Hal-hazırda Ayna qəzetinin 30.01.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 30.01.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Orduda ağır hadisə
Orduda ağır hadisə
Daşkəsəndə hərbi hissədə 6 əsgər öldürüldü, 2 yaralı var
Şənbə, 30.01.2010

Cəsur Sümərinli mətn ölçüsü  

Yanvarın 28-də Müdafiə Nazirliyinin Daşkəsəndəki N saylı hərbi hissəsində baş vermiş ağır hadisə gündəmin mövzusudur. Müdafiə Nazirliyi mətbuat xidmətinin dünən günün sonuna olan son açıqlamasına görə, Daşkəsəndə yanvarın 28-də saat 18 radələrində hərbi hissədə baş verən qanlı hadisə nəticəsində həlak olan və yaralananlar aşağıdakılardır:

Qətlə yetirilən hərbi qulluqçular:

Gumayev Yusif Sadəddin oğlu, 1973-cü il doğumlu, 1990-cı ilin avqustundan hərbi xidmətdə olub, Şəki rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb,

Sadıxov Vasif Miraləm oğlu, 1974-cü il doğumlu, 1992-ci ilin iyulundan hərbi xidmətdə olub, Ağdaş rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb.

Quliyev Anar Aləddin oğlu, 1985-ci il doğumlu, 2002-ci ilin iyulundan hərbi xidmətdə olub, Lənkəran rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb.

Səmədov Elgün Loğman oğlu, 1989-cu il doğumlu, 2007-ci ilin avqustundan hərbi xidmətdə olub, Hacıqabul rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb.

Yaralananlar:

Babayev Valeh Məhəmməd oğlu, 1975-ci il doğumlu, 1993-cü ilin avqustundan hərbi xidmətdə olub, Göyçay rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb.

Abbasov Samir Eyvaz oğlu, 1985-ci il doğumlu, 2008-ci ilin oktyabrından hərbi xidmətdə olub, Daşkəsən rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb.

Hadisəni törətmiş və sonda özlərini öldürmüş əsgərlər:

Əzizov Elxan Bəyalı oğlu, 1990-cı il doğumlu, 2009-cu ilin yanvarından hərbi xidmətdə olub, Bakının Yasamal rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb.

Məmmədov Sadiq Etibar oğlu, 1991-ci il doğumlu, 2009-cu ilin oktyabrından hərbi xidmətdə olub, Bakının Nəsimi rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb.

Respublika Hərbi Prokurorluğunun ictimaiyyət üçün açıqladığı informasiyada bildirilir ki, N saylı hərbi hissədə baş verən və ölümlə nəticələnən olayla bağlı CM 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Respublika hərbi prokurorunun müavini Şəfaət İmranovun başçılığı ilə Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqləri, kriminalist prokuroru və Gəncə Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerində təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirirlər. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Ədliyyə polkovniki Şəfaət İmranov "Media forum"a bildirib ki, hadisəni törədən və özləri də həlak olan əsgərlərin meyitləri artıq valideynlərinə təhvil verilib. Yaralanmış iki hərbçiyə gəlincə, istintaq qrupunun rəhbəri onların vəziyyətinin qənaətbəxş olduğunu söyləyib: "Hazırda hər iki hərbçi Gəncədəki hərbi hospitaldadır. Onlara güllə dəyib. Amma həyatları və səhhətləri ilə bağlı heç bir təhlükə yoxdur".

MN-in məlumatında hərbi qulluqçuları gülləyə tutan əsgərlərin sonda bir-birlərini öldürdüyü deyilir. Amma Ş.İmranov bildirib ki, bu barədə qəti fikir söyləmək hələ tezdir: "Biz bunun belə olduğunu indidən deyə bilmərik. Hələ istintaq gedir".

"Trend" agentliyinin məlumatına görə, əsgərlər zabitlərin olduğu otağa girərək onları avtomat silahla qətlə yetirib: "Ölən zabitlərdən birinin divizion komandiri olduğu bildirilir. Atəş açan əsgərlər qaçmağa cəhd edərkən öldürülüblər. Müdafiə nazirinin müavini Çingiz Məmmədov və digər rəsmi şəxslərin hərbi hissədə olduğu bildirilir".

Nə müdafiə naziri Səfər Əbiyev, nə də ölkə prezidenti, Ali Baş Komandan məsələyə münasibət bildirməyiblər.

Faktla bağlı hərbi prokurorluqda kollegiya iclası

Respublika Hərbi Hospitalı qəbul şöbəsinin adının çəkilməsini istəməyən əməkdaşı "Azadlıq" radiosuna bildirib ki, öldürülən hərbçilərin morqa yerləşdirilməsi və yaralıların taleyi haqda xəbəri açıqlamamaq haqda tapşırıq alıblar. "Turan"ın məlumatına görə, yaralılar Gəncə şəhərindəki hərbi hospitala yerləşdirilib. Daşkəsəndəki digər mənbənin məlumatına görə, Daşkəsəndəki yerli camaat əsgərin həddən artıq incidildiyindən xidməti silahı ilə komandirləri güllələdiyini deyir.

Günah kimdədir?

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi xatırladır ki, bu tip hadisələr Azərbaycan Silahlı Qüvvələri üçün təəssüf ki, yeni deyil və ötən illərdə baş vermiş hadisələrə nəzər salınsa, bu kimi olayların artım tendensiyası müşahidə edilə bilər. Bəlli olur ki, 2009-cu ildə orduda baş vermiş 25 bənzər hadisə nəticəsində ən azı 28 hərbi qulluqçu həlak olub, 5 nəfərsə yaralanıb.

Milli Məclis sədrinin müavini Bahar Muradova Daşkəsəndə hərbi hissədə baş verən qanlı hadisəyə münasibət bildirib. SİA-nın məlumatına görə, B.Muradova deyib: "Əlbəttə, bu bir faciədir. Bu məsələ ilə bağlı mən öz təəssüfümü ifadə etmək istəyirəm.

REKLAM

Düşünürəm ki, burada hansısa başqa siyasi və digər məqamlar axtarmaq lazım deyil. İstintaqa imkan vermək lazımdır ki, hadisəni araşdırsın".

B.Muradova hesab edir ki, hadisəni törədənlərin psixoloji durumu yaxşı olmayıb: "Həyatını itirənlərin ailələrinə başsağlığı verirəm və arzu edirəm ki, bundan sonra belə hallar baş verməsin. İstənilən belə hal yaxşı deyil. Bilirsiniz, bu cür hallar mülki həyatda da baş verə bilər. Orduda nizam-intizama əməl olunması üçün nə qədər səy göstərilsə də, hərbi xidmətə hər ailədən, hər regiondan müxtəlif düşüncəli adamlar gəlirlər. Onların hansı psixoloji durumda olduğunu da əvvəlcədən bilmək çətindir. Əlində silah olan belə adamların hansı addımlar atacağını heç kəs proqnozlaşdıra bilməz".

MM sədrinin müavini vurğulayıb ki, orduda hərbi nizamnamə tələblərinə əməl olunması işi davam etdirilməlidir.

Hərbyönlü QHT-lərin "Müdafiə və Təhlükəsizlik Sektoruna İctimai Nəzarət" Koalisiyası bəyan edir ki, Silahlı Qüvvələrdə qeyri-nizamnamə itkilərini aradan qaldırmaq üçün vacib tədbirlər görülməlidir. Koalisiya orduda itkilərin qarşısını almaq üçün NATO standartlarına keçidin sürətləndirilməli olduğunu söyləyib:

"Müdafiə və təhlükəsizlik sektorunun fəaliyyətini tənzimləyən qanunvericilik bazasında ciddi dəyişikliklər və təkmilləşdirilmələr aparılmalı, bu barədə parlamentin müvafiq komissiyasının məhsuldarlığı artırılmalıdır. Hərbi qulluqçuların, xüsusilə zabitlərin karyera imkanlarının təmin olunması istiqamətində ciddi addımlar atılmalı, müdafiə və təhlükəsizlik sektorunda çalışanların hüquqlarının qorunması istiqamətində real tədbirlər görülməlidir".

Koalisiyanın fikrincə, güc strukturları, xüsusilə itkilərin əksər hissəsinin aid olduğu Müdafiə Nazirliyi ordudakı neqativ hallarla bağlı daimi hesabatlarla çıxış etməlidir. "Ordudakı itkilərin siyahısı barədə məlumatlar dərhal cəmiyyətə açıqlanmalıdır. Silahlı Qüvvələr üzərində ictimai və parlament nəzarəti tətbiq olunmalıdır. Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsi orduda baş verən proseslərlə bağlı araşdırma aparmaq və təkliflər irəli sürmək iqtidarında olmalıdır. Orduya mülki nəzarət istiqamətində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin artırılmasına stimul yaradılmalıdır", - deyə koalisiya bildirir.

"Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin sədri Yaşar Cəfərli bildirib ki, Azərbaycan ordusunda komandirlə onun tabeliyində olanlar arasında münasibətlər düzgün qurulmayıb: "Baş verən neqativ hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlər görülmür. Əgər oxşar hadisələr təkrar olunursa, deməli, bunun üçün münbit şərait var. Cəzasızlıq hökm sürür. Əsaslı tədbirlər həyata keçirilməsə, bədbəxt hadisələrin artması qaçılmazdır".

Ekspert baş vermiş hadisə haqqında hələlik təfsilatlı məlumata malik olmadığını deyib: "Bu hadisələr göstərir ki, komandir və zabitlərin məsuliyyət hissi kifayət qədər deyil. Əldə olunan məlumatlar hələlik onu deməyə əsas verir ki, bu hərbi hissədə komandir və tabeçilikdə olan əsgərlər arasında nizamnamədənkənar münasibətlər olub".

Y.Cəfərli divizion komandirinin və qərargah rəisinin öldürülməsi haqda qeyri-rəsmi məlumatlar doğrularsa, bu ağır faciədir: "İndiyə qədər əsgərin bu qədər yüksəkvəzifəli rəisini öldürməsi halı olmayıb".

Parlamentin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aqil Abbas "Mediaforum"a bildirib ki, dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycan ordusunda belə hadisələr baş verir: "Bu, çox xoşagəlməz hadisədir". Deputat hesab edir ki, belə hadisələrin baş verməsi ilk növbədə nizam-intizam məsələləri ilə bağlıdır:

"Orduda bu cür hadisələr baş versə də, onlara görə cəza alanlar haqda məlumat yoxdur. Əgər bir əsgər yoldaşını öldürərsə, bunu edəni cəzalandırırlar. Lakin qətl törədən əsgərin komandirinin cəzalandırılmasını hələ ki görmürük. İstər taqım komandiri, istərsə də hərbi hissə komandiri olsun. Belə hadisələr birdən-birə baş vermir. Bunun köklü səbəbləri olur".

Aqil Abbas qeyd edib ki, zabit heyəti ilə əsgərlər arasında olan münasibətlərin hansı səbəblərdən pozulduğu araşdırılmalıdır:

"Əsgər dəli olmayıb ki, durduğu yerdə silahı gətirib polkovniki güllələsin. Bunun səbəbi ciddi araşdırılmalıdır. Hərbi Prokurorluq, milli təhlükəsizlik, müdafiə nazirlikləri əsgər-zabit münasibətlərinin rozulmasının, əsgərlərin bir-biri ilə yola getməməsinin kökünü araşdırmalı, məsuliyyət daşıyanlara ciddi cəzalar verilməlidir".

Deputat orduya ictimai nəzarəti xoşagəlməz hadisələrin qarşısını almaq üçün çıxış yolu hesab etmir. Onun fikrincə, müharibə şəraitində olan ölkədə vətəndaş, qeyri-hökumət təşkilatları orduya nəzarət edə bilməz:

"QHT-nin nə ixtiyarı var ki, gedib ordunun içərisinə girsin. Orduya nəzarət edəcək dövlət qurumları var. Amma valideynlər adətən hərbi hissələrə gedib övladları ilə görüşürlər. Əsgərlər həmin görüşlərdə öz problemlərini valideyninə deyirsə, onda valideyn məsələni lazımi qurumların qarşısında qaldıra bilər. Vaxtında belə hadisələrin qarşısını almaq olar. Əsgər bir hərbi hissədə qulluq etmək istəmir, onu orda yola vermirlər. Amma əsgərin başqa hərbi hissəyə köçürülməsi böyük problemə çevrilib. Mən ordu haqda məlumatların da ictimailəşdirilməsinin əleyhinəyəm. Çünki bu çox pis nəticələr verə bilər"

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə deyib ki, öldürülən 4 hərbçidən biri divizion komandiri, biri isə hərbi hissənin qərargah rəisidir. Onun fikrincə, bütün hallarda fakta Ali Baş Komandan səviyyəsində münasibət bildirilməlidir.

"Orduya başçılıq edən şəxslər o qədər orden-medallarla təltif olunub ki, onlarda özlərinə arxayınçılıq yaranıb" deyən Üzeyir Cəfərovun fikrincə, narahatlıq doğuran məqam odur ki, bu cinayəti ölən əsgərlərin ayağına yazacaqlar və səbəblər dəqiq araşdırılmayacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

"Dövlət Sığorta Şirkəti şəhid ailələrinin hüquqlarını pozur"

Orduda rotasiya problemi

Ermənistan ordusunun çağırışçı problemi

Bölmənin digər xəbərləri
 
Eynulla Fətullayevin işi "qərar gözləmə" mərhələsində
Bakı Şəhər Prokurorluğu jurnalistlə bağlı məlumat yayıb

Məmməd Əmin Rəsulzadə: "Əsərlər və məktublar toplusu"
Öndərin Moskvada belə bir adda rusca kitabı nəşr olunub

İKT Parlamentində 2 qətnamə qəbul edilib
Bunlar Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı və Xocalı soyqırımının bütün dünyada tanıtdırılması ilə bağlıdır

Milli Məclis gələn həftə işə başlayır
"Diffamasiya haqqında" qanun baxılacaq qanunlar sırasında yoxdur

Hökumət Mikloş Haraştini qərəzli olmaqda ittiham edir
ATƏT nümayəndəsi Azərbaycanın qismən, NMR-in isə tam avtoritar şəkildə idarə edildiyini deyib

"Naxçıvan: qaranlıq ada"
Norveç Helsinki Komitəsi hesabat hazırlayıb

Şaumyanla Əzizbəyov eyni amala qulluq ediblər
Yaqub Mahmudov: "Əzizbəyov Biləsuvar, Salyan rayonlarında kütləvi qırğınlar həyata keçirib"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Resepsion + Depression = Armagedon?

Resepsion + Depression = Armagedon?


Arif Babayev:
"Oğluma dedim özünə başqa sənət seçsin"

Arif Babayev: "Oğluma dedim özünə başqa sənət seçsin"


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər