Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) sədri Jan Pol Kosta məhkəmə ilinin açılışı ilə bağlı dünən mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, mətbuat konfransında məhkəmənin 2009-cu ildəki fəaliyyəti barədə məlumat verilib.
Azərbaycandan daxil olan işlərlə bağlı danışan məhkəmə sədri fəaliyyəti dayandırılmış "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işinin hələ "qərar gözləmə" mərhələsində olduğunu bildirib. O, işlə bağlı indiki mərhələdə əlavə məlumat verə bilməyəcəyini deyib:
"Təbii ki, mənim bu işin gedişindən xəbərim var. Elə bu gün Azərbaycanın Konstitusiya və Ali məhkəmələrinin sədrləri ilə görüşümdə onlarla bu məsələ ilə bağlı danışdıq. İndi yalnız onu deyə bilərəm ki, bu işlə bağlı yaxın zamanlarda qərar çıxarılmalıdır. Amma qərarın çıxarılacağı zaman və məzmunu barədə məlumat verə bilməyəcəyəm. Onu deyə bilərəm ki, belə presedentlər var".
İşin gedişatı zamanı E.Fətullayevlə bağlı yeni faktların ortaya çıxmasının bu prosesə təsir edib-etməyəcəyi ilə bağlı suala isə cavabında Jan Pol Kosta bütün işlərin baxılmasında yalnız faktlara istinad etdiklərini deyib:
"Yeni faktlar meydana çıxdığı zaman şikayətçi də yeni şikayətini təqdim etməlidir. Amma bu işin detallarını dəqiq bilmədiyim üçün suala da ətraflı cavab verə bilməyəcəyəm", - deyə o bildirib.
Bu arada isə Bakı şəhər Prokurorluğu Eynulla Fətullayə qarşı başlanmış yeni cinayət işi ilə bağlı məlumat yayıb. Prokurorluq jurnalistin işgəncəyə məruz qalması ilə bağlı şikayətinin araşdırıldığını bildirir. Bu barədə APA-ya Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Ramiz Rzayev məlumat verib. Onun sözlərinə görə, ƏN Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Fətullayev Eynulla Emin oğlunun dindirilməsi zamanı həmin müəssisənin əməliyyat şöbəsinin rəisi Kərim Şirinov tərəfindən təhqir olunması, işgəncələrə məruz qalması, eyni zamanda saxlandığı kameranın kommunal şəraitinin pis olması barədə verdiyi ifadələr Cinayət-Prosessual qanunvericiliyinin, eyni zamanda Baş Prokurorluq üzrə "Azərbaycan Respublikasının "İşgəncələrin və qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında" Avropa Konvensiyasına qoşulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə" əmrin tələblərinə müvafiq olaraq Qaradağ rayon Prokurorluğunda araşdırılıb.
Aparılan araşdırmalarla müəyyən edilib ki, 2009-cu il dekabrın 29-da saat 09.30 radələrində 12 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat şöbəsinə daxil olmuş məlumata əsasən həmin müəssisədə cəza çəkən məhkum Eynulla Fətullayevin üzərində axtarış aparılarkən, ayağında olan ayaqqabının sağ tayının içərisindəki dərinin altından 1 ədəd polietilen kəsəyə bükülərək gizlədilmiş 0.107 qram, əynində olmuş gödəkçəsinin sol qolunun bilək nahiyəsində daha 1 ədəd polietilen kəsiyinə bükülərək gizlədilmiş 0.116 qram, cəmi 0.223 qram çəkidə narkotik vasitə hesab olunan heroin aşkar edilib götürülərək qanunla nəzərdə tutulmuş qaydada sənədləşdirilib. Toplanmış materialda CM 234.1-ci maddəsinin əlamətləri olduğundan 29 dekabr 2009-cu il tarixdə Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində fakta görə həmin maddə ilə cinayət işi başlanılaraq istintaq aparılır.
İstintaq zamanı toplanmış ilkin sübutlara əsasən dekabrın 31-də Eynulla Fətullayevə qeyd edilən maddə ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində ifadə verərkən dekabrın 29-da üzərində aparılmış axtarışdan sonra Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsinin Əməliyyat şöbəsinin rəisi Kərim Şirinov tərəfindən təhqirə məruz qalmasını, eləcə də ona bir yumruq və iki şillə vurulmaqla zorakılıq edilməsini, eyni zamanda saxlanıldığı kameranın kommunal şəraitinin pis olmasını göstərib.
Qaradağ rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı Eynulla Fətullayevin, Cəzaçəkmə Müəssisəsinin müvafiq vəzifəli şəxsləri və əməkdaşlarının, həmin müəssisədə cəza çəkən məhkumların izahatları alınıb, eləcə də müəssisənin inzibati binası və cərimə təcridxanasının ərazisinə baxış keçirilməklə, E. Fətullayevin barəsində tərtib edilmiş məhkəmə-tibbi ekspertizanın rəyi və digər zəruri sənədlər alınaraq materiala əlavə edilib.
Aparılmış araşdırma ilə həmçinin müəyyən edilib ki, istər narkotik vasitə aşkar edilib götürülərkən, istərsə də cərimə təcridxanasına baxış keçirilərkən cəzaçəkmə müəssisələrinin əməkdaşları tərəfindən Eynulla Fətullayevə qarşı hər hansı qanunazidd davranışa, habelə fiziki zor və ləyaqətini alçaldan hərəkətlərə yol verilməyib, onunla aparılan prosessual hərəkətlər qanunvericiliyin və "Cəzaçəkmə müəssisələrinin daxili intizam qaydaları"nın tələblərinə cavab verib. Saxlanıldığı kameranın kommunal şəraiti, istilik və içməli su ilə təchiz olunması, həmçinin geyim əşyaları müəssisədə cəza çəkən digər məhbuslarla eyni - müvafiq tələblər çərçivəsində olub. 30 dekabr 2009-cu il tarixdə keçirilmiş məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, Eynulla Fətullayevin bədənində heç bir xəsarət və ya xəsarət izləri aşkar edilməyib.
Beləliklə, şikayət təsdiqini tapmayıb. Qaradağ rayon Prokurorluğu tərəfindən toplanmış material üzrə 21 yanvar 2010-cu il tarixdə cinayət işinin başlanması rədd edilib və qərarın surəti məlumat üçün Eynulla Fətullayevə göndərilib.
|