"Bu il Azərbaycanda "Ekologiya ili" elan edilib. Biz bütün il ərzində və ondan sonrakı illərdə ekoloji məsələlərin həllinə böyük diqqət göstərməliyik".
Bu sözləri dünən ölkə başçısı İlham Əliyev ekoloji problemlərə həsr olunmuş müşavirədə giriş nitqində söyləyib. Dövlət başçısı qeyd edib ki, artıq uzun illərdir ki, ölkədə bu istiqamətdə işlər görülür:
"Azərbaycan iqtisadiyyatı son illər ərzində dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Bunu həm iqtisadi göstəricilər əyani şəkildə sübut edir, eyni zamanda, Azərbaycanda görülən işlər göz qabağındadır. Bizim iqtisadiyyat 6 il ərzində təxminən 3 dəfə artıbdır. Bu, dünyada analoqu olmayan inkişafdır. Hətta bütün dünya üçün ağır olan 2009-cu ildə bizim iqtisadiyyatımız 9,3 faiz artıb. Ümumi daxili məhsulun artması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlıdır, çoxşaxəlidir və uğurludur".
Müşavirədə çıxış edən Bakı İH başçısı Hacıbala Abutalıbov isə bildirib ki, paytaxtda qeydiyyatda olan 549 min 511 avtomobilin 80 faizi Avro-3 və Avro-4 standartlarına uyğun deyil. Onun sözlərinə görə, həmin avtomobillərdən atmosferə normadan artıq zəhərli maddələr buraxılır. İH başçısı hesab edir ki, xaricdən avrostandartlara uyğun olmayan avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin qarşısını almaq və 10-15 il əvvəl istehsal olunmuş köhnə, yararsız, ekoloji standartlara cavab verməyən, istismar müddətini başa vurmuş avtonəqliyyat vasitələrinin tədricən istismardan çıxarılması və eyni zamanda, yeni avrostandarta uyğun yanacaq istehsalının artırılması paytaxtın ekologiyasının qorunmasına gətirib çıxara bilər.
Prezident İlham Əliyev isə müşavirədəki yekun nitqində bildirib ki, Azərbaycanda atmosferin mühafizəsi üçün ciddi tədbirlər görülür: "Verilən məlumata görə, 2000-2008-ci illər ərzində avtomaşınların sayı 423 mindən 823 minə qədər artıb. Bu, özlüyündə, əlbəttə ki, havanın çirklənməsi üçün əsas amillərdən biridir. Biz avrostandartlara keçməliyik. Bu ildən bu istiqamətdə göstəriş verilib. Biz "Avro-2" və ondan sonra "Avro-3", "Avro-4", "Avro-5" səviyyəsinə çatmalıyıq. Bu sahədə vəziyyəti tam şəkildə Avropa standartlarına uyğunlaşdırmalıyıq".
|