Növbəti Davos iqtisadi forumu öz işini yekunlaşdırdı. Forumda bir sıra məsələlər müzakirə olunsa da, diqqətçəkən məqamlardan biri də qlobal maliyyə böhranının yeni dalğasının gəldiyi ilə bağlı səslənən fikirlər oldu. İqtisadçılar qlobal maliyyə böhranının daha bir dalğasını mümkün sayırlar. Davos iqtisadi forumunda belə bir fikir səsləndi ki, qlobal maliyyə böhranının yeni mərhələsində şirkətlər deyil, dövlətlər müflis olacaq.
Söhbət ondan gedir ki, dövlətlər şirkətləri düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün büdcədən müəyyən vəsaitlər ayırır. Bu da nəticədə dövlətin üzərinə düşən sosial öhdəlikləri yerinə yetirməsində problemlər yaradır. Artıq Avropada və bir sıra digər dövlətlərdə maliyyə gəlirləri aşağı düşüb. Həmin dövlətlər öz sosial öhdəliklərini yerinə yetirməkdə problemlə üzləşiblər. Yəni böhranın bu mərhələsi maliyyə qıtlığı ilə müşahidə olunacaq.
Böhranın növbəti dalğasının Azərbaycan iqtisadiyyatına təsirinə gəldikdə, iqtisadçılar bunu ölkəmiz üçün ciddi təhlükə saymırlar. Ona görə ki, 2010-cu ildə sosial öhdəliklərin yerinə yetirilməsində problemlər yaşanmayacaq.
Amma neftin qiymətinin kəskin şəkildə düşməsindən bir sıra layihələr sonraya saxlana bilər. Belə ki, yaxın aylarda neftin qiymətində kəskin azalma ehtimaldan kənar deyil. "Güzəran Sosial Araşdırmalar Mərkəzi"nin rəhbəri, iqtisadçı ekspert Qadir İbrahimlinin sözlərinə görə, hazırda qlobal iqtisadi böhranın ikinci dalğasının gəlməsi ilə bağlı yayılan xəbərlər və digər sosial problemlər neftin qiymətinin qalxmayacağını, əksinə, azalacağını deməyə əsas verir.
Qadir İbrahimli bu azalmalar nəticəsində neftin qiymətinin 40 dollar təşkil edəcəyini iddia edir:
"Neftin qiyməti hansısa iqtisadi amillərlə bağlı olaraq dəyişmir. Neftin qiymətində olan hər hansı dəyişiklik müəyyən mənada siyasi amillərlə də bağlıdır. Burada dollarla avro arasında rəqabət, bundan başqa AB ilə ABŞ arasında olan iqtisadi rəqabət, o cümlədən AB ilə İran və digər ölkələr arasında olan iqtisadi rəqabət də rol oynayır. Xarici fondlar, maliyyə institutları və digər qurumlar həyəcan təbili çalır ki, qlobal maliyyə böhranının yeni dalğası gəlir. Belə bir şəraitdə neftin qiymət artımının iqtisadi əsası ola bilməz".
İqtisadçıların proqnozlarına inansaq, yaxın vaxtlarda avronun məzənnəsi dollara nisbətən düşəcək. Çünki ABŞ-ın dolların məzənnəsini qorumaq yönündə həyata keçirdiyi məqsədli siyasət öz bəhrəsini verməkdədir. Bir müddət əvvəl ABŞ Mərkəzi Bankı dünyada dollar investisiyasının azaldılması ilə bağlı qərar qəbul etdi. Həmin bankın bu qərarı ilə nəinki ABŞ-da, eyni zamanda dünyanın bir sıra ölkələrində buna çalışıblar. Bu birbaşa onunla bağlı idi ki, dolların məzənnəsi avroya nisbətən düşmüşdü. Dolların məzənnəsinin düşməsi ABŞ iqtisadiyyatına və onun valyutasına inamın azalması ilə bağlı idi.
İqtisadçılar deyirlər ki, 2010-cu ildə dollar yığım üçün daha etibarlı valyuta olacaq. Bu, cari ildə ABŞ iqtisadiyyatında gözlənilən artımla əsaslandırılır. Hazırda avrozonaya daxil olan bir sıra ölkələrdə kifayət qədər ciddi problemlər var, Yunanıstan və İslandiya ağırlaşmış dövlət borcuna malikdir. Bütün bunlara baxmayaraq avronun bir valyuta kimi sıradan çıxma ehtimalı yoxdur. Avronu Fransa və Almaniya kimi inkişaf etmiş ölkələr dəstəkləyir.
|