çap et  
Azərbaycanla bağlı hesabat martda açıqlanacaq
Azərbaycanla bağlı hesabat martda açıqlanacaq
Söhbət AŞ PA-nın Monitorinq Komitəsinin açıqlayacağı sənəddən gedir
Şənbə, 20.02.2010

İ.Telmanoğlu

Martın 17-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin iclası olacaq. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın AŞ PA-dakı heyətinin rəhbəri Səməd Seyidov bildirib. Səməd Seyidov deyib ki, iclasda Azərbaycan üzrə həmməruzəçi Andres Herkel və Cozef Debono Qrex Azərbaycanın AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi barədə məruzəni təqdim edəcəklər.

Səməd Seyidovun sözlərinə görə, həmin gün Parisdə AŞ PA-da Dağlıq Qarabağ problemi ilə bağlı yaradılan Alt Komitənin fəaliyyəti ilə də bağlı müzakirələr aparılacaq. Səməd Seyidov deyir:

"Alt Komitənin rəhbəri dünyasını dəyişəndən sonra qurum fəaliyyətini dayandırıb. Alt Komitəyə yeni rəhbərin təyin olunması və komitənin aktiv fəaliyyət göstərməsi barədə müzakirələr olacaq. Mən dəfələrlə demişəm ki, biz Avropa Şurasında Dağlıq Qarabağ problemi ilə bağlı daimi müzakirələr aparılmasında maraqlıyıq. Avropa Şurası bu problem həll olunanadək bunu öz diqqətində saxlamalıdır. Mən əminəm ki, bu yöndə işlər aparılacaq".

Səməd Seyidov Alt Komitənin rəhbəri vəzifəsinə namizədlərin adını açıqlamayıb.

Bir müddət öncə həmsədrlər Azərbaycanda səfərdə idilər. Onlar Gəncədə və Bakıda bir sıra görüşlər keçirərək hökumətin AŞ qarşısında götürdüyü öhdəlikləri icra edib-etmədiyi ilə maraqlanıblar. Habelə həmsədrlər Gəncədə eks-prezident Heydər Əliyevin heykəlinin önünə gül də qoyublar.