Son günlər havaların soyuması ölkənin qazla təchizatına heç bir təsir göstərməyib. Bu barədə jurnalistlərə "Azəriqaz" İB direktorunun birinci müavini Nazim Səmədzadə bildirib. Onun sözlərinə görə, hazırda ölkənin qaz sisteminə hər gün 48,7 mln. kubmetr təbii qaz verilir. Bunun 15 mln. kubmetri Bakı şəhərinin, qalan hissəsi isə ölkə regionlarının və ixracın payına düşür. Hazırda Azərbaycan qazının gündəlik ixracı 4,6 mln. kubmetr qaz təşkil edir. Bunun 1,9 mln. kubmetri Gürcüstana, 1,5 mln. Rusiyaya, 1,2 mln. Naxçıvan MR üçün İrana ixrac edilir. Hər gün yeraltı qaz anbarlarından 14 mln. kubmetr təbii qaz götürülür. Səmədzadə qeyd edib ki, bu ilin martından "Azəriqaz" əvvəlcədən ödəmə sistemi ilə işləyən sayğacların quraşdırılmasına başlayacaq. Birinci mərhələdə 1 mln. sayğac sifariş olunub, sonradan aylıq ixrac həcmi artırılacaq. Yeni sayğaclar "Azəriqaz" İB-nin hesabına quraşdırılacaq.
Fevralın 1-dən təbii qazın satışı ilə yeni yaradılan "Azqazservis" MMC məşğul olacaq. N.Səmədzadənin sözlərinə görə, bu təşkilat hələ Bakı və Abşeronda qaz satışı ilə məşğul olacaq. Sonrakı aylarda o, bütün ölkədə qaz satacaq. "Azqazservis" "Azəriqaz"ın kommersiya departamentinin funksiyasını yerinə yetirəcək, bütün nəzarətçilər ona tabe olacaq. Amma "Azqazservis" müstəqil strukturdur və 2010-cu ilin yanvarında qeydiyyata alınıb, - deyə Səmədzadə əlavə edib. Yeni strukturun rəhbəri Xavər Abbasovun sözlərinə görə, "Azqazservis"də 5 şöbə olacaq. Struktur istehlak edilən qazın pulunun yığılması, onun uçotu, eləcə də borcluların qazının kəsilməsi ilə məşğul olacaq (12 belə qrup təşkil ediləcək). Abbasov qeyd edib ki, istehlakçılardan şikayətlərin qəbulu üçün "185" xidməti yaradılacaq.
"Azəriqaz" İB ilə "Azqazservis" MMC arasında münasibətlərin necə qurulacağı barədə suala cavab olaraq Abbasov deyib ki, bu, "kommersiya sirridir".
Təhlükəsizlik qaydalarının pozulması və bunun nəticələri ilə bağlı statistika haqqında suala cavab verən Səmədzadə isə deyib ki, 2009-10-cu illər payız-qış mövsümündə 245 hadisə qeydə alınıb. Onlardan 34 partlayış, 211 dəm qazından zəhərlənmə olub. Partlayışlar zamanı 34 nəfər həyatını itirib, 31 nəfər xəsarət alıb. 211 zəhərlənmə hadisəsində 29 nəfər həlak olub və 182 nəfər xəsarət alıb.
|