüşvət barədə mətbuatda yazan bir tələbənin universitetə bərpa olunmasını tələb ediblər.
Daha sonra aksiya iştirakçıları ADNA korpusuna daxil olaraq rektorla görüşmək istəsələr də, polis buna mane olub.
Bədəlov ADNA-nın 4-cü kursundan siyasi motivlərlə xaric edilib. Belə ki, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı, redaktoru olduğu www.pia.az saytında dərc etdiyi "Neft Akademiyasından reportaj" məqaləsinə görə ali məktəbdən xaric edilib. Məqalədə ADNA-da korrupsiya faktlarından bəhs edilirdi.
E.Bədəlov iddia edir ki, o məhz ADNA-dakı korrupsiya faktlarından bəhs edən məqaləni yazdığına görə ali məktəbdən xaric edilib. Onun sözlərinə görə, dekan və kafedra müdiri yazdığı məqaləyə görə onu təhqir ediblər. Onu qəsdən 3 imtahandan və kurs layihəsindən kəsiblər. Daha sonra rektor akademik borclara görə universitetdən xaric edilməsi haqqında əmr verib.
E.Bədəlov bildirib ki, pozulmuş hüquqlarının bərpasına çalışacaq və yaxın günlərdə ali məktəb rəhbərliyini məhkəməyə verəcək. Problem həllini tapmasa, Avropa Məhkəməsinə müraciət edəcək. ADNA rəhbərliyi isə tələbənin siyasi motivlərlə xaric edildiyini təkzib edir.
|