Cəbhə xəttində "protokol atəşləri"
 |
İrəvanda hərbi-siyasi qrupların qarşıdurması Qarabağ cəbhəsinə keçdi
Şənbə, 20.02.2010
|
|
Ermənistan hərbi birləşmələrinin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə doğru hücuma keçməsi iki məqsədlə bağlı olub: Qarabağ danışıqlarında Ermənistanın siyasi hakimiyyətini "güzəştli mövqe"dən çəkindirmək və Türkiyə - Ermənistan arasında imzalanmış protokolların erməni parlamentində müzakirə edilərək qəbul edilməsinə əngəl törətmək.
Bu barədə "Ayna"ya Rusiyadakı məlumatlı hərbi mənbə bildirib. Məlumatda o da bildirilir ki, bununla da faktik olaraq Ermənistanda siyasi və hərbi hakimiyyət arasında aşkar fikir ayrılığı yaranıb. "Erməni hərbçilər son hücumla Qarabağda atəşkəs rejiminin necə kövrək olduğunu rəsmi Yerevana göstərmək istəyiblər", - deyə mənbə bildirdi.
Ermənistan SQ bölmələri fevralın 18-də Goranboyun Tapqaraqoyunlu, Tərtərin Qızıl Oba və Qapanlı, Ağdamın Yusifcanlı və Cavahirli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
MN mətbuat xidmətindən verilən məlumata görə, sonra atışma geniş miqyaslı xarakter alıb. Nəticədə əsgər Məmmədov Sahil Novruz oğlu, kiçik çavuş Fərəcov Röyal Təşər oğlu, əsgər Rüstəmov David Sultanmuradoviç şəhid olub. Əsgər Adıgözəlov Elvin Murad oğlu isə yaralanıb. Düşmən cavab atəşi ilə susdurulub və itkiyə məruz qalaraq geri çəkilməyə məcbur edilib. Şəhid əsgərlərimiz dünən torpağa tapşırılıb.
"Azərbaycan mövqelərinə hücum ssenarisi Ermənistanın hərbi elitasında çoxdan hazırlanıb. Protokolların erməni parlamentinin komissiyasında müzakirəyə çıxarılmasından bir gün öncə belə bir hadisənin baş verməsi Yerevanda gələcək təlatümlərin əsasını qoyub", - deyə mənbə bildirib ki, son vaxtlar Ermənistanda baş verən hadisələr, aksiyalar ölkə hakimiyyətində ciddi ikitirəliyin başladığını göstərir: "Azərbaycan tərəfi düşmən tərəfindən gözlənilən, istənilən təxribata hazır olmalıdır".
Hadisə baş verən günü Azərbaycan SQ Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıxovun ANS-ə açıqlamasında dedikləri diqqət çəkir. Sadıxov qarşı tərəfin Azərbaycan SQ-nin apardığı təlimlərlə əlaqədar xüsusi fəallaşdığını qeyd edib və xəbəri təsdiqləyib. Sadıxov bildirib ki, Azərbaycan tərəfindən adekvat tədbirlər görülüb.
Dünən MN mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu cəbhədə baş verənlər barəsində APA-ya açıqlama verib. Erməni mətbuatında fevralın 18-də cəbhə xəttində atəşkəsin Ermənistan tərəfindən pozulmadığı və heç bir itki qeydə alınmadığı barədə yazılanlara münasibət bildirən E.Sabiroğlu bunları bildirib:
"Ermənistan həmişə yalan danışmağa adət edib. Bu dəfə də eyni qaydada davrandı. İtkilərini onlar bilərəkdən gizlədirlər. Burada əsas səbəb əhalidən ciddi şəkildə ehtiyatlanmaqdır. Çünki getdikcə orduya qarşı inamsızlıq artmaqdadır.
Ona görə də Ermənistan hərbi rəhbərliyi cəbhədə baş verən cüzi uğursuzluqlarını belə, ictimaiyyətin bilməməsi üçün ört-basdır etməyə çalışır. İndiyə kimi çox nadir halda nəyisə etiraf ediblər. Hətta yerli telekanallara, mətbuata itkilərinin dəfnini işıqlandırmağı yasaqlayıblar".
E.Sabiroğlu deyib ki, əslində fevralın 18-də vəziyyət bu cür olub: "Günortadan başlayan atışma axşam saatlarına qədər davam edib. Saat 18:00 radələrində itkilər, demək olar ki, bərabərləşib. Bundan bir az sonra isə düşmən əlavə bir itki verərək atəşi məcburi qaydada dayandırıb. Beləliklə, cəbhə xəttində sakitlik yaranıb".
Qeyd edək ki, dünən Ermənistan parlamentinin xarici əlaqələr komissiyası Sürix protokolları ilə bağlı müzakirələrə başlayıb. "Panarmenian" agentliyinin xəbərinə görə, komissiyanın "Çiçəklənən Ermənistan" fraksiyasından olan üzvü Ernest Soqomonyan Türkiyənin protokolların qəbulu istiqamətində addım atmayacağı təqdirdə, onların parlamentdə müzakirə olunmasını, ümumiyyətlə, lazımsız hesab edib: "Bu, milli ləyaqət məsələsidir. Qoy əvvəlcə türklər müzakirələrə başlasın. Biz bundan sonra baxarıq hansı addımları atırıq". Komissiyanın qəbul etdiyi ilk qərara görə, məsələyə dair komissiyanın yekun rəyi olmazsa, məsələ parlamentin müzakirəsinə çıxarılmamalıdır.
Komissiya Ermənistan hökumətinin təqdim etdiyi daha bir qanun layihəsinin müzakirəyə çıxarılmasına "hə" deyib. Söhbət "Beynəlxalq razılaşmalar haqqında" qanundan gedir. Yeni qanunda bildirilir ki, beynəlxalq razılaşma Ermənistanın milli maraqlarına zidd olarsa, Yerevan sənəddəki imzasından imtina edə bilər. Ekspertlərə görə, erməni parlamentarları bununla da Türkiyə ilə imzalanmış protokollardan və gələcəkdə Azərbaycanla razılaşdırıla biləcək hər hansı sənəddən imzalarını geriyə götürmək üçün hüquqi baza yaratmaq niyyətindədirlər.
Bakıda səfərdə olan ABŞ dövlət katibinin müavini Uilyam Berns ictimaiyyət üçün ilk görüşündə cəbhə xəttindəki insidentdən və Azərbaycan ordusunun 3 əsgərinin şəhid olmasından xəbərdar olduğunu bildirərək şəhidlərin ailələrinə başsağlığı verib.
Daha sonra Dağlıq Qarabağ münaqişəsindən danışan ABŞ rəsmisi Rusiya, Fransa və ATƏT Minsk Qrupu həmsədrləri ilə birlikdə ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə ilə bağlı Helsinki prinsipləri əsasında işləyərək Dağlıq Qarabağ münaqişəsinin sabit və uzunmüddətli həllini tapmağa çalışdıqlarını bildirib.
"Mənim həmkarım səfir Bradtke tərəfimizdən bu istiqamətdə göstərilən cəhdlərə başçılıq edir. Prezident Obama və xanım Klinton da Minsk Qrupunun fəaliyyətinin, regionda təhlükəsizlik və sabitlik istiqamətində səylərin uğurlu olmasına böyük şəxsi maraq göstərir", - deyə o əlavə edib.
Berns qeyd edib ki, yalnız sülh, sabitlik və tolerantlıq Qafqaz regionunda bütün insanlara fayda verə bilər. "Biz ümid edirik ki, demokratik institutların gücləndirilməsi, insan hüquqlarına hörmət bu ölkənin və regionun gələcəyinə müsbət təsir göstərəcək. Və biz bu istiqamətdə cəhdlərə dəstəyimizi davam etdirəcəyik. ABŞ Azərbaycanla güclü dost ölkədir. Amerika təhlükəsiz, demokratik və firavan ölkənin inkişafı istiqamətində Azərbaycan hökuməti və xalqı ilə yaxından işləməyə hazırdır", - deyə Berns əlavə edib.
Azərbaycan və Türkiyə isə regional təhlükəsizliyin təmin olunmasında birgə fəaliyyətlərini davam etdirirlər. Belə ki, fevralın 22-də Ankarada Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoqu keçiriləcək. Üç gün davam edəcək iclasda Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq...
|
|
|
Oxşar xəbərlər:
Səfirlərin Xankəndi-İrəvan-Bakı turnesi
Qarabağla bağlı forum keçirilib
Vasitəçilər sülhün uzaqda olmadığını söylədilər
Orduda rotasiya problemi
Hərbi vertolyotlarımız cəbhə xəttində uçublar
|
|
|