çap et  
"Turkiye Fashion Show"a yarım milyon dollar xərclənib
"Turkiye Fashion Show"a yarım milyon dollar xərclənib
6 ay hazırlığı gedən layihəyə bu gün yekun vurulur
Şənbə, 30.01.2010

Z.Rüstəm

Bu həftədən başlayaraq yanvarın 30-na qədər Heydər Əliyev İdman və Konsert Kompleksində "Turkiye Fashion Show" adlı moda layihəsinə start verilib. Layihənin geyim sərgisinin təşkilatçısı olan "Meridyen" şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Anar Əlyaroğlunun məlumatına görə, tədbir öz axarı ilə davam edir:

"Planlaşdırdığımız layihə çərçivəsində Türkiyədə Azərbaycan moda şirkətlərinin istehsal etdiyi geyimlərdən ibarət, Azərbaycanda isə Türkiyə markalarından ibarət dəfilə təşkil olunub. Azərbaycanda çox keyfiyyətli geyim şirkətləri var ki, onların Avropaya çıxışı təmin edilməlidir. Bizim keçirdiyimiz dəfilə də buna xidmət edir".

Layihənin baş müdiri Alpər Çəkic isə bildirib ki, sərgidə Türkiyənin 40-dan çox geyim şirkətinin məhsulları nümayiş etdirilir: "Gözəl geyimi, modanın ən son yeniliklərini, bəzən isə hətta ən ağlasığmaz və cəsur tendensiyaları milli geyim adətləri və Şərq ənənələri ilə birləşdirmək bacarığı yəqin ki, azərbaycanlı xanımlar və bəylər qədər çox az xalqa məxsusdur. Ümumiyyətlə, moda və geyim məfhumlarının azərbaycanlılar üçün hər zaman xüsusi önəmi olub. Bunları nəzərə alan "Meridyen" beynəlxalq sərgi şirkəti və "Osmanbey" Türk İş Adamları Dərnəyi dünya şöhrətli brendləri və dünya modasının əsas mərkəzlərindən birinə çevrilməkdə olan Türkiyənin 40-dan çox geyim firmasının məhsullarından ibarət sərgi təşkil etməklə Azərbaycan xalqına maraqlı anlarla dolu üç gün yaşatmaq niyyətindədir".

Sözünə davam edən Anar Əlyaroğlu isə sərginin keçirilməsini azərbaycanlı iş adamları ilə əməkdaşlıq qurulması və qarşılıqlı işbirliklərinin həyata keçirilməsi istiqamətində önəmli addım kimi qiymətləndirdi:

"Bu sərgiyə hazırlıq təxminən 6 ay davam edib və tədbirin yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni etmişik".

Sərginin təşkilinə 500 min dollar vəsait xərcləndiyi bildirilir.