Azərbaycan politoloqları "ATƏT-in yeni sədri Kanat Saudabayevin Cənubi Qafqaz regionuna ilk səfəri: imkanlar və proqnozlar" mövzusunda diskussiya keçiriblər. Görüşdə iştirak edən Qazaxıstanın Azərbaycan səfirliyinin müşaviri Şamil Stamkulov ölkəsinin ATƏT-ə sədrliyi dövrünün prioritetlərini xatırladaraq deyib ki, bu öncəliklər arasında həlli uzanan münaqişələr xüsusi yer tutur: "Bu məsələlər ilk növbədə Azərbaycanda müzakirə olunacaq. İlk səfəri Azərbaycana etməyin kifayət qədər yüksək siyasi mənası var".
Diplomat bildirib ki, ilk növbədə icmalar arasında aparılacaq dialoqun formulunun tapılması məsələsi müzakirə ediləcək: "ATƏT-ə sədrlik etdiyimiz dövrdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı neytral mövqe tutacağıq ki, bizi türk həmrəyliyində təqsirləndirməsinlər. İcmalar arasında işin başlanması çox vacibdir. Mənə elə gəlir ki, Qazaxıstan əsas diqqəti bu məsələnin üzərinə salacaq".
Qazaxıstan ATƏT-ə sədrliyi zamanı münaqişələrin həlli məsələsində ATƏT və beynəlxalq ictimaiyyət tərəfindən əldə olunmuş mexanizmlərdən istifadə edəcəyini deyən Ş.Stamkulov bəyan edib ki, Qazaxıstanın mövqeyi ondan ibarətdir ki, nizamlanma prosesində ilkin prinsip ərazi bütövlüyünün qorunması, sonra isə öz müqəddəratını təyin etmə olmalıdır.
Politoloq Fikrət Sadıxovun fikrincə, çətin ki, Qazaxıstan situasiyanı dəyişə bilsin: "Ən böyük gözləntimiz Dağlıq Qarabağ ətrafındakı 7 rayonun azad olunmasıdır".
Zərdüşt Əlizadə hesab edir ki, Dağlıq Qarabağ ermənilərinə konkret muxtariyyət modeli təklif olunmalıdır ki, iki icmanın orada effektiv birgə yaşamı təmin edilsin. O da hər kəsi realist olmağa çağırıb və Qazaxıstanın ATƏT-ə sədrliyindən əhəmiyyətli irəliləyiş gözləmədiyini söyləyib.
Rasim Ağayev isə bildirib ki, özünü əhəmiyyətli oyunçu kimi göstərmək üçün Qazaxıstan yaxşı şans əldə edib. Oqtay Sadıxzadə isə bu fikirdədir ki, münaqişələrin həllinin uzanması ATƏT-in özünün nizamnaməsindəki ziddiyyətdən irəli gəlir. Azərbaycanın beynəlxalq hüququn ikili standartlarının qurbanı olduğunu vurğulayan politoloq beynəlxalq sənədlərdə dəqiq mexanizmin olmadığını xatırladıb.
|