![]() |
çap et |
|
|||
Dünya üzrə auditor rəyinə böyük önəm verilir. Bütün SC-lər, banklar, sığorta şirkətləri, koorporativ idarəetməyə cəlb olunan bütün şirkətlər illik balansı, vergi hesabatlarını təqdim etməzdən öncə məcburi auditdən keçməli, müstəqil audit rəyini açıqlamalıdırlar. Böhran şəraitində müəssisələrin düzgün idarə edilməsi və şəffaflığı yenidən gündəmə gəlib.
Auditorlar Palatasında hesab edirlər ki, bəzi sahibkarlar hələ də əməliyyatları gizli saxlamağa çalışır. Məcburi auditdən ən çox yayınanlar isə SC-lər və MMC-lərdir. Şirkətin bütün maliyyə işlərini qaydaya salmağa imkan verən auditor yoxlamasının xidmət haqqı isə təxminən 1500 manatdır. Palatada hesab edirlər ki, auditə marağı artırmaq və auditdən yayınmanın qarşısını almaq üçün qanunvericiliyin təkmilləşdirilməsi və cərimələrin artırılması vacibdir. MM İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədovun qənaətinə görə, artıq bizim milli şirkətlər özləri yerli və beynəlxalq auditoru cəlb etməklə maliyyə fəaliyyətlərinin yoxlanmasında maraqlı olmalıdırlar. Çünki bu, yaxşı tərəfdaş tapmaq üçün də ən əlverişli yoldur. Şirkətin hansı səviyyədə olmasını auditor rəyi əsasında qiymətləndirmək mümkündür. Bu yolla hər şirkət öz maliyyə faəliyyətinin sözdə deyil, əməldə şəffaf, hesabatlı olduğunu təsdiq etmiş olur: "Belə olan halda həmin şirkətlə xarici tərəfdaşlar etibarlı əməkdaşlığa maraq göstərəcəklər. Öz fəaliyyətini gizlətdikdə isə, əlbəttə, belə bir əməkdaşlıqdan söhbət gedə bilməz". Millət vəkilinin fikrincə, sahibkarların auditdən keçməyə marağının olmaması ilə yanaşı, ölkəmizdə digər problem də mövcuddur. Yəni audit prosesini həyata keçirənlərin bir çoxunun peşəkarlıq səviyyəsi arzuolunan deyil. Daha sərt şəkildə desək, onların əksəriyyəti audit keçirmək iqtidarında deyilmiş: "Şəxsi təcrübəmizdə gördüyüm bir faktla fikirlərimə aydınlıq gətirmək istəyirəm. Neçə illərdir ki, "Avtoqarant" SC-nin 30 faizlik səhm payına malik səhmdarıyam. Məndən əlavə həmin cəmiyyətin 110 nəfər səhmdarı da var. Onların hüquqlarının qorunmasında nə qədər əziyyət çəkmişəm. Ötən müddətdə çətinliklə də olsa, müəssisədə müstəqil audit aparmağa nail olduq. Səhmdarlara vurulmuş 1 milyon manata yaxın ziyan aşkarlanıb. Məhkəmə rəhbərlik qarşısında tələb qoysa da, həmin zərərin ödətdirilməsinə nail ola bilmirik. Açıq-aşkar müstəqil auditor rəyi olduğu bir halda, qarşı tərəfin seçdiyi auditor sifarişli başqa rəy ortaya çıxarır. Bu da nəticə etibarı ilə müstəqil, şəffaf fəaliyyət göstərən auditorları nüfuzdan salır. Onlar bu problemlə üzləşməmək üçün düzgün işləməli, obyektiv rəy verməlidirlər. Audit institutunun düzgün işləməsinə əngəl yaradılmamalıdır". Yeri gəlmişkən, müstəqil auditə maraq oyatmaq üçün şirkətlərin beynəlxalq mühasibatlığa keçməsi də əsas şərt hesab edilir. Standartların qəbulu azdır. Ən əsası onları həyata keçirməkdir. Nazim Məmmədov ilk növbədə dövlət müəssisələrinin bu standartlara keçməsini məqsədəuyğun sayır: "Hər halda, ölkəmizdə maliyyə intizamını yaratmaq üçün dövlət müəssisələrindən başlamalıyıq. Dövlət müəssisələrinin büdcəyə ilbəil ödədiyi vəsaitlərin azalmasını müşahidə edirik. Bu, auditin düzgün aparılmadığı ilə bağlıdır. Onlar deyə bilər ki, hər il auditdən keçirik. Ancaq fikir versək, hansı auditə cəlb olunublar, hansı rəyləri yazdırıblar, hər şeyin göz önündə olduğu məlum olacaq". Söhbət əsnasında Nazim Məmmədov dedi ki, iri vergi ödəyiciləri ilə bağlı məsələ ilbəil Milli Məclisdə qaldırılır. Amma nəticə yoxdur. Odur ki, millət vəkili bu sahədə islahatların dərinləşməsini təklif edir. |