Azərbaycanda adında "parlament" sözü olan bir sıra qəzetlər var ki, onlar müxtəlif təşkilatlara gedib reketçiliklə məşğul olurlar. Bunu Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov deyir. Onun sözlərinə görə, hazırda adında hansısa dövlət orqanının adı olan qəzet çıxarmaq qadağandır: "Lakin bu mətbu orqanları həmin qanun qüvvəyə minməzdən əvvəl öz qəzetlərini qeydiyyatdan keçiriblər. Onlar heç düz-əməlli fəaliyyət göstərmir. Sadəcə, müxtəlif obyektlərə, müxtəlif adamların yanına gedib Milli Məclisin adından istifadə edirlər". Akif Nəsirov bu qəzetlərdən ikisinin - "Parlamentin sədası" və "Azərbaycan parlamenti" qəzetinin Mətbuat Şurası tərəfindən rəsmən "reket qəzet" kimi tanındığını dedi.
Akif Nəsirov Milli Məclisin adından istifadə edən digər qəzetlərin siyahısını da açıqladı. Bunlar "Parlamentin səsi", "Parlament", "Parlament-2005", "Parlament və Cəmiyyət", "Deputatın tribunası", "Millət vəkili", "Parlament xəbərləri" qəzetləridir. Akif Nəsirov Milli Məclisin cəmi iki orqanı olduğunu xatırlatdı: "Bunlar "Milli Məclis" jurnalı və "Azərbaycan" qəzetidır".
|