Qardaşını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Qəbələ sakini Elnur Kərimovun məhkəməsi başa çatdı. Rayonun Vəndam qəsəbə sakini olan Elnur Kərimov 2009-cu ilin oktyabrında qardaşı Seymuru mübahisə zəminində bıçaqla qətlə yetirib.
Məhkəmə prosesində təqsirləndirilən şəxs qismində ifadə verən Elnur Kərimov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi. İfadəsində göstərdi ki, qardaşı Seymura məxsus DVD-ni müvəqqəti istifadə etmək məqsədilə öz evinə aparıb:
"Bir neçə saatdan sonra qardaşım mənə zəng edərək, söyüş söyməyə başladı və DVD-ni təcili geri qaytarmamı tələb etdi. Mən də DVD-ni götürərək, geri qaytardım. Həyətdə məni anam Məleykə, atam Qərib qarşıladı. Onlar məni içəri buraxmadılar. Bu zaman anamın üzündə qızartıları görərək, nə baş verdiyini soruşdum. Anam isə DVD-ni apardığım üçün Seymurun onu döydüyünü bildirdi. Mən də DVD-ni qapıda onlara verərək, geri qayıtdım".
Təqsirləndirilən şəxsin sözlərinə görə, bir neçə dəqiqədən sonra Seymur yenidən ona zəng edib və DVD-ni qapıda qoyaraq, qaçmasının səbəbini soruşub. Onun ifadəsinə görə, qardaşının bu cür hərəkət etməsini dəqiqləşdirmək üçün onunla görüş təyin edib:
"Mən Seymurla münasibətləri aydınlaşdırmaq üçün qeyd etdiyimiz ünvana yollandım. Orada anamı və atamı da gördüm. Seymurdan nə səbəbə anamı döyməsini soruşdum, cavab olaraq, ondan yenə də təhqiramiz ifadələr eşitdim. Lakin onun ifadələrinə məhəl qoymayaraq, getmək istərkən Seymur maşınımı daşa basdı. Bundan əsəbiləşərək, özümdə olan bıçaqla onun döş qəfəsinə bir zərbə vurdum".
Elnur Kərimov daha sonra ifadəsində qeyd etdi ki, Seymurun əvvəllər də anasını əsassız yerə döydüyünü və buna görə dəfələrlə onunla görüşmək istədiyini bildirsə də, qardaşı onun tələblərinə əhəmiyyət verməyib. Mərhumun və təqsirləndirilən şəxsin atası Qərib Kərimov məhkəmədə verdiyi ifadəsində müttəhimlər kürsüsündə olan oğlundan şikayətçi olmadığını bildirdi. O, məhkəmədən oğluna daha yüngül cəzanın verilməsini istədi.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Elnur Kərimov 12 il müddətinə azadlıqdan məhrum edildi.
|