Hal-hazırda Ayna qəzetinin 20.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 20.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Dağıstanda hakimiyyət dəyişikliyi nə vəd edir
Dağıstanda hakimiyyət dəyişikliyi nə vəd edir
Məhəmmədsalam Məhəmmədovun seçilməsindən dolayı etnomafiyalar susqun düşüb
Şənbə, 20.02.2010

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM)
mətn ölçüsü  

Rusiya prezidenti Dmitri Medvedev ölkə tarixində ilk dəfə olaraq modernləşmə siyasətini gündəmə gətirib. Hakimiyyət və ictimai mühiti ənənəvi psixoloji asılılıqdan qurtarmaqla islahatlar aparılması siyasəti bu prosesin təməl prinsipi hesab olunur. Bu hədəflərə çatmaq üçün regionlar üzrə çox ciddi şəkildə kadr islahatlarına başlanıb. Dmitri Medvedevin Quzey Qafqazda bu addımları atması regional konfliktlərin çözülməsi, klan prinsiplərinə dayanıqlı hakimiyyətlərin çökdürülməsinə doğru atılmış addım sayılır. Artıq Qaraçay-Çərkəz, İnquşetiya, Adıgey və Dağıstan respublikalarında yeni prezidentlərin təyin edilməsi, bu regionlarda ictimai, sosial münasibətlərin, investisiya siyasətinin dəyişməsi modernləşmənin tərkib hissəsi kimi qəbul edilir. Məhəmmədsalam Məhəmmədovun Dağıstan prezidenti təyin olunması həm də Azərbaycan dövləti üçün strateji əhəmiyyət daşıyır.

Qurulan və yandırılan körpülər

Regionda Dağıstan-Azərbaycan münasibətlərini səmimi şəkildə inkişaf etdirən və bütün körpüləri yandırmaq istəyən güclər mövcuddur. 1991-ci ildən 2004-cü ilə qədər Dağıstanı idarə etmiş Dövlət Şurasının sabiq başçısı Məhəmmədəli Məhəmmədov keçmiş Sovetlər Birliyinin dağılmasından sonra Qafqazda siyasi, iqtisadi, konfessional və sosial sahələrdə baş verən anarxiyanın qarşısının alınmasında dərin bir siyasət aparmışdır.

Dağıstanda say tərkibinə və sosial imkanlarına görə üstün mövqelərdə olan 14 xalqın ağsaqqallarından (kumuk, noqay, azərbaycanlı, avar, dargin, tabasaran, lak, aqul, ləzgi, rutul, çeçen-akkin, tat (dağ yəhudiləri), tsaxur və rus) ibarət kollegial şəkildə dövlət idarəetmə prinsiplərini yaratmışdı. Bu müddətdə daxili və xarici qüvvələr Dağıstanda ləzgi-azərbaycanlı, kumuk-lak, avar-kumuk, çeçen akkin-lak, dargin-avar və s. xalqlararası ədavətləri alovlandırmaqla vətəndaş müharibələri üçün zəmin hazırlasalar da, Məhəmmədovun dərin zəkası, dövlətçilik prinsipləri müstəvisində bütün bunların qarşısı alınmışdır. Dağıstan-Azərbaycan münasibətlərində Azərbaycan türkü olan görkəmli dövlət xadimi Seyid Camaloğlunun xidmətləri barədə isə hələ çox tədqiqatlara ehtiyac var. Məhəmmədov Dağıstan-Azərbaycan, Dağıstan-Çeçenistan və digər regionlarla münasibətlərdə çevik siyasət aparmaqla yanaşı, həm də ortaq münasibətlərin dərin körpülərini də qurmuşdu.

2004-cü ildə ilk dəfə Dağıstanda prezident statusu təsdiq olunduqdan sonra bu vəzifəyə milliyyətcə avar olan və "Xunzax klanı"nın ağsaqqalı Muxu Əliyevi o zaman Rusiya prezidenti vəzifəsini daşıyan Vladimir Putin təyin etdi. Çoxları elə düşünürdü ki, uzun illər komsomol və partiya sahəsində rəhbər vəzifələrdə işləmiş, Dağıstan parlamentinin sədri kimi saç ağartmış Muxu Əliyev yaşının bu müdrik çağında regionun uğurları üçün çalışacaqdır. Onun beş illik prezidentliyi çağında Dağıstan Qafqazda ən kriminal regiona çevrildi. Muxu Əliyevin prezident kimi əsas zəif nöqtələrindən biri də rüşvət siyasətinin miqyasının daha da inkişaf etməsi, çiçəklənməsi oldu. Alınan və satılan vəzifələrə təyin olunan məmurlar və onlara arxa olan klanlar onun "oyuncaq prezident" imicinin yaranmasına səbəb olmuşdu.

2004-2009-cu illərdə Dağıstan-Azərbaycan münasibətləri olduqca gərgin səviyyədə oldu.

REKLAM

Muxu Əliyev əsassız yerə daim Azərbaycana qarşı Samur vadisini bəhanə edərək hətta ərazi iddialarını ortaya qoyurdu. O, sanki yüzillər boyu qurulan Azərbaycan-Dağıstan körpülərinin yandırılması missiyasını həyata keçirmək öhdəliyi götürmüşdü.

Yeni prezident - yeni ümidlər

Dağıstanın yeni prezidenti Məhəmmədsalam Məhəmmədovun 45 yaşı var. İqtisad elmləri doktorudur. Dağıstan Dövlət Universitetində uzun müddət kafedra müdiri vəzifəsində çalışıb. Keçmiş Dövlət Şurası sədri Məhəmmədəli Məhəmmədovun oğludur. Mənşəcə dargin milliyyətindən olan yeni prezident eyni zamanda mənsub olduğu etnosiyasi baxışlara görə ən təhlükəsiz gücün təmsilçisidir. Belə ki, darginlərin qonşu region və respublikalara qarşı ərazi iddiaları yoxdur. Buna görə də onlar siyasətin daim konsolidasiya müstəvisində inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər. Buna görə də Məhəmmədsalam Məhəmmədov prezident seçilən gün açıq şəkildə bəyan edib ki, onun fəaliyyət dairəsinə daxil olan əsas prinsiplər qonşu dövlətlərlə, regionlarla normal münasibətləri inkişaf etdirmək, bölgədə yatırım siyasətini gücləndirmək, bütün xalqların maraqlarını nəzərə alaraq ictimai konsolidasiyaya nail olmaq, Dağıstandan kənarda yaşayan işadamlarının, ziyalıların regiona olan maraqlarını həvəsləndirmək, işsizliyin ləğvi və terrorizmin səbəblərini aradan götürməkdir.

Müşahidəçilərin bu yeni prezidentlə bağlı mülahizələrinə görə, Məhəmmədsalam Məhəmmədovun bu yöndə israrlı olması həm də Dağıstanda siyasi ambisiyaların ikinci plana keçməsinə səbəb olacaqdır. Çünki uzun müddət etnomafiya maraqlarına söykənməklə aparılan siyasət Dağıstanda mövcud olan problemlərin əsas mənbəyi hesab olunur. Məhəmmədsalam Məhəmmədovun mövqelərinin güclənməsi digər Quzey Qafqaz regionlarına da öz təsirini göstərə bilər. Belə ki, Ramazan Qədirov (Çeçenistan), Taymuraz Mamsurov (Quzey Osetiya), Arsen Kanokov (Kabarda-Balkar) tipli prezidentlərin uzun müddətdir apardıqları siyasətin iflasa uğramasına səbəb olacaqdır.

Heç də sirr deyil ki, Quzey Qafqaz hadisələri Rusiyanın bir dövlət kimi mövcudluğuna son illər sarsıdıcı zərbələr vurulması ilə müşahidə olunur. Belə ki, Kremli idarə etmiş sabiq sahiblər regionda kütləvi işsizliyə gətirib çıxaran, etnomafiyaların maraqlarına uzlaşdırılmış siyasət yürüdüblər. Buna görə də Quzey Qafqaz regionlarında sosial partlayışlara səbəb olan bir durum yaranıbdır. Əhalinin əksər hissəsi həddən artıq kasıblıq durumunda yaşamağa məcbur edilib. Yaşamaq uğrunda mübarizədə hüquqların müdafiəsi ancaq silah gücünə həll olunur. Buraya etnomafiyalar və radikal vəhhabilərdən ibarət silahlı qüvvələr də daxildir. Halbuki modernləşmə siyasətinin şərtləri daxilində bütün problemləri daha effektiv şəkildə həll etmək çox asandır. Vətəndaşlara yaşamaq və çalışmaq imkanlarını yaratmaq, daxili və xarici yatırımları cəlb etmək, yeni iş yerləri qurmaqla ümumi problemlərin qarşısını almaq heç də çətin olmayan bir işdir. Məhəmmədsalam Məhəmmədovun prezident kimi irəli sürdüyü tezislər məhz bundan ibarətdir.

Etnomafiyalar susdurulur

Dağıstanın sabiq prezidenti Muxu Əliyevi qəbul etməyən, onun əmr və göstərişlərinə əməl etməyən Xasavyurt şəhər icra hakimiyyətinin başçısı Seyidpaşa Umaxanov, "Şeyx Şamil adına Avar Milli Hərəkatı"nın lideri, Rusiya Dövlət Dumasının deputatı Hacı Maxaçev, Dağıstan və Azərbaycan torpaqları hesabına "Ləzgistan ssenarisi"ni alovlandıran Süleyman Kərimov, İmam Yarəliyev, radikal vəhhabilərə məxsus "Camaat-Şəriət Hərəkatı" (yeni lideri İbrahim Hacıdadayev) və digərləri yeni prezidentin, Məhəmmədsalam Məhəmmədovun mövqeyinin sərt olmasına rəğmən hal-hazırda susqun duruma düşüblər. Uzun müddət Dağıstanda "subetnos" siyasətinə söykənən etnomafiyaların arasında da bir pərakəndəlik hökm sürür. Çünki hər hansı vəzifənin, nazirliyin alınıb-satılması prosesi dayandırılıb. Yarıgizli silahlı birliklər qanundan kənar elan olunub. Dağıstanın dotasiylı region statusunun ləğv olunması strategiyasının hədəfləri ortaya qoyulub. Rusiyalı məşhur politoloq Dmitri Badovski bildirib ki, Dağıstanda indiki şəraitdə Məhəmmədsalam Məhəmmədovun prezident seçilməsi həm də regionda ən az konfliktlərə meyilli olması ilə xarakterizə olunmalıdır. Onun fikrincə, çoxmillətli region olaraq Dağıstanda hakimiyyətin uzun müddət kriminal-siyasi qüvvələr tərəfindən idarə olunmasının sonu çatıbdır. Bu yöndə iradə göstərə biləcək çoxsaylı namizədlərin siyahısında Məhəmmədsalam Məhəmmədov bir kadr kimi ən uğurlu seçimdir.

Son günlər belə bir durumdan rahatsız olan və Rusiyanın baş naziri Vladimir Putinə yaxınlığı ilə seçilən, etnomafiyaları təmsil edən bir sıra dağıstanlı zənginlər regiondakı fəaliyyətlərini dayandırmağa məcbur olublar. Halbuki onların maraqlarını təmin edən, prezident kürsüsündə görmək istədikləri namizədlərin lobbiçiliyinə külli miqdarda vəsait xərcləməklə "Dağıstanda əsl cənnət quracaqlarını" elan etmişdilər. Bu sırada antiazərbaycan mövqeyi ilə seçilən milyarder Süleyman Kərimov vəd etdiyi yeni zavod və fabriklərin inşaatını dayandırıbdır.

Gizli savaş alovunun sönməsində Kremlin maraqları

Muxu Əliyevin prezidentliyi çağında Dağıstanda mühüm dövlət vəzifələrində çalışan və xarizmatik xarakterli bir sıra kadrlar terror olunaraq öldürülüblər. Daxili işlər naziri Adilgirey Məhəmmədtahirov, polkovnik Qapiz İsayev, ictimai-siyasi xadimlərdən deputat M.Süleymanov, ticarət naziri B.Hacıyev, Rusiya Dövlət Duması deputatı H.Hacıyev, parlamentin sədr müavini A.Kamayev, baş prokurorun müavini A.Bayramov, Tarumov rayon İH başçısı İ.İvanov, Akuşin rayon İH başçısı X.Abdullayev, Dağıstan müftisi S.Abdullayev, milli siyasət naziri M.Qusayev, strateji araşdırmalar mərkəzinin başçısı Z.Varisov və digərləri terror qurbanları olublar. Son illər demək olar ki, Dağıstanın bütün regionlarında mübahisəli məsələlər, hakimiyyətdaxili çəkişmələr qarşılıqlı terrorlar və teraktlar müstəvisində baş veribdir. Dəmir yollarının, inzibati binaların, strateji obyektlərin tikinsində külli miqdarda vəsaitlərin oğurlanmasını ört-basdır etmək üçün güclü partlayışlar törədilibdir. Yerli bələdiyyə, parlament seçkiləri də qarşılıqlı ittihamlar əsasında terror aktları ilə idarə olunubdur. Dağıstanın ikinci ən böyük şəhəri olan Dərbənddə son mer seçkiləri ərəfəsində 25 gün ərzində 60-dan yuxarı terror hadisəsinin baş verməsi bunun sübutudur. Digər tərəfədən isə radikal islamçı vəhhabilərə məxsus "Qafqaz Xilafət Hərəkatı"nın dinc durmayaraq regionun şəriət qanunları ilə idarə olunması adı altında terrora üstünlük verməsi də əlavə problemlərə səbəb olubdur. Kremlin indiki sahibləri isə bu gizli savaşları durdurmaq, mümkün qədər proseslərin qarşısını almağa tələsir. Buna görə də istinad nöqtəsi kimi modernləşmə, yeni təfəkkürə malik kadr siyasətinə önəm verilməkdədir. Dağıstanda bu yöndə atılan addımlar Quzey Qafqazın digər regionları üçün ən strateji önəm daşıyır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Dağıstan: etnomafiyaların prezidentlik rəqabəti

Dağıstan üzərindən ölkəmizə gizli təhdidlər

Bölmənin digər xəbərləri
 
Cəbhə xəttində "protokol atəşləri"
İrəvanda hərbi-siyasi qrupların qarşıdurması Qarabağ cəbhəsinə keçdi

Azərbaycanla bağlı hesabat martda açıqlanacaq
Söhbət AŞ PA-nın Monitorinq Komitəsinin açıqlayacağı sənəddən gedir

VHR çox kəskin danışdı
İranda teokratik-panfarsist rejimin türklərə qarşı qəddar işgəncələri pisləndi

Birləşək, birləşməyək?
AXCP və Müsavat özlərinin elektoratını parçalamaqla "birlik" ideyasını dəfn ediblər

Berns səfərini yüksək qiymətləndirib
Prezidentlə görüşündə bloggerlərin məsələsinə də toxunulub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər