Yoxsulluğun səviyyəsi düzgün ölçülmür
|
Səhiyyə və təhsildə qeyri-rəsmi ödənişlər əhalini çətinə salır
Şənbə, 30.01.2010
|
|
Ölkədə yoxsulların sayı barədə ziddiyyətli rəqəmlər var. Çünki istifadə olunan büdcə metodologiyası Azərbaycanda yoxsulluğun səviyyəsi haqqında kifayət qədər dəqiq məlumat vermir. Minimum istehlak səbətinin əmtəə və xidmət tərkibi, onun hesablanmasında tətbiq olunan qiymətlərin real olmayan ehtimalı yaşayış dəyərinin aşağı düşməsinə və yoxsulluğa səbəb olur. Azərbaycanda yoxsulluğun əhalinin gəlir səviyyəsi əsasında ölçülməsi düzgün deyil. Çünki aqrar əyalətlərdə olan ev təsərrüfatları istehlak ehtiyaclarını qarşılamaq üçün şəxsi kənd təsərrüfatı gəlirlərinə arxalanır. Bu isə mövsümi xarakter daşıyır və qazanclar müntəzəm dəyişir.
Hökumət bu metodologiyaya əsaslanaraq yoxsullarının sayının az göstərilməsinə çalışır. Ekspertlər bunun yanlış olduğunu dilə gətirsələr də, ortada tədqiqat işi olmadığından konkret və əsaslı fikir söyləmək çətin idi. Əldə etdiyimiz bilgiyə görə, İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ABŞ BİA-nın və Counterpart Beynəlxalq Təşkilatının Vətəndaş Cəmiyyəti Layihəsinin maliyyə dəstəyi ilə həyata keçirilən "Ev təsərrüfatlarının büdcə müayinəsi metodologiyasının qiymətləndirilməsi" layihəsi başa çatıb. Layihə çərçivəsində 2008-2015-ci illəri əhatə edən "Yoxsulluğun Azaldılması və Dayanıqlı İnkişaf üzrə Dövlət Proqramı" (YADİDP) üzrə ev təsərrüfatlarının sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxış imkanları qiymətləndirilib.
3000 ev təsərrüfatı nə cavab verib?
İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu deyir ki, tədqiqatın əsas məqsədi ev təsərrüfatlarının büdcə müayinəsinin alternativ qiymətləndirilməsi, onların sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxış səviyyəsinin ölçülməsi və keyfiyyətin qiymətləndirilməsi üzrə metodologiya və strategiyanın inkişafına yönələn tövsiyələrin hazırlanması olub. Bu məqsədlə İTM Azərbaycanda 3000 ev təsərrüfatı arasında sorğu aparıb.
Sorğunun məqsədi əhalinin əsas ehtiyaclarını qarşılayan ictimai xidmətlər infrastrukturunun kəmiyyət və keyfiyyətini qiymətləndirmək olub. Sorğu əsasında hazırlanmış tədqiqat 3 istiqaməti əhatə edib: təhsilə, tibb xidmətlərinə və sosial müdafiəyə çıxış. Sorğu təsadüfi seçmə metoduna əsaslanmış və Naxçıvan Muxtar Respublikası istisna edilməklə, Azərbaycanın bütün regionlarının təmsilçiliyi əsasında aparılıb.
Tədqiqatdan bəlli olub ki, 2007-2009-cu illər ərzində təhsilə, səhiyyə, sosial müdafiə kimi ictimai xidmətlərə sərf olunan xərclər 90 faizə yaxın artaraq 3.2 milyard AZN təşkil edib. Təhsil xərclərinin iqtisadi təsnifat üzrə təhlili göstərib ki, vəsaitin 79 faizi əməkhaqlarının ödənişinə sərf edilib. Bu da onu təsdiq edir ki, istehlak bilavasitə insan kapitalına qoyulan uzunmüddətli investisiyaları üstələyir.
Qubad İbadoğlu deyir:
"Sosial müdafiə və təminat sahəsində göstəricilərlə birbaşa əlaqəsi olan və hər il yenidən hesablanan yaşayışın minimum dəyəri istehlak ehtiyaclarının və qiymətlərinin sürətlə artmasına adekvat deyil. Nəticə dövlətin sosial siyasətinin reallığını təhrif edir.
Odur ki, uşaqların təhsili üçün ayrılan sosial müavinət lazımi məbləğin yalnız 43.8%-ni təşkil edir".
Sorğunun nəticələri göstərir ki, son təhsil ilində valideynlər orta hesabla 1 şagirdə görə təhsil müəssisələrinə rəsmi olaraq 13,17 manat, qeyri-rəsmi olaraq 14,03 manat, ümumilikdə isə 27,22 manat vəsait ödəyiblər. Bundan əlavə, eyni dövrdə uniformalara, idman geyimlərinə, dərs və tədris vəsaitlərinə görə ödəniş 29,02 manat təşkil edib ki, bu da bütövlükdə 1 uşağın yalnız məktəblə bağlı xərclərinin il ərzində 56,24 manata bərabər olduğunu deməyə əsas verir. Nəzərə alanda ki, hazırda ümumtəhsil məktəblərində 1,5 milyona yaxın şagird oxuyur, onda aydın olur ki, valideynlərin şagirdlərin təhsili üçün rəsmi və qeyri-rəsmi ödənişlərinin ümumi məbləği 85 milyon manata çatır:
"2009-cu ildə təhsilə ayrılan xərclər ÜDM-in 3.1 faizini təşkil edib ki, bu da öz növbəsində Avropa Birliyində (5%) mövcud olan orta göstəricidən aşağıdır. Azərbaycanda təhsilin keyfiyyəti və ona çıxış ölkənin sosial-iqtisadi inkişafı üçün ciddi problemlər yaradır. Ailələrin 93 faizi uşaqlarını məktəbəqədər təhsil müəssisələrinə göndərmir. Bunun başlıca səbəbini valideynlər yaşadıqları ərazidə bu kimi təhsil müəssisələrinin yoxluğu və ya uzaqda yerləşməsi ilə izah ediblər. Son 5 illə müqayisədə 2009-cu ildə ali təhsil müəssisələrinə daha az abituriyent daxil olub və bu da orta məktəbdə təhsil səviyyəsinin aşağı düşməsi ilə izah oluna bilər. Statistika göstərir ki, 2008/2009-cu tədris ilində şagirdlərin təxminən 23 faizi orta məktəbin buraxılış imtahanlarından kəsiliblər".
Tibb ocaqlarındakı bahalıq əhalini evdə müalicəyə sövq edir
Azərbaycanda səhiyyə xərcləri adambaşına 65 dollar təşkil edir ki, bu da beynəlxalq standartlar üzrə minimal səviyyədən 35 faiz aşağıdır. Lakin qiymətlərin artması və mövcud qeyri-formal ödənişlər ailələr üçün səhiyyə xərclərini daim artırır. Sorğu aşkarlayib ki, əhalinin 55 faizinin zəruri olan dərman preparatlarını almağa imkanı çatmayıb. Azərbaycanda xəstəxana çarpayılarının sayı və onların istifadəsinin beynəlxalq təcrübə ilə müqayisəsi göstərir ki, tibb xidmətinin baha olması ilə əlaqədar əhalinin əksəriyyəti evdə müalicə alır.
Tədqiqatlar göstərir ki, səhiyyənin maliyyələşdirilməsində qeyri-rəsmi ödənişlərin payı yüksək olaraq qalmaqdadır. Mərkəz sədrinin dediyinə görə, son illər aparılan ayrı-ayrı tədqiqatlara əsasən, tibbi xidmətlərin ödənilməsində əhalinin ödənişlərinin payı 70-75 faizə çatır. Bunu Dünya Bankının apardığı tədqiqatlar da sübut edir. Belə ki, bu institut tərəfindən aparılan tədqiqatlar göstərir ki, səhiyyənin maliyyələşdirilməsində dövlət büdcəsi əsaslı mənbənin payı 23 faiz, xarici yardımlar 2 faiz, özəl tibbi xidmət və tibbi sığorta 5 faiz, əhalinin qeyri-rəsmi ödənişləri isə 70 faiz təşkil edir.
Eyni zamanda, səhiyyə büdcəsinin bölüşdürülməsi sxemi də müasir standartlara cavab vermir, belə ki, büdcə vəsaitlərinin böyük hissəsi çarpayı hesabı ilə xəstəxanalara ayrılır, eyni zamanda, büdcənin əsas xərc maddəsini də əməkhaqqı ödənişləri təşkil edir.
"Bu isə səhiyyə sahəsində xidmətlərin əlçatanlığına və keyfiyyətinə mənfi təsir göstərməkdədir. Səhiyyə sahəsində də rəsmi və qeyri-rəsmi ödənişlər, təhsildə olduğu kimi, əhalinin sosial yükünü artırmaqdadır. Ev təsərrüfatları son 4 həftədə laboratoriya testləri və bütün konsultasiyalar daxil olmaqla qeyri-rəsmi olaraq tibbi yardım üçün 13,46 manat, digər xərclər üçün 4,19 manat, yol xərcləri üçün 5,16 manat, bütövlükdə isə 22,81 manat vəsait xərcləyiblər. Respondentlər bildiriblər ki, ötən 12 ay ərzində xəstəxanaya yerləşdirildikləri halda həkim, tibb bacısı xərcləri və sair xərclərə görə 30,53 manat, dərmanlara görə isə 34,42 manat, bütövlükdə 64,5 manat vəsait xərcləyiblər. Bu isə ayda orta hesabla 5,42 manat edir. Göründüyü kimi, ev təsərrüfatlarının orta hesabla 4 həftəlik ambulator müalicə üçün ödənişləri 22,81 manat və aylıq xəstəxana xərcləri 5,42 manat, cəmi səhiyyə xərcləri ayda 28,23 manat, ildə isə 338,7 manat təşkil edir. Nəzərə alsaq ki, ev təsərrüfatlarının orta ölçüsü 4,5-ə bərabərdir, onda belə məlum olar ki, ev təsərrüfatının hər üzvü üçün 1 illik tibbi xərclər 75,28 manat təşkil edir. Deməli, ev təsərrüfatlarının büdcəsindən tibbi xidmətlərin və dərmanların alınmasına yönələn vəsait il ərzində 677,5 milyon manat təşkil edir ki, bu da 2008-ci il üzrə səhiyyə büdcəsindən 1,75 dəfə çoxdur."
Sorğuda iştirak edən ev təsərrüfatlarının 16 faiz özlərini "ekstremal kasıb" hesab edirlər. Bu göstərici ilə rəsmi yoxsulluq səviyyəsi arasında cüzi - 11 faiz fərq var.
Q.İbadoğlu söyləyir ki, sosial müavinətlərin ödənilməsinin təhlili göstərir ki, bəzi regionlarda aşağı gəlirli, çoxuşaqlı ailələrin, qaçqın və məcburi köçkünlərin olması vəziyyəti daha da gərginləşdirir. Respondentlərin 50 faizdən çoxu uşaqlarının yaşayış səviyyəsinin "orta səviyyə"dən aşağı olduğunu, 59 faiz isə tələb olunan resurslara malik olduqları halda belə, əlavə bir uşaq dünyaya gətirmək istəmədiklərini bildiriblər.
Hər bölgəyə - yoxsulluğun azaldılması proqramı!
Tədqiqatın nəticələrinə əsasən, İTM yoxsulluqla bağlı hesablamaların dəqiqliyini və yoxsulluğun azaldılması ilə bağlı proqramların təsirliliyini artırmaq üçün tövsiyələr hazırlayıb. Tövsiyələr haqqında məlumat verən ekspert hesab edir ki, metodologiya təkmilləşdirilməlidir ki, Azərbaycanda nisbi yoxsulluq səviyyəsini yoxsulluğun göstəricisi kimi müəyyənləşdirmək mümkün olsun.
Qubad İbadoğlunun sözlərinə görə, AB ölkələrində nisbi həddən və ya mövcud gəlirin orta səviyyəsindən aşağı müəyyənləşdirilən nisbi yoxsulluq göstəricisindən istifadə edilir. Bu metodologiya yoxsulluq səviyyəsini daha dəqiq ölçür və yaşayış səviyyəsini daha düzgün ifadə edir. Bununla yanaşı, yoxsulluq səviyyəsini ev təsərrüfatlarının istehlak xərclərinin bazasında hesablamaq vacibdir. Çünki əhalisinin gəlirləri az dəyişikliyə məruz qalan dövlətlər üçün yoxsulluğun gəlirlərin bazasında hesablanması daha düzgün yanaşma sayıla bilər:
"Lakin nəzərə alaq ki, Azərbaycan əhalisinin 48 faizi kənddə yaşayır və ev təsərrfatlarının cari gəlirləri müntəzəm deyil, mövsümi fəaliyyətdən çox asılıdır. Odur ki, istehlak xərcləri əsasında yoxsulluğun hesablanması daha düzgün yanaşma hesab olunur".
Yoxsulluğun azaldılması və dayanıqlı iqtisadi inkişafı təmin etmək zəruridir. Ona görə də, iqtisadçının qənaətincə, ayrı-ayrı bölgələr üçün yoxsulluğun azaldılması proqramları işlənilməlidir. Bölgələrin sosial-iqtisadi xəritəsi müvafiq siyasətlərin işlənilməsi və maliyyə və vergi stimullarının təklif olunması üçün istifadə olunur:
"Bu, xüsusilə də uşaqlar və çoxuşaqlı ailələr üçün ünvanlı sosial yardıma ən çox ehtiyac duyulan Abşeron iqtisadi rayonu üçün münasibdir. Həyat səviyyəsinin kəmiyyətçə artırılması və keyfiyyətcə təkmilləşdirilməsi istiqamətində proqram hazırlanmalı, keyfiyyət göstəricilərinin optimallaşdırılması modeli tərtib edilməlidir. Həyat səviyyəsinin kəmiyyətcə artırılması istiqamətindəki tədbirlərdə aztəminatlıların gəlirlərinin ölkə üzrə adambaşına düşən gəlirlərin 60 faiz səviyyəsinə çatdırılması hədəf götürülür".
Tövsiyələr
Öyrəndik ki, tövsiyələr arasında sağlamlıq üzrə sığorta proqramlarının genişləndirilməsi və səhiyyə xidmətlərinə çıxışın artırılması məsələsi önə çəkilib. Müsahibim hesab edir ki, icma əsaslı səhiyyə fondları yaratmaqla, ilkin səhiyyə xidmətinə çıxış imkanı artır və bu prosesdə ictimai iştirakçılığa nail olunur. Eyni zamanda, səhiyyə xidməti göstərən müəssisələrə maliyyə müstəqilliyi verilməlidir:
"Hissəvi özəlləşdirmə prosesinə təşəbbüs göstərməklə, səhiyyə xidməti göstərənlər arasında rəqabət mühitinin yaradılması vacibdir. Dövlət səhiyyə xidməti göstərənlərin maliyyə müstəqilliyini artırmaq və büdcədən maliyyələşməni adambaşına aparmaq siyasəti ilə vəsaitlərin ünvanlı və səmərəli bölgüsünə nail olunur".
Qubad İbadoğlunun fikrincə, orta məktəblərin müstəqil qiymətləndirilməsini təşkil etmək və onların müstəqilliyinin artırılması vacibdir. Qiymətləndirmə ümumi təhsil standartlarını və hazırkı tələbləri nəzərə alır, həmçinin onların gələcək inkişaf perspektivlərini əhatə edir. Təhsil Nazirliyinin standartlarına uyğun gələn məktəblərə daha çox maliyyə və idarəetmə müstəqilliyi verilməlidir. Bu məktəblər büdcələrinin idarə edilməsində və işçi götürmə prosesində, kurrikulum hazırlanmasında və təhsil materiallarının seçilməsində müstəqil olurlar. Dövlət büdcəsindən maliyyələşdirmə şagirdlərin sayı əsasında həyata keçirilir. Səhiyyə xidmətlərində və təhsildə qeyri-rəsmi ödənişləri aradan qaldırmaq. İdarəetmə şuraları bu sahədə dövlət siyasətinə və ictimai xidmətlərin çatdırılmasına informasiya çıxışını artırır, korrupsiya ilə mübarizəni gücləndirir.
|
|
|
Oxşar xəbərlər:
Rüşvətsiz, qayda-qanunla yaşamaq istəmişdik
İmkanlıdır, amma "uşaqpulu"na göz dikir
Hökumətin öhdəlikləri icra imkanları azalıb
Yardım alanlar "yoxsulluq tələsi"nə düşüblər
"Juliksiniz, oğrusunuz, camaatın pulunu basıb yeyirsiniz..."
|
|
|