çap et  
Üç teleradio şirkətindən Tehrana ittiham
Üç teleradio şirkətindən Tehrana ittiham
Ölkə rəhbərliyi çağdaş informasiya vasitələrinə dözmür
Şənbə, 20.02.2010

S.Sədi

"Azadlıq" radiosunun xəbərinə görə, Qərbin teleradio şirkətləri - Bi-Bi-Si, "Alman dalğası", "Amerikanın səsi" öz verilişlərinin yayımına yaratdığı süni maneələrlə bağlı Tehranı kəskin qınayıblar.

Üç şirkətin yaydığı birgə bəyanatda qeyd edilib ki, İslam Respublikası onların verilişlərini əngəlləməkdən ötrü "Qotfrid" adlı telekommunikasiya peykinin yardımı ilə "boğucu" elektron siqnallar buraxır.

İran teleşirkət və radiostansiyalarının, eləcə də ingilis və ərəb dillərində yayımlanan verilişləri bu peyk vasitəsilə ötürülür və heç bir maneə ilə rastlaşmır.

"Bi-Bi-Si", "Alman dalğası" və "Amerikanın səsi"nin birgə bəyanatında o da vurğulanıb ki, onların verilişlərinin "boğulması" İrandakı inqilabın 31-ci ildönümü günü və o ərəfədə baş verib.

Bir müddət öncə İranın İnternet saytlara və "Mobil" əlaqələrə qarşı "blok" tətbiq etməsini ciddi qınamışdı. Tehran hakimiyyəti çağdaş informasiya texnologiyasına qarşı dözümsüzlük nümayiş etdirməkdədir. "Frans Press"in məlumatına əsasən, "Google" İnternet şirkəti ötən həftə bəyan edib ki, İrandakı abunəçiləri "Gmail"ə (Google Mail"ə) qoşula bilmir.

Bu yaxınlarda "Wall Street Yournal" yazmışdı ki, İran hakimiyyəti "Gmail" poçt xidmətindən istifadəni ölkə ərazisində dayandırmaq niyyətindədir.

ABŞ Dövlət Depatamenti Tehranın bu addımını kəskin tənqid edib. Qeyd edək ki, bu qərar inqilabın 31-ci ildönümü gününə təsadüf edir. Ötən ilin yayında, seçkinin rəsmi nəticələrinə etiraz aksiyası zamanı ölkə vətəndaşları "Twitter" və "Gmail" kimi çağdaş informasiya vasitələrindən istifadə etmişdilər.

Yeri gəlmişkən, məlumata görə, Çin Xalq Respublikasının da "Google" ilə ixtilafı var. İnternet şirkəti yanvarda bu ölkədə fəaliyyətini dayandıracağını bəyan etmişdi. Buna səbəb kimi çinli hakerlərin Çin hüquq müdafiəçilərinin poçtlarına girməsi və hücumu göstərilib. Bundan başqa, şirkət senzuranın sərt tələbləri ilə razılaşmazsa, o halda "Google"nin Çin ərazisindəki bütün ofisləri bağlana bilər.

Jurnalistələrə dəstək beynəlxalq komitəsi bildirib ki, hazırda (2010-cu il fevralın 1-nə kimi) İranda 47 jurnalist həbsdə saxlanılır. 1996-cı ildən bəri heç bir ölkədə bu sayda KİV mənsubu həbsxanaya atılmayıb.

Məlumatlara görə, ÇXR rəhbərliyi belə bu sayda jurnalisti zindanda saxlamır. Nəzərə almaq lazımdır ki, bu ölkənin əhalisi Çindən 20 dəfə azdır. Komitə təmsilçisi deyib: "Məqsədimiz yalnız rəqəmləri dərc etmək deyil. Biz bununla həm də İrana bildirmək istəyirik ki, dünyanın onun davranışını izlədiyini bilsin".

Həftənin əvvəlində isə Tehran "Bi-Bi-Si" və "Amerikanın səsi" Radiostansiyalarının İran ərazində yayımının dayandırılması barədə qərar çıxarıb.

Şirkətin rəhbərliyi baş verənlərə hələlik rəsmi münasibət bildirməyib.