Azərbaycanın muğamı Kaliforniyada qiymətləndirildi
|
15 dəqiqəlik film ikinci mükafatını alıb
Şənbə, 13.02.2010
|
|
Amerikalı jurnalist Tomas Qoltsun 2007-ci ildə çəkdiyi "Montanada muğam" adlı 15 dəqiqəlik sənədli filmi Kaliforniyada keçirilən beynəlxalq kinofestivalda növbəti mükafata layiq görülüb. Qeyd edək ki, mükafat "Syear Nevada Award" qısametrajlı filmlər nominasiyası üzrə nəzərdə tutulub.
Xatırladaq ki, sənədli film xanəndə, 2009-cu ildə Səmərqənddə keçirilən "Şərq təranələri" beynəlxalq muğam festivalının qalibi Qoçaq Əsgərovun 2007-ci ildə Montanada verdiyi muğam proqramını əhatə edir. Onu konsertdə "Qədim Şərq" qrupu müşayiət edib. Qeyd edək ki, bu konsert Azərbaycan Mədəniyyəti Dostları Fondunun təşkilatçılığı və YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırovanın layihəsi əsasında keçirilib.
Xanəndə Qoçaq Əsgərovun söylədiyinə görə, bu nominasiyada müxtəlif ölkələr üzrə 15 film mübarizə aparıb və "Montanada muğam" filmi münsiflər heyətinin rəğbətini qazanıb. Xanəndənin xatırlatmasına görə, filmlərin mükafatlandırılma mərasimi fevralın 26-da Kaliforniyanın Mamont Leyks şəhərciyinin "Vestin Monache Resor" otelində keçiriləcək. Mükafat filmin rejissoruna təqdim ediləcək.
Məlumat üçün bildirək ki, Tomas Qoltsun sözügedən filmi bundan öncə hər il keçirilən beynəlxalq "Yosemite" kinofestivalında qısametrajlı filmlər nominasiyasında mükafata layiq görülüb.
|
|
|
Oxşar xəbərlər:
Alim Qasımov yenidən Məcnun olmaq istəyir
"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib
Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif
Azərbaycan mətbuatının neçə yaşı var?
Yaqut Abdullayevanın nisgili var
|
|
|