Hal-hazırda Ayna qəzetinin 13.02.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 13.02.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Ordunun aynası  
 
 
Parlamentin ordu üzərində səlahiyyətləri artırılacaqmı?
Parlamentin ordu üzərində səlahiyyətləri artırılacaqmı?
NATO təcrübəsi qanunverici orqan qarşısında geniş perspektivlər açır
Şənbə, 13.02.2010

Cəsur Sümərinli mətn ölçüsü  

Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına keçidi çərçivəsində hesabatlılıq və şəffaflıq prinsiplərinin tətbiqi əsas hədəflərdən biridir. Bu barədə "Ayna"ya Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (IPAP) gerçəkləşməsinə məsul olan işçi qrupundan bildirilib.

Məlumata görə, hazırda hökumətlə NATO arasında Milli Məclisin müdafiə və təhlükəsizlik sektorunda perspektiv fəaliyyət istiqamətlərinə dair müzakirələr gedir və danışıqlarda Silahlı Qüvvələrə parlament nəzarətinin tətbiqinin orduda islahatlar prosesini irəli apara biləcək əsas amil olduğu qeyd edilir. Hazırda müzakirələr konkret olaraq ordunun parlament qarşısında hesabatına dair Qərb modelinin tam və ya qismən şəkildə Azərbaycana tətbiq olunmasından gedir.

Qərb modeli nə vəd edir?

Qərb modelinə görə, təhlükəsizlik sektoruna parlament tərəfindən demokratik nəzarətin təmin olunmasında işlədilə biləcək üsul və ya vasitələr əsasən aşağıdakılardan ibarətdir:

- Parlamentin ümumi səlahiyyəti qanun aktları qəbul edilməsi, qanunları yenidən yazmaq və ya onlara dəyişiklik etmək, icra aparatının üzvlərinə sorğular göndərmək, icra aparatının üzvlərini parlament iclaslarına ifadə vermək üçün dəvət etmək, hərbi personalı və mülki qulluqçuları parlament iclaslarında ifadə vermək üçün dəvət etmək, mülki ekspertləri parlament iclaslarında ifadə vermək üçün dəvət etmək, icra aparatından müvafiq sənədləri əldə etmək, parlament istintaqını həyata keçirmək, dinləmələr təşkil etmək və s. daxildir.

- Parlamentin büdcə nəzarəti mexanizmlərinə isə bütün büdcə sənədləri haqqında məlumat əldə edilməsi, müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı büdcənin nəzərdən keçirilməsi və düzəlişlər etmək hüququ, büdcə yoxlamaları proqramları, layihələr və hər hansı bir büdcə maddəsi üzrə yoxlamaların aparılması, hər hansı bir əlavə müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı büdcə təkliflərini təsdiq və ya rədd etmək hüququnun verilməsi və s. daxildir.

- Sülh missiyaları/xaricdə qoşunların yerləşdirilməsi: parlamentin təsdiq və ya rədd etmək hüququna qoşunların xaricə göndərilməsindən əvvəl qərar qəbul olunması prosesində iştirak etmək, missiyanın mandatı, BMT-nin mandatının təmin olunması, missiyanın büdcəsinin təsdiqi, cəlb olunmuş hərbi personalın yarada biləcəyi təhlükələrin öyrənilməsi, iştirakın qaydalarının müəyyənləşdirilməsi, əmr/nəzarətin məqsədi, missiyanın müddəti ilə bağlı məsələlər, missiyada təmsil olunmuş qoşunlara baş çəkmək hüququ və s. daxildir.

- Alğı-satqı məsələlərinə dair parlamentin hüquqlarına aşağıdakılar daxildir: alğı-satqı qərarları ilə bağlı icra aparatının parlamentə tam məlumat verməsi öhdəliyi, müqavilələri təsdiq və ya ləğv etmək hüququ, alğı-satqının aşağıdakı mərhələlərinin nəzərdən keçirilməsi: 1. Yeni avadanlığa olan ehtiyacın dəqiqləşdirilməsi, 2. İstehsalçıların müqayisə edilərək seçilməsi, 3. Kompensasiya və güzəşt təkliflərinin qiymətləndirilməsi.

- Ümumi müdafiə və təhlükəsizlik siyasəti: təsdiq və ya rədd etmək hüququna isə təhlükəsizlik siyasəti və böhranları idarəetmə konsepsiyaları, güc strukturları ilə bağlı sənədlər, hərbi strategiya/doktrinanın qəbul edilməsi hüququ və s. daxildir.

- Müdafiə/təhlükəsizlik personalı ilə bağlı parlamentin toxuna biləcəyi məqamlara personal planını təsdiq və ya rədd etmək hüququ, personalın ən yuxarı say həddini müəyyənləşdirmək hüququ, yüksək hərbi təyinatları (məsələn, heyətin rəhbəri) təsdiq və ya rədd etmək və ya məsləhət edilmək hüququ və s. daxildir.

Deputatların əsas problemləri

Araşdırmalar göstərir ki, müdafiə və təhlükəsizlik sahəsində Azərbaycan parlamentarlarının bilik və təcrübələrinin artırılması üçün bir sıra beynəlxalq mexanizmlərdən istifadə olunmasına və hazırda tətbiq edilən üsulların təkmilləşdirilməsinə ehtiyac var. Nəzərə alınmalıdır ki, bir sıra Qərb təcrübələrini misal tutaraq Milli Məclisin müdafiə və təhlükəsizlik sektorunda fəaliyyətinin təkmilləşdirilməsi üçün IPAP-da da bir sıra tövsiyələr nəzərdə tutulur. Ümumilikdə Qərb təcrübəsindən aşağıdakı bir sıra məqamları Azərbaycan parlamentinin fəaliyyətinə tətbiq etmək mümkündür:

1. Milli Məclisin Müdafiə və Təhlükəsizlik məsələləri üzrə Komitəsinin daxilində bölünmənin aparılması zəruri görünür: komitə müvafiq olaraq strateji, alğı-satqı, kadr məsələləri, büdcə və sülh missiyaları kimi yarımkomissiyalara bölünə bilər. Qərbdə belədir: təcrübə göstərir ki, belə olduğu halda komitə daha fəal işləyir.

Amma müşahidələr göstərir ki, Azərbaycan parlamentinin qeyd edilən komitəsi son illər müdafiə və təhlükəsizlik sektoru ilə bağlı qanunvericilik aktlarının qəbul edilməsi prosesində məhsuldar işləsə də, onun fəaliyyəti elə bununla da yekunlaşır.

REKLAM

Komitə hərbi sektorla bağlı nə büdcə məsələlərinə, nə kadr siyasətinə, nə də digər aktual proseslərə, məsələn, müdafiə sektorunun ehtiyaclarının ödənilməsi üçün vaxtaşırı keçirilən və cəmiyyət üçün qapalı olan alğı-satqı - tender məsələlərinə müdaxilə və nəzarət edə bilir.

Ötən illərin təcrübəsi göstərir ki, MM Müdafiə və Təhlükəsizlik məsələləri üzrə Komitəsində təmsil olunan millət vəkillərinin əksəriyyəti qeyd edilən istiqamətlər üzrə biliklərə malik deyillər və yaxud onlara bu sahələr üzrə necə işləməyin zəruri olması vərdişləri yaddır. Söz yox ki, bu və qeyd edilməyən digər məsələlər Azərbaycan parlamentinin Silahlı Qüvvələr üzərində nəzarətinin reallaşmasına mane olan vacib amillərdən biridir.

2. Ordu üzərində parlament nəzarətinin dünyada mövcud olan müsbət ənənələrini öyrənmək və onu Azərbaycana tətbiq etmək bu gün olduqca zəruri görünür. Bu səbəbdən parlamentin qeyd edilən komitəsində və fəaliyyəti müdafiə və təhlükəsizlik sektoru ilə bağlı olan digər komitələrdə təmsil olunan millət vəkillərinin milli və beynəlxalq seminarlarda iştirak etmək, tədqiqat səfərlərinə getmək, təhlükəsizlik xidməti müəssisələrinə səfər etmək və təlim məşğələlərində iştirak etmək, beynəlxalq parlament assambleyalarının sessiyaları kimi tədbirlərdə müxtəlif ölkələrin millət vəkilləri ilə təcrübə mübadiləsi aparması zəruri görünür.

Ötən il Azərbaycan parlamentinin Müdafiə və Təhlükəsizlik məsələləri üzrə Komitəsinin deputatları yuxarıda qeyd edilən məqsədlərin reallaşması ilə bağlı xarici ölkələrdə 30-a yaxın səfərdə olublar. Bu səfərlərin reallaşmasına dövlət büdcəsindən 200 min manatdan artıq vəsait xərclənib. Amma səmərəlilik hələ də ortada deyil: Azərbaycan parlamenti müdafiə və təhlükəsizlik sektoru ilə bağlı məsələlərdə qərbin qanunvericilik təcrübəsinin ölkədə tətbiqinə çox gec gedir, proses bilərəkdən və ya bilməyərəkdən ləngidilir.

3. Qərbdə parlamentin müdafiə və təhlükəsizlik siyasətinin qurulmasında birinci vacib şərt bilirsinizmi nədir? Bacarıqlı və kifayət qədər müxtəlif professional parlament heyətinə malik olmaq. Müşahidələr göstərir ki, Azərbaycan Milli Məclisində müdafiə və təhlükəsizlik sektoru ilə bağlı bacarıqlı, savadlı və professional kadrlar olduqca azdır, bəlkə də barmaqla sayılacaq dərəcədədir.

MM Müdafiə və Təhlükəsizlik məsələləri üzrə Komitəsində təmsil olunan bir sıra deputatların sessiyalar zamanı bəsit çıxışları, bəsit yanaşmalar, problemin kökünü anlamamaları, KİV-də profesionallıq göstəricisi olmayan çıxışları istehza və təəccüb doğurur. Vətəndaşda haqlı olaraq sual yaranır: doğrudanmı bu deputat Azərbaycanın müdafiə və təhlükəsizlik strategiyasını müəyyənləşdirən şəxslərdən biridir? Ardınca digər sual: bəlkə bu işləri başqa birisi görür?

4. NATO ölkələrində parlamentin müdafiə və təhlükəsizlik sektorunda məhsuldar fəaliyyəti, nəzarət mexanizmlərini tətbiq etməsi üçün davamlı informasiya təminatı vacibdir. Güc strukturları parlamenti daim informasiyalarla təmin etməlidirlər. Təəssüf ki, Azərbaycan parlamentində hadisələr belə cərəyan etmir, bəzən millət vəkilinin güc strukturları qarşısında qaldırdığı məsələyə, göndərdiyi suala cavab belə verilmir. Bu bir yana qalsın, bir çox hallarda təhlükəsizlik sahəsi ilə əlaqədar beynəlxalq və milli müqavilələrin ratifikasiya mətnlərinin, müqavilə iştirakçılarının monitorinq qurumlarının hesabatlarının milli dildə millət vəkillərinə çatdırılması məsələlərində də problemlər var. Bəzən deputatlar tanış olmadıqları sənədlərə səs verirlər, bir çox hallarda millət vəkilləri beynəlxalq monitorinq qurumlarının Azərbaycanın müdafiə və təhlükəsizlik sektoru ilə bağlı hesabatları ilə yalnız mətbuatdan tanış olur.

5. NATO ölkələrinin təcrübəsində təqdir olunan əsas məsələlərdən biri deputatların qeyri-hökumət təşkilatlarından, koalisiyalardan, universitetlərdən, tədqiqat mərkəzlərindən, xarici mütəxəssislərdən, ehtiyatda olan Silahlı Qüvvələr zabitlərindən məsləhətlər almasının təmin olunmasıdır. Azərbaycan parlamentinin müvafiq komitəsinin bu istiqamətdə fəaliyyəti, təəssüf ki, gözə dəymir. Elə mühit formalaşdırılıb ki, guya QHT-nin və ya mütəxəssislərin millət vəkili ilə görüşməyə ehtiyacı var, nəinki millət vəkilinin.

Azərbaycan parlamentinin tarixində indiyə kimi millət vəkillərinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə ölkənin müdafiə və təhlükəsizlik sektoru ilə bağlı aktual məsələlərdə intensiv, davamlı müzakirələr aparmaq, məsləhətləşmələr keçirmək təcrübəsi olmayıb. Heç bunun mexanizmi də ortada deyil.

Bu gün millət vəkillərinin QHT-lər, hərbi ekspertlərlə təması, demək olar ki, əksər hallarda KİV vasitəsilə baş verir. Vətəndaş cəmiyyəti ölkənin müdafiə və təhlükəsizlik sektoru ilə bağlı aktual problemləri KİV-ə açıqlayır, millət vəkilləri isə bunları götürüb istifadə etməyə çalışırlar. Lakin Qərb təcrübəsi göstərir ki, hər şey əksinə olmalıdır. Hər hansı məlumat mətbuata çıxmazdan əvvəl millət vəkilində olmalıdır, millət vəkili buna səy göstərməlidir.

6. Qərbdə belə maraqlı təcrübə də var: hər il parlamentin müvafiq qurumu (çox vaxt komitənin yarımkomissiyaları) tərəfindən təhlükəsizlik sektoru ilə əlaqədar araşdırılacaq iki, yaxud üç mövzu seçilir, bu mövzular araşdırıldıqdan sonra geniş hesabat hazırlanır və sənəd komitənin, sonra isə parlamentin müzakirəsinə çıxarılır.

Müvafiq qurumun araşdırmanın aparıldığı müddətdə Silahlı Qüvvələrin bazalarına və təhlükəsizlik sektorunun digər müəssisələrinə səfər etmək, Prezident Aparatından, hökumətdən, yaxud hərbi personaldan məxfi və tamamilə məxfi sənədlər də daxil olmaqla bütün müvafiq informasiyaları toplamaq, Prezident Aparatı, hökumət rəhbərləri, yaxud hərbçilərdən, eləcə də vətəndaş cəmiyyəti qurumlarından məlumat əldə etmək, açıq və yaxud qapalı müzakirələr keçirmək hüququ vardır.

Azərbaycanın parlamentinin müvafiq komitəsinin tarixində bu kimi hallara rast gəlinməyib. Halbuki ötən illər ərzində, eləcə də bu il (Müdafiə Nazirliyinin Daşkəsəndəki hərbi hissəsində) baş verən faciə müdafiə və təhlükəsizlik sektorunda baş verən bir çox hadisələrin müvafiq komitə tərəfindən ciddi şəkildə araşdırılması üçün əsas verirdi. Həm də nəzərə alınmalıdır ki, Azərbaycan parlamentinin müvafiq komitəsinin fəaliyyətində əsas məhdudiyyəti yaradan amil bir sıra deputatların hərbi hissələrə araşdırıcı səfərlər etməsi niyyətinə güc strukturları tərəfindən rəsmi və ya qeyri-rəsmi maneçiliyin törədilməsi ilə bağlıdır.

7. Qərb təcrübəsində diqqət çəkən məqamlardan biri parlamentdə təhlükəsizlik məsələləri ilə əlaqədar bütün partiyaların təmsil edildiyi qrupun yaradılmasıdır: bu cür qapalı yığıncaq bir çox hallarda sözügedən məsələlərlə bağlı qeyri-rəsmi tədqiqat mərkəzi kimi fəaliyyət göstərir. Azərbaycan parlamentində bunun tətbiqi nəinki yaxın vaxtlarda, hətta proqnozlaşdırıla biləcək gələcəkdə də mümkün görünmür. Ən azı ona görə ki, ümumilikdə ölkədə müxalifət-iqtidar münasibətləri hələ də yoluna qoyulmayıb...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

Orduda rotasiya problemi

Ermənistan ordusunun çağırışçı problemi

Mediaya "farağat" komandası?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər