Bəstəkar Nadir Əzimovun həmkarı Nailə Mirməmmədlinin ünvanına "Çal-çağır" verilişindən işlətdiyi ittihamları xanım sənətçi əsassız saydı. Xatırladaq ki, bir neçə il öncə özünün "Unutuldum" mahnısının nəqaratının Nailə xanım tərəfindən oğurlandığını iddia edən Nadir Əzimov canlı efirdə iddialarını davam etdirib. O bildirib ki, həyat yoldaşı Hikmət Mirməmmədli dünyasını dəyişəndən bəri Nailə xanımın hit mahnısı yazılmayıb. Onun bu açıqlaması müxtəlif versiyalara yozularaq, tamaşaçıda, Nailə xanımın bundan əvvəlki mahnılarının Hikmət bəy tərəfindən yazıldığı fikrini oyatdı. Eyni zamanda o, xanım həmkarının ixtisasının bəstəkarlıq olmadığını önə çəkərək, xor və dirijorluq təhsili aldığını bildirib:
"Adi etika qaydalarından danışmaq istərdim. Əgər mən o verilişdə yoxamsa, adımın müzakirəyə çıxarılması düzgün deyil. Mən Nadir Əzimov üçün uşaq deyiləm, peşəmə görə əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşəm. Əgər o mənim ixtisasıma şübhə ilə yanaşırsa, deməli, fəxri adı da heçə sayır. Çox heyifsilənirəm ki, kaş verilişdən əvvəl Dilarə xanımla əlaqə yaradıb, fikirlərimi ona çatdırardım. O da nə deyəcəyini bilərdi".
"Hikmət Mirməmmədlinin ölümündən sonra hitə çevrilən mahnısının yazılmadığı" fikrinə aydınlıq gətirən Nailə xanım kişi həmkarının yaddaşını təzələməyə çalışdı.
"Hikmətin hələ 40 mərasimi çıxmamışdı, mən ona "Məhəbbət hekayəti" adlı mahnı həsr etdim. Bu günə qədər həmin bəstə aktuallığını itirməyib. Əgər o iddia edirsə Hikmət mahnı yazıb mənə verirdi, onun bu iddiasını bundan sonra yazılmış mahnılarımla alt-üst etmək istəyirəm. Daha sonra mənim Röyanın ifasında "Gəl, ömrümə qayıt", "Ağlama" və s. mahnılarım yarandı. Aşığın sözü qurtaranda "nanay-nanay" deyir", - deyə N.Mirməmmədli bildirdi.
Nailə xanımın əlavəsinə görə, bu intriqanı yaradan məhz Nadir Əzimov olub. İlk dəfə o özü efirə üz tutaraq "mahnı olayını" ortaya atıb:
"İxtisasıma gəlincə, kimin şübhəsi varsa, tanış ola bilər. Bülbül adına orta ixtisas musiqi məktəbinin iki qırmızı diplomu, Pedaqoji Universitetin xor-dirijorluq fakültəsinin diplomu var. Daha sonra mən konservatoriyaya daxil oldum və oranı da qırmızı diplomla bitirdim. Orada Tofiq Quliyevin tələbəsi olmuşam və bəstəkarlıq sənətinə yiyələnmişəm. Tofiq müəllim, məhz mən tələbəsi haqqında AzTV-nin "Gün səhər" verilişində danışdıqları bu günə qədər arxivimdədir. Bunlar tamaşaçıya aydın olsun deyə, sadalayıram. Nadir Əzimov kimdir ki, mən ona hesabat verim? Mənə fəxri ad peşəkar bəstəkar olduğuma görə verilib".
Nailə xanımın fikrincə, Nadir Əzimov bu cür çıxışları ilə özünə deyil, xanım həmkarına reklam qazandırır.
"Çoxları mənim xor-dirijorluq fakültəsini də bitirdiyimi bilmirdilər. Nadir Əzimovun sayəsində bunu öyrəndilər. Nadir Əzimov aranı hələ 2006-cı ildən bulandırmağa çalışır. Bilsəm ki, nə istəyir, nəyi bölüşə bilmir, buna da aydınlıq gətirərəm. Onun da diplomuna baxsınlar da, görsünlər nə yazılıb. Oturub bir mahnısını özü çalıb-oxusun. Görüm bəstəkar kimi öz-özünü təqdim edə bilir, yoxsa yox? Sonra başqası haqqında danışsın".
|