Azəri qızı Günellə iş adamı Rza Zərrabın söz savaşı davam edir. Tərəflərin ittihamları onların keçmişi ilə bağlı bir çox məqamları ortaya qoyub. İndi isə danışan Günelin atası Rəhman Zeynalov oldu. O, yerli mətbuata bəzi açıqlamalar verib. Bildirib ki, Rza bir əldə iki qarpız tutmaq istədi. Günel isə "mən özümü küçədən tapmamışam ki, sən onunla bərabər olub, məni sevəsən" deyib. O, Günellə Rzanın 15-16 yaşlarından bir-birlərini sevdiklərini söyləyib. Rzanın o qadın - Ebru Gündeşlə münasibətləri yarandıqdan sonra Günel onunla münasibətləri kəsib". Türkiyənin KİV-ində bu mövzuda yer alan məlumatların, qalmaqallı xəbərlərin həqiqətə uyğun olmadığını deyən R.Zeynalov hesab edir ki, həmin qəzetləri Rza "alıb": "Bu səbəbdən də həmin qəzet və jurnallar yalnız Rzanın sözlərini dərc edir". Günelin atası Rzanı ölümlə hədələməsinə dair məlumatları da təkzib edib: "Rza guya onun evində yaşadığımızı bildirir. Lakin biz yaşadığımız evi özümüz kirayələmişik və pulunu özümüz ödəyirik. Məndə bunu sübut edən bütün sənədlər var. Pişiyin ağzı ətə çatmayanda onu iylənmiş adlandırır. Rza həmin pişikdir. Günel onu xəyanətinə görə qəbul etməyib. Bütün ötən ili o barışmaq üçün qapımıza gəlsə də, Günel fikrindən dönməyib. Məndən də dəfələrlə onları barışdırmağımı istəyib. Lakin mən Rzaya bildirmişəm ki, hisslərini dəqiqləşdirsin və kiminlə bir yerdə olmaq istədiyi ilə bağlı qərar versin. Ebru Gündeşin sevgilisi mənim qızımla evlənə bilməz. Mənim qızım küçə qızı deyil ki, onunla elə-belə görüşsün". Sözünün davamında R.Zeynalov yaxın iki həftə ərzində məsələyə məhkəmədə aydınlıq gələcəyini də söyləyib. Xatırladaq ki, hər iki tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət edib.
|