Ötən ilin sonları müğənni Almaz Ələsgərli üçün bir o qədər uğurlu keçmədi. Ailə içində yaşanan insidentin televiziya vasitəsi ilə ictimaiyyətə çatdırılması müğənninin imicinə böyük zərbə vurdu. Xatırladaq ki, söhbət sənətçi xanımın iki qız övladının ailə münasibətlərindən gedib. Qızlarının boşanmadığını iddia etdiyi halda, təzə qohumları efirə çıxaraq müğənninin yalan danışdığı və üstəlik ailələrin pozulmasında onun təqsirkar olduğunu bildirdilər.
Aradan müəyyən müddət keçəndən sonra, bu günlərdə telekanalların birində qonaq olan Almaz xanım məsələnin sülh yolu ilə həll olunduğu və qızlarının yenidən ər evinə qayıtdığı barədə açıqlamalar verib. Lakin müğənninin bu çıxışı yenidən qarşı tərəfin qəzəbinə səbəb olub. Müğənninin yalanlarını həzm edə bilmədiyini deyən qudası Mehriban xanım mətbuata açıqlama verib.
"Almaz xanım oğlum haqqında yanlış fikirlər yaradıb, onu bədbəxt etmək istəyir. Biz oğlumun gələcəyi ilə bağlı tamam başqa şeylər düşünürük. Yəni onun qızı ilə barışmamışıq. Oğlum artıq başqası ilə nişanlıdır və cütlük hazırda İtaliyada səfərdədir. O, həkim qızla ailə həyatı quracaq. Bizim həmin sənətçi ilə qohum olmağımız oğlumun ilk ailə həyatını məhv etdi. Bizim onlarla heç vaxt barışmaq fikrimiz yoxdur. Efirdən insanlara növbəti yalan yedizdirməsin".
Almaz xanımala yenidən ünsiyyət yaratmaması üçün ona zəng vurmaq istəmədiyini bildirən Mehriban xanım ailə ilə ilk tanışlığından danışdı:
"Tanışlığımız müğənni Sevda Əliqızının vasitəsi ilə olub. Sevda xanım bizimlə qonşudur və Almaz xanımgil ora qonaq gələndə oğlumla tanış olublar. Sonradan tanışlıq ailələr arasında davam edib. Lakin biz onların evinə elçi getməmişik. Evlilik söhbəti qısa zamanda olub və cütlük ailə qurub. Lakin bütün problemlər sonradan baş qaldırmağa başlayıb".
Almaz Ələsgərliyə gəlincə, xatırladaq ki, efirdə hər iki qızının ər evinə qayıtdığı fikrini səsləndirib.
"Onlar mənim qapıma elçiliyə gələndə bilirdilər ki, mən müğənniyəm. Əgər peşəm onlar üçün problem idisə, niyə bunu əvvəlcədən bildirmir, mənə qohumluğun baş tutması üçün yalvarırdılar. Amma indi efirə çıxıb mənim ünvanıma xoşagəlməz fikirlər səsləndirirlər. Mən o zaman susdum. Çünki onların mənim qapıma yenidən gələcəyini bilirdim. Mənim üçün çox maraqlıdır ki, qızlarım ər evlərinə qayıdacaqdılarsa, bu qədər söz-söhbət kimə lazım idi? Əminliklə deyirəm ki, baş verən problemlərin səbəbkarları qudalarım olub. Əslində kürəkənlərim çox yaxşı insanlardır".
Ailə problemlərinin sənətinə təsirsiz ötüşmədiyini deyən müğənni bir müddət fasilə götürdüyünü etiraf edib. İndi isə hər şeyin axarına düşdüyünü bildirib:
"Bizə vurulan o zərbələri daxilimdən keçirdim və bu mənə çox pis təsir göstərdi. Çünki mən anayam, övladlarımla bağlı deyilən hər sözün məsuliyyətini daşıyıram. Müəyyən vaxt keçdi və hər şey axarına düşüb. Artıq yaradıcılıq işlərimlə də məşğul olmağa başlamışam".
|