Dünən Vətəndaş Həmrəyliyi Partiyası 21 fevral Ana Dili Günü ilə bağlı çox kəskin məzmunda bəyanat yayıb. Sənəddə bu ölkədə türklərə edilən zülmlər pislənmişdir.
"Tarixi gedişat bu ərazidə siyasi hakimiyyətin farsların əlinə keçməsinə gətirib çıxarıb. Fars şovinist rejimi nəinki bu məkanın aborigen xalqının türk olmasını qəbul edir, əksinə, bütün inzibati və siyasi resurslarını Azərbaycan türkünün bir millət kimi məhv olmasına yönəldib. Hər il azərbaycanlılara qarşı təqib və təzyiqlər daha da şiddətlənir, öz milli hüquqlarını tələb edən soydaşlarımız həbs olunur, onlar təcridxanalarda ağır fiziki və mənəvi işgəncələrə məruz qalır, milli fəallara məhkəmələrdə ədalətsiz həbs, sürgün və şallaq cəzaları kəsilir, eyni zamanda, hərəkatçılar müəmmalı şəkildə qətlə yetirilir. İran adlanan yerin əhalisinin böyük əksəriyyətinin türk olmasına baxmayaraq, fars şovinizmi onlar üçün bir dənə də məktəb açılmasına imkan vermir. Bir çox hallarda türklərin öz ana dilində danışmaları belə yasaqlanır. Halbuki fars şovinist rejiminin mənafeyinə xidmət edən konstitusiyada belə vətəndaşların ana dilində təhsil almaq, yazıb-oxumaq hüquqları təsbit olunub. Ancaq reallıqda bu öz əksini tapmır". Bəyanatda o da qeyd olunur ki, ana dili haqqı uğrunda mübarizədə həbs olunan, sürgün edilən, zindanlarda çürüdülən, öldürülən soydaşlarımızın sayı minlərlədir:
"Danışmaq, bir-birilə ünsiyyətdə olmaq insanı bütün digər yaradılışlardan fərqləndirən tək xüsusiyyətdir. Tanrı yer kürəsində hər bir millətə yaşamaq üçün ayrıca məkan, coğrafi ərazi ayırdığı kimi, dil, ünsiyyət müxtəlifliyi də verib. Hər bir insanın öz ana dilində danışması, yazıb-oxuması Tanrı tərəfindən verilən haqdır. Fars şovinizmi bu haqqa qarşı da çıxır. Tanrı haqqına qarşı çıxmaq Tanrıya qarşı çıxmaq demək deyil, bəs nədir?".
VHP göstərir ki, fars şovinist rejimi 40 milyondan artıq Azərbaycan türkünü əsarətdə saxlayır və bütöv bir millət farsçılıq ideologiyasının qurbanına çevrilib, hürriyyəti uğrunda savaşan soydaşlarımızın son qisməti zindan, sürgün və ya ölüm olub:
"Şovinist hakimiyyət bir xalqa qənim kəsilib. Xalq həm də Xaliq sözündəndir, Xalqa verilən zülm Xaliqə, Tanrıya asi olmaqdır. Fars şovinist rejiminin din pərdəsi altında törətdikləri yalnız milli haqlara, insanların doğal azadlıqlarına qarşı yönəlməyib. Bu gün fars şovinist rejiminin zindanlarında minlərlə Azərbaycan türkü ölənədək döyülür, təhqir edilir, işgəncəyə məruz qalır. Tarixən dünyanın barış görəvini türklər həyata keçirib. Bu gün İran adlanan yerin məhvi və bölgəyə uzunmüddətli barış, dünyaya bir çox təhlükələrdən qurtuluş üçün də əsas yük türk millətinin üstünə düşər. Türk milli marağına zidd olan böyük güclər belə İran adlanan yerin məhv edilməsində Azərbaycan türkünün böyük rolu olacağını etiraf etməkdədir. Bu gün fars şovinizminə qarşı duran ən böyük güc də məhz Azərbaycan türküdür". Sonda Vətəndaş Həmrəyliyi Partiyası İran adlanan yeri beynəlxalq hüquq normalarına əməl etməyə səsləyərək, Güney Azərbaycan türklərinin haqlarını təmin etməyi tələb edib. Beynəlxalq təşkilatları və insan hüquqlarını müdafiə edən bütün təşkilatları isə Güney Azərbaycan türklərinin haqq tələblərinə yardımçı olmağa çağırıb.
|