çap et  
Hökumət Mikloş Haraştini qərəzli olmaqda ittiham edir
Hökumət Mikloş Haraştini qərəzli olmaqda ittiham edir
ATƏT nümayəndəsi Azərbaycanın qismən, NMR-in isə tam avtoritar şəkildə idarə edildiyini deyib
Şənbə, 30.01.2010

İ.Abbasov

"Mikloş Haraştinin Azərbaycanla bağlı dediyi fikirləri qətiyyən doğru hesab etmirəm. Haraşti bu fikirləri söylərkən digər ölkələrə də diqqət yetirməli və avtoritar ölkələrin müasir dövrdə tərifini yadına salmalı idi". APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin ümumilikdə Azərbaycanın qismən, Naxçıvanın isə tam avtoritar şəkildə idarə edilməsi ilə bağlı fikirlərinə münasibət bildirən B.Muradova bu cür açıqlamaların zaman-zaman eşidildiyini söyləyib:

"Haraşti Azərbaycana ara-sıra səfərlər edir və burada bir çox hallarda məqsəd və məramı başqa olan dairələrdən məlumatlar alır. Bu cür dəyərləndirmələr hər zaman birtərəfli və hansısa maraqlara söykənmiş olur".

Sədr müavini bəyan edib ki, Azərbaycanda həbsdə olan jurnalistlər konkret cinayət hallarına yol vermiş adamlardır:

"Şəxsən mən Azərbaycanda vicdan azadlığına, söz azadlığına, mətbuat orqanlarının sərbəst fəaliyyətinə hər hansı maneə görmürəm".

Qeyd edək ki, çərşənbə günü AŞPA-da qurumun Mədəniyyət, elm və təhsil məsələləri üzrə Komitəsinin məruzəçisi, britaniyalı parlamentar Endryu Makintoşun "KİV azadlığına hörmət" məruzəsi müzakirə və qəbul edilib. O, AŞ ölkələrində KİV azadlığı sahəsində vəziyyətlə bağlı narahatlığını ifadə edib. 2007-ci ildən bu ölkələrdə 20-dən çox jurnalist, o cümlədən Rusiyada 13 reportyor qətlə yetirilib ("Turan").

ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti də mətbuat üzərində dövlət nəzarəti qurulan bir sıra yeni müstəqil dövlətlərdə mətbuat azadlığı sahəsində vəziyyətin pisləşməsinə diqqət çəkib. O həmçinin bəzi ölkələrdə İnternet üzərində nəzarət qurulması cəhdləri ilə bağlı narahatlığını bildirib.

Azərbaycanın adı hesabatda KİV azadlığı ilə bağlı problemlərin olduğu ölkələr sırasında çəkilir. Konkret faktlar kimi "Tolışi sədo" qəzetinin redaktoru, siyasi məhbus kimi tanınmış Novruzəli Məmmədovun həbsdə vəfat etməsi qeyd edilir. "Parisdə yerləşən Beynəlxalq İnsan Hüquqları Federasiyası onun həbsxanada incidildiyini iddia edirdi. Bəzi beynəlxalq qruplar hesab edirdi ki, o, zəruri müalicə ilə də təmin edilməyib", - deyə məruzədə bildirilir.

Həmçinin 2007-ci ildə əvvəlcə böhtan, sonradan isə torrorla hədələmə və digər cinayətlərdə ittiham olunaraq ümumilikdə 8,5 il həbs cəzasına məhkum edilmiş Eynulla Fətullayevin işi xatırladılır. Bu zaman Fətullayevin rəhbərlik etdiyi "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetləri bağlanıb.

Məruzədə "Monitor" jurnalının redaktoru Elmar Hüseynovun qətlinin üstünün açılmaması və digər jurnalistlərə basqın və onların döyülməsi faktları, habelə bloggerlər Emin Milli və Adnan Hacızadənin əsassız həbsi xatırladılır.

Azərbaycan Ermənistan və Belorus ilə birlikdə həm də ölkə teleməkanına ümumi dövlət nəzarəti olan ölkələr kimi göstərilib.

Məruzədə mətbuat azadlığı sahəsində vəziyyətin yaxşılaşdırılması üzrə bir sıra tövsiyələr yer alıb. Xüsusən, AŞ iştirakçısı olan ölkələrin və xüsusən "vəziyyətin spesifik olduğu" dövlətlərin - Azərbaycan, Rusiya və Türkiyə hökumətlərini böhtan və təhqir haqqında qanunvericiliklərinə yenidən baxmağa çağırmaq təklif olunub. Qanunlardan tənqidi səsləri susmağa məcbur etmək üçün istifadə olunmamalıdır, deyə məruzədə qeyd edilib.

Azərbaycan Ermənistan, İtaliya, Moldova, RF, Ukrayna və Belorus ilə yanaşı, bütün siyasi partiyaların və namizədlərin KİV-ə ədalətli və bərabər çıxışına (xüsusən, seçki kampaniyaları zamanı) zəmanət verilməsi zəruri olan ölkələr sırasında göstərilir.

Müzakirələr zamanı Azərbaycan heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanda KİV-in tamamilə azad olduğunu iddia etməyə çalışıb. "Bəli, KİV-in müstəqilliyi nöqteyi-nəzərdən problemlər ola bilər, belə ki, onların əksəriyyəti siyasi partiyalardan asılıdır. Amma mətbuat azadlığı cəhətdən KİV tamamilə azaddır", - deyə Seyidov bildirib.

Bu zaman o, ölkədə 3500 KİV orqanının fəaliyyət göstərdiyini, dövlətin medianın inkişafına 1 mln. 300 min avro ayırdığını qeyd edib. Seyidov hesab edir ki, Avropada Azərbaycanda KİV problemi həddindən artıq şişirdilir, bu zaman Azərbaycan qaçqınlarının problemlərinə kifayət qədər diqqət yetirilmir.

Lakin Haraşti Seyidovun bəyanatlarını təkzib edərək deyib ki, Azərbaycanda reallıq cənab Seyidovun sözlərindən fərqlənir.

Eynulla Fətullayevin işinə toxunan Haraşti bildirib ki, ona qarşı yeni - qanunsuz narkotik saxlamaq ittihamı əsassızdır. "Mən iki dəfə Fətullayevə həbsdə baş çəkmişəm və onun saxlandığı həbsxanaya ən ciddi şəkildə nəzarət olunur", - deyə Haraşti bildirib. O, Azərbaycan hökumətini təxribatlara və jurnalistlərin saxta ittihamlarla təqibinə son qoymağa çağırıb.

Məruzədə Azərbaycanla yanaşı, Ermənistan və Rusiya da ciddi tənqidə məruz qalıb. RF nümayəndələri məruzə müəllifini qərəzlilikdə ittiham etməyə çalışıblar və jurnalistlərin qətlə yetirilməsi faktları üzrə araşdırmalar aparıldığını iddia ediblər.

Öz növbəsində, Haraşti bildirib ki, jurnalistlərə qarşı cinayətlərə adi cinayət işləri kimi deyil, söz azadlığına və demokratiyaya qəsd kimi baxılmalı və bu cinayətlərin üstünün açılması üçün əlavə səylər göstərilməlidir.