çap et  
Tehran-Moskva raket bazarlığı
Tehran-Moskva raket bazarlığı
Ruslar malı ləngidir
Şənbə, 20.02.2010

S.Sədrəddin

Buşəhr AES-in işə düşməsi və S-300 zenit-raket qurğusunun İrana ötürülməsini Rusiya günü-günə satmaqla gecikdirir. Maraqlı situasiya yaranıb: RF mütəxəssisləri İranın bu nüvə obyektində 15 ilə yaxındır çalışır və ötən bu müddət ərzində ruslar hər il Tehrana "cari ilin yazında" və ya "payızında" deməklə vaxtı uzadırlar. Bəhanələri isə, məsələn - maliyyə çatışmazlığı, maliyyə böhranı və s.

Moskva götürdüyü öhdəliyi yerinə yetirməyəcəyini də bildirmir. "Acın canı yalançının əlində olar" türk məsəlindəki kimi, Tehran beynəlxalq arenada RF-nin dəstəyinə arxalandığından ruslara qarşı sərt çıxış edə bilmir.

Son prezident seçkisindən sonra İran müxalifətinin çıxışlarında Rusiyaya qarşı şüarlar səslənməkdədir. Amma bu onun yuxarıda bəhs etdiyimiz öhdəlikləri yerinə yetirmədiyi ilə bağlı deyildir. RF rəsmiləri İrandakı seçki saxtakarlığını dəstəklədikləri üçün kəskin şüarlarına tuş gəliblər.

Hələ bir neçə il öncə İran parlamenti üzvlərindən biri bildirmişdi ki, Rusiya tarixən İranı aldadıb. Ona görə həmin deputat ingilislər və amerikalılarla birbaşa münasibət qurmağı təklif edirdi.

Ötən gün bəlli olub ki, Rusiya İrana S-300 zenit-raket qurğusunu verməyib. Tehran bu rəftardan narazı qalıb. Onun Moskva səfiri Mahmudrza Səcəli bəyan edib ki, qurğunu çatdırmağı gecikdirməklə Rusiya öz nüfuzuna zərbə vurur. Onun sözlərinə görə, ABŞ körfəzdə Hava Hücumundan Müdafiə sistemini "müqaviləsiz yerləşdirir". İranlı diplomat İsrailin İranın nüvə obyektlərinə hücumuna münasibət bildirərək deyib ki, İsrail "Həmas" və "Hizbulla"nın öhdəsindən gələ bilmədi və ona məğlub oldu. O deyib ki, yəhudi dövləti İrana hücum edəcəyi halda, "bütün istiqamətlərdən cavab alacaq" və İsrailə qarşı müqavimətdə "İran yalnız olmayacaq".

Rusiya təhlükəsizlik şurası katibinin müavini Vladimir Nazarov bildirib ki, Moskva bu müqavilədən irəli gələn bütün öhdəliklərə əməl edəcək.

S-300 kompleksi ilə bağlı 1 mlrd. dollarlıq müqavilə dörd ildir imzalanıb.

Rusiya hərbi-texniki əməkdaşlıq xidmətləri üzrə federal qurumun direktor müavini Aleksandr Fomin baş vermiş qalmaqaldan sonra bəyan edib ki, S-300 tipli raketlərin İrana ötürülməsi üçün texniki çatışmazlıq mövcuddur (?).

İranın həm atom-nüvə proqramı, həm də raket əldə etməsi ilə bağlı məsələyə ABŞ başda olmaqla onun Qərb müttəfiqləri çox həssas yanaşırlar. Hətta Rusiya İranla bu əlaqələrinə görə qərblilər tərəfindən dəfələrlə qınanıb.

Məsələyə İsrail bərk həssaslıq göstərir. Ehtimal ki, bu səbəbdən də zenit-raket qurğusu ilə bağlı xəbər İsrailin baş naziri Binyamin Netanyahunun Moskva səfəri ərəfəsinə təsadüf edib. Yəhudi dövlətinin hökumət başçısı Moskvaya bu həftənin əvvəlində gəlib. Prezident Dmitiri Medvedyev və baş nazir Vladimir Putinlə görüşüb. Baş nazirin Kremldəki görüşündə həm İranın atom-nüvə proqramı, həm də raket məsələsi müzakirə edilib.

Bu baxımdan ehtimal etmək olar ki, rəsmi Moskva İsrail qarşısında beynəlxalq ictimaiyyətə məlum olmayan öhdəlikləri yerinə yetirdiyini sübut etmək üçün belə bir səfər öncəsi S-300-lə bağlı xəbərin yayılmasında maraqlı olub.