Polis zabitlərini qətlə yetirən məhkəmə qarşısında
 |
Cinayət sübuta yetsə, Sahib Həsənovu ömürlük cəza gözləyir
Şənbə, 30.01.2010
|
|
Polis zabitlərinin qətlində təqsirli bilinən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bakı şəhər sakini, 1977-ci il doğumlu Sahib Həsənov 2006-cı il yanvarın 25-də Sabunçu rayon 14-cü polis bölməsinin xidmətdə olan əməkdaşları - polis kapitanı Rövşən Rəhimov və polis leytenantı İlqar Ağayevin qətlində təqsirli bilinir.
Müəyyən edilib ki, 2006-cı ildə Bilgəh qəsəbəsində baş verən hadisə yerindən qayıdan həmin polis əməkdaşlarının olduğu avtomobil avtomat və tapança ilə silahlanmış Nardaran sakinləri Ramiz Həsənov, Həsən Əzimov, İlham Quliyev, Sahib Həsənov və başqaları tərəfindən saxlanılıb.
Onların dərhal açdığı atəş nəticəsində başından güllə yarası alan Rövşən Rəhimov hadisə yerində həlak olub, İlqar Ağayev isə ağır yaralanıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq polis leytenantı İlqar Ağayev Ramiz Həsənovu öldürüb, Həsən Əzimovu və İlham Quliyevi yaralayıb. Lakin aldığı güllə yarasından İlqar Ağayev özü də həlak olub.
İstintaq araşdırmaları ilə Ramiz Həsənovun, Həsən Əzimovun və İlham Quliyevin "Naqan", "Makarov", "TT" markalı tapançaları və avtomat silahı qanunsuz əldə etmələri və gəzdirmələri tam sübuta yetirilib. Polis əməkdaşlarının qətlə yetirilməsində bilavasitə iştirak etmiş Zülfü Həsənov, Faiq Zəkiyev, Famil Abbasov və başqaları müəyyən olunaraq barələrində axtarış elan edilmişdir.
Həmin şəxslərin tutulması məqsədilə 2006-cı il fevralın 7-də DİN xüsusi qurumu tərəfindən əməliyyat keçirilib. Əməliyyat zamanı onlar, eləcə də hadisə yerində olmuş İsmayıl Mürsəlov, Yaşar Cəbrayılov, Fikrət Saramanov, Seyidazər Mehdiyev polisə müqavimət göstərib, əməliyyat qrupu üzvlərinin üstünə əl qumbarası atıblar. Partlayış nəticəsində xidməti vəzifələrini yerinə yetirən 6 polis əməkdaşı və müqavimət göstərənlərdən bir neçəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bununla belə, Zülfü Həsənov və yuxarıda adları çəkilən 6 nəfər zərərsizləşdirilərək tutulub.
Qeyd edək ki, Zülfü Həsənov, Famil Abbasov, Faiq Zəkiyev, Yaşar Cəbrayılov, İsmayıl Mürsəlov, Azər Mehdiyev, Fikrət Saramanov CM 315.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddəsi ilə ittiham olunaraq, Sabunçu rayon Məhkəməsinin hökmü ilə şərti cəza alıblar. Həmin hökmdən prokurorluq apellyasiya protesti verib və təqsirləndirilən şəxslərin cəzalarının sərtləşdirilməsini istəyib. Bakı Apellyasiya Məhkəməsində isə şikayət təmin edilməyib.
Prosesdə ifadə verən təqsirləndirilən Sahib Həsənov özünü qismən təqsirli bildi. O, əməlindən peşman olduğunu söylədi. Təqsirləndirilən şəxs qeyd etdi ki, yanvarın 25-də onun üçün qız evinə nişan aparılıb: "Həmin gün səhər açılandan heç yerə getməmişəm və evdə olmuşam. Ramiz də evdə olub. Təxminən günorta saatlarında qardaşım Zülfünün qaynı Həsən və əslən Nardarandan olan Hənifə Quliyevin oğlu İlham qardaşım Ramizin yanına gəldilər. Bir qədər sonra Həsən və İlham araq almağa getdi və onlar araq alıb, geri qayıdandan sonra yeyib-içməyə başladılar. Bir qədər yeyib-içəndən sonra İlham getdi, bir az sonra isə Ramiz də evdən çıxdı, təxminən 15 dəqiqə sonra evimizdən 200 metr aralıda, "quyu" adlanan ərazidən atəş səsləri eşitdim.
Atəş səsi gələn tərəfə yollandım və orada qışqırtı gələn istiqamətdə qardaşım Ramizin də səsini eşitdim, elə başa düşdüm ki, ona qarşı təcavüz olunub. Buna görə də evdən avtomat silahı götürüb və onlar tərəfə qaçdım. Orada Həsəni yerə yıxılmış vəziyyətdə gördüm. İki nəfər isə əks istiqamətə gedirdilər. Atam onları göstərərək, "qardaşını öldürdü, o de, qaçır" deyə bildirdi. Mən də onlara tərəf ardıcıl atəş açdım. Həmin hadisədən sonra həbsə alınacağımı bilərək, Nardaran qəsəbəsində müxtəlif yerlərdə gizlənməyə başladım. 21 noyabr 2009-cu ildə Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşları məni yaşadığım evdə tutdular".
Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd etdi ki, Rövşən Rəhimovu Nardaran qəsəbəsinin sahə müvəkkili kimi tanıyıb: "Lakin İlqar Ağayevi hadisədən sonra tanımış, onun polis əməkdaşı olduğunu bilmişəm". Polis əməkdaşı Teymur Yusifov qeyd etdi ki, Dərya adlı şəxsi polis bölməsinə gətirmək üçün kapitan Rövşən Rəhimov və leytenant İlqar Ağayevlə birgə Nardaran qəsəbəsinə gediblər. Onun sözlərinə görə, Dəryanı evindən tutaraq, aparanda Ramiz Həsənov avtomatla ora gəlib: "Kənardan bir nəfərin güllə ata-ata gəldiyini gördük. Mən Dəryanın qolundan tutmuşdum. Rövşənlə İlqar Dəryanın anası və atası ilə danışırdı ki, oğlunun polis bölməsinə getməsinə imkan versinlər. Rövşən həmin güllə atan şəxsə tərəf gedərək problemin həll olunacağını və Dəryanı buraxacaqlarını söylədi. Sonra Həsən Əzimov və İlham Quliyev Rövşən Rəhimovu yerə yıxdılar. Ramiz Həsənov isə Rövşənin başından güllə ilə vurdu. Bundan sonra İlqar üstündə olan tapança ilə Ramizi vurdu. Məndə silah olmadığından qaçıb maşında oturmuşdum. Bir də gördüm ki, İlqar xırıldaya-xırıldaya maşına tərəf gəlir. Arxadan isə Sahib Həsənov onun arxasınca avtomatdan atəş açırdı. Sonra İlqar yerə yıxıldı. Onu qaldıranda mənə dedi ki, qaç. Mən onun əlində olan silahları, telefonu və vəsiqəsini götürüb qaçdım. Arxamca Sahib Həsənovun güllə atdığını gördüm".
Təqsirləndirilən isə Teymur Yusifovun ifadəsində həqiqətə uyğun olmayan məqamların olduğunu bildirdi. Məhkəmə prosesi fevralın 3-də davam etdiriləcək.
Qeyd edək ki, Sahib Həsənovun cinayəti sübuta yetirilsə, onu ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.
|
|
|
Oxşar xəbərlər:
İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş
"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir
"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı
Ərini qətlə yetirən qadın məhkum edildi
"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir
|
|
|