Müğənni Röyanın növbəti konsert proqramı Bakı İdman Sarayında təqdim olunacaq. Son aylar Rəhim Rəhimli ilə bir səhnəni bölüşən sənətçi bu dəfə də onunla birlikdə çıxış edəcək.
Fevralın 20-nə nəzərdə tutulan konsert üçün bir neçə yeni mahnı hazırlanır. Konsertdə bir sıra sürprizlər hazırlayan müğənnilər hələlik təfərrüata varmaq istəmədilər. Lakin öyrənə bildik ki, sənətçilərin konsertdə qonağı da gözlənilir. Bu qonaq Türkiyədən gələcək. Proqramda "Cəza" qrupunun çıxışını planlaşdıran Rəhim Rəhimli onlarla danışığı özü aparır. Bu məqsədlə yaxın günlərdə Türkiyəyə səfər edəcək.
Röya ilə bir addımlayan Rəhim Rəhimli onun daha bir ideyasını təkrarlamaq niyyətindədir. O, "Dostum" adlı jurnal dərc etməyə qərar verib. Jurnalın baş redaktoru Röyanın adını daşıyan dərginin keçmiş redaktoru Ülviyyə Alovlu olacaq. Onlar bildiriblər ki, bu, şou-biznes dünyasından çox, iş adamlarının stolüstü jurnalı olacaq.
Amma şou-biznesə olan böyük marağı nəzərə alan jurnal təsisçiləri bu sahəyə də yer ayırmaq qərarına gəliblər. Lakin fərqlilik olsun deyə, bunu bir qədər başqa səpkidə edəcəklər. Şou-biznesdə əsasən araşdırma mövzular, statistik məlumatlar əksini tapacaq. Öyrəndik ki, hazırlıq prosesində olan dərgi gələn ayın ilk həftələrində satışa çıxarılacaq. İlk buraxılışda Rəhim Rəhimlinini mahnıları disk şəklində jurnala əlavə ediləcək.
|