Ölkənin bir sıra bələdiyyələri əslində korrupsiya və maxinasiya yuvasına çevrilibmiş. Ölkədə 15 bələdiyyə ilə bağlı cinayət işi başlanıb, məhkəmə qarşısında dayananlar da var. Məsələn, korrupsiya cinayətlərində ittiham olunan Astara rayonu Ərçivan kənd bələdiyyəsinin keçmiş sədri Mirzağa Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatdı.
Korrupsioner bələdiyyə sədri
Nuriyev bələdiyyə sədri olduğu dövrdə vəzifə səlahiyyətlərini aşaraq kəndlilərə məxsus torpaqları qanunsuz olaraq satıb. Kəndin daxili yolları üçün bələdiyyəyə ayrılmış vəsaiti də mənimsəyib. Nuriyev 2009-cu ilin sentyabrında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Mirzağa Nuriyev 8 il müddətinə azadlıqdan məhrum edildi.
Torpaq davası və bəraət hökmü
Şirvan Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən Sabirabad rayon Qaralar kənd bələdiyyəsinin sədri Baladayı Şirin oğlu Məmişovun apellyasiya şikayətinə baxılıb.
Sabirabad rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham olunan Məmişov 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Məmişov bələdiyyə sədri işlədiyi müddətdə kənd sakini Lütfiyar Səlim oğlu Nəsirovun icarəsində olan 18 hektar torpaq sahəsinin icarə haqqını vaxtlı-vaxtında ödəməsinə baxmayaraq, torpağın geri alınması barədə qərar qəbul edib.
Bundan başqa, Nəsirovun qanuni icərəsində olan 18 hektar torpaqdan istifadə hüququna dair şəhadətnamənin qüvvədə olmasına baxmayaraq, həmin torpaq sahəsinin 4 hektarını qanunsuz olaraq Qaralar kənd sakini Kimyə Talıbovanın icarəsinə verib.
Baladayı Məmişovun apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Məmişovun barəsində Sabirabad rayon Məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə Məmişovun barəsində bəraət hökmü elan edib.
Bələdiyyə sədrinin unikal maxinasiyaları
Binəqədi rayonu Xocasən bələdiyyəsinin sədri Zəfər Məsimov isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə razılaşmır. O, məhkəmənin hökmündən apellyasiya şikayəti verib və barəsində bəraət hökmü çıxarılmasını istəyir.
İttihama görə, Zəfər Məsimov Xocasən bələdiyyəsinin sədri vəzifəsində işlərkən fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılmasına dair Qasımova Esmira Nazim qızının 2007-ci il 21 noyabr tarixli ərizəsinin kollegial orqan olan bələdiyyə iclasında müzakirəsini təmin etməli olduğu halda, bunu etməyib. Xidməti səlahiyyətlərindən aşkar surətdə kənara çıxaraq, Torpaq Məcəlləsinin 46-cı, "Torpaq islahatı haqqında" qanunun 6-cı maddələrinin tələblərini pozmaqla, Xocasən bələdiyyəsinin mülkiyyətində olan 56,25 hektar torpaq sahəsinin sərhədlərindən kənarda, qərar qəbul etməyə səlahiyyəti olmadığı halda, 400 kvadratmetr torpaq sahəsinin E.Qasımovanın mülkiyyətinə verilməsinə dair qərar qəbul edib.
Lakin həmin torpaq sahəsinin E.Qasımovaya deyil, Dadaşov Xanlar Gülağa oğlunun faktiki istifadəsinə verilməsini təşkil edib.
Bundan başqa, sədri olduğu bələdiyyənin büdcəsindən maliyyə vəsaitlərinin ayrılmasına dair məsələləri bələdiyyə iclasında müzakirəsini təmin etməli olduğu halda, bunu etməyib, "Bələdiyyələrin statusu haqqında" qanunun 33-cü maddəsinin tələblərinə zidd olmaqla Yeni il bayramı ilə əlaqadər Xocasən, Sulutəpə, 28 May qəsəbələrində yaşayan 1200 aztəminatlı, şəhid və əlil ailələrinin uşaqlarına bayram hədiyyələrinin alınması adı ilə 9.600 manat, bələdiyyə sakinlərinin istirahət etdiyi yerlərdə Yeni il yolkalarının bəzədilməsi adı ilə 1.900 manat, bələdiyyə üzvlərinə, qulluqçularına və dəvət olunan qonaqlara Yeni il şənliyinin təşkil olunması adı ilə 3.500 manat, ümumilikdə 15.000 manat maliyyə vəsaitinin ayrılmasına dair 2007-ci il 26 dekabr tarixli 78 saylı sərəncam verib, həqiqətdə isə həmin sərəncam əsasında qeyd edilən 15.000 manatı bələdiyyənin xəzinəsindən götürüb mənimsəyib.
Qeyd edək ki, Zəfər Məsimov 3 il müddətinə azadlıqdan məhrum edilib. Zəfər Məsimovun şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində araşdırma başlayıb.
İstintaq davam edir
Səbail bələdiyyəsinin sədri Əhməd Hüseynovun istintaqı davam edir. 2009-cu il iyunun 23-də həbs edilən Əhməd Hüseynov Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
İstintaqı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparır. Əhməd Hüseynov 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini və SSRİ DİN Akademiyasını bitirib. Qarabağ müharibəsi veteranıdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
15 bələdiyyə ilə bağlı cinayət işi başlayıb
2009-cu ildə Azərbaycanda 15 bələdiyyə ilə bağlı prokurorluq orqanları tərəfindən cinayət işi başlanıb. Bu məlumatı bir müddət əvvəl ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin ötənilki fəaliyyəti ilə bağlı hesabat çıxışında səsləndirib. Qeyd edək ki, cinayət işi başlanan bələdiyyələr sırasına Neftçala rayonunun Xəzər, Lənkəranın Liman, Qubanın Dağlı, Goranboyun Xanqərvənd, Oğuzun Tayıflı, Ağdamın Üçoğlan, Bərdənin Qasımbəyli, Qubanın Gömür Dəhnə və digər bələdiyyələr daxildir. Bu bələdiyyələrin vəzifəli şəxsləri Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, səhlənkarlıq maddələri ilə təqsirli bilinirlər.
|