Sonuncu plastik əməliyyatından bir neçə həftə keçib. Rəqsanə, nəhayət, yaradıcılıq planları barədə düşünür. Azərbaycanda plastik əməliyyatlar üzrə rekord qıran qadınlar sırasında olan bu sənətçi hələ də arzuladığı gözəlliyə nail olmadığını düşünür. Bu səbəbdən ilin bir neçə həftəsini əməliyyat stollarında keçirir. Necə deyərlər, niyyətin hara, mənzilin ora.
Sənətçinin açıqlamasına görə, sonuncu əməliyyatdan sonra onun üzündəki məsamələr bir qədər də aradan qalxıb. Artıq səhnəyə qayıtmaq vaxtının yetişdiyini düşünən müğənni yaradıcılıq planlarından söz açıb. Bildirib ki, tezliklə mahnılarından biri ekranlaşdırılacaq. Həmin mahnı "Sən mənimsən, mən də sənin" adlanır. Mahnının musiqisini özü yazıb, ekran həllini isə rejissor Kənan M.M-yə həvalə edib.
Müğənni arzulayır ki, mövsümə uyğun olaraq klipdə qar görüntüləri əksini tapsın. Lakin paytaxtda bunun bir o qədər asan olmadığını nəzərə alıb, çəkiliş qrupu ilə birlikdə Gədəbəyə yollanmaq qərarına gəlib.
Rəqsanə eks-prodüseri ilə işləmək qərarındadır. Yolları bir neçə il öncə ayrılan Rəqsanə və Təranənin arasındakı buzlar, demək olar, əriyib. Müğənnidən keçmiş prodüserinə bir neçə ay öncə ünvanlanmış təklif ötən ayın sonlarında müsbət həllini tapıb. Artıq baş-başa verib, yeni planlar hazırlayan müğənni və yardımçısı daha bir açıqlama verdilər. Öyrəndik ki, Rəqsanə muğam dərsləri alır. Onun müəllimi isə xanəndə Elnarə Abdullayevadır. Əsas muğamların sirlərinə yiyələnmək arzusunda olan Rəqsanə bunu yaradıcılığına aşılayacağını deyir. Onun xalq üslubunda nə vaxt oxuyacağını isə hələ özü də dəqiq bilmir.
|