Son vaxtlar idman həvəskarları Macarıstanda keçirilən futzal üzrə Avropa çempionatının oyunlarını böyük həvəs və həyəcanla izləyirlər. Bu da səbəbsiz deyil. Tarixində ilk dəfə Avropa çempionatının həlledici mərhələsində çıxış edən və artıq bürünc medala iddia edən yığmamız sensasiya etməyə çox yaxındır.
Son iki həftə davam edən futzal həyəcanı bu gün keçiriləcək üçüncü yer uğrunda matçla və final qarşılaşması ilə başa çatacaq. İlk dəfə Avropa çempionatında yarımfinala qədər irəliləyərək, qitənin ən güclü dörd komandasından biri olan futzal yığmamız bu gün özünün ən vacib matçına çıxacaq. Millimiz Avropa çempionatının bürünc medalları uğrunda keçiriləcək matçda Çexiya yığması ilə üz-üzə gələcək.
Azərbaycan milli futzal komandasının Avropa çempionatının 1/4 final mərhələsinə çıxmaqla böyük uğur qazandığı haqqında ötən sayımızda yazmışdıq. Komandamız bu mərhələdə Ukrayna millisi ilə üz-üzə gəlib. Qitə çempionatının ikiqat gümüş mükafatçısı olan Ukrayna yığması çempionata çox iddialı gəlmişdi. Bu dəfə çempionatın qızıl medallarını Kiyevə aparmaq niyyətində idilər. Lakin yığmamız təcrübə və psixoloji cəhətdən daha üstün olan Ukrayna millisi ilə matçı heç-heçə (3:3) başa vurdu, üstəlik matçdan sonra penalti zərbələrini daha dəqiq yerinə yetirərək, (4:2) yarımfinala vəsiqə qazandı. Xatırladaq ki, millimiz qrup mərhələsində Macarıstan yığmasını 3:1, Çexiya komandasını isə 6:1 hesabı ilə məğlub etmişdi.
Çempionatın yarımfinal mərhələsində millimiz Portuqaliya yığması ilə qarşılaşdı. Portuqaliyaya qalib gələ bilsəydik, bu gün artıq qızıl medallar uğrunda matça çıxacaqdıq. Çox heyf ki, bu istəyi gerçəyə çevirə bilmədik. Portəgizlərlə oyunun əsas vaxtı 3:3 hesabı ilə nəticələndiyindən qalib penalti seriyasında müəyyənləşdi. Bu zərbələri daha sərrast yerinə yetirən rəqibimiz ümumi nəticədə 8:6 hesabı ilə qalib gələrək finala vəsiqə qazandı.
Portuqaliya ilə yarımfinal oyunundan sonra yığmamızın baş məşqçisi Joze da Silva oyunla bağlı fikirlərini bölüşüb: "Portuqaliya yığmasını təbrik, futzalçılarımıza isə təşəkkür eləyirəm. Penaltilər seriyası lotoreyadır. Ötən oyun biz bu lotoreyanı udduq, bu dəfə isə alınmadı. Yarımfinalda uduzsaq da, böyük təcrübə əldə etdik və gələcəkdə bunun bəhrəsini görəcəyik. Üçüncü yeri tutmağa şansımız var. Bakıya medalla qayıtmaq istəyirik".
Yeri gəlmişkən, yığmamız seçmə mərhələdə məhz Portuqaliya ilə 3:3 hesablı oyundan sonra Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışdı.
Beləliklə, komandamız Avropa çempionatında son oyununu bu gün Bakı vaxtı ilə saat 21:00-da Debretsen şəhərindəki "Feniks Arena"da keçirəcək. Millimizin üçüncü yer uğrunda rəqibi yarımfinalda İspaniyaya 8:1 hesabı ilə uduzan Çexiya yığmasıdır. Avropa çempionatının bürünc medalını qazanmaq üçün Çexiyanı məğlub etməliyik. Yeri gəlmişkən, millimiz yanvarın 21-də qrup mərhələsi çərçivəsində Çexiya ilə qüvvəsini sınayıb və 6:1 hesabı ilə qələbə qazanıb. Elə isə niyə də çexləri ikinci dəfə məyus etməyək?
Bu oyun ərəfəsində milli komandamız ciddi itki ilə üzləşib. Belə ki, yığmanın əsas oyunçularından olan Nilson Maşado (Biro Jade) bu gün yığmamıza kömək edə bilməyəcək. Buna səbəb onun Portuqaliyaya qarşı matçda sarı vərəqə almasıdır.
Final qarşılaşmasında isə Priney yarımadasının iki qonşu ölkəsi - İspaniya və Portuqaliyanın yığma komandaları üz-üzə gələcəklər. Qeyd edək ki, Portuqaliya yığması Avropa çempionatında ən yaxşı nəticəsini 2000 və 2007-ci illərdə əldə edib. Portəgizlər həmin illərdə qitə çempionatında yarımfinala qədər irəliləməyi bacarıblar. Komandanın baş məşqçisi Orlandu Duarte 2000-ci ildən yığmaya başçılıq edir. Portuqaliya yığması məhz bu mütəxəssisin başçılığı altında Avropanın futzal elitasına daxil olmağı bacarıb.
İspaniya yığmasına gəlincə, bu kollektiv haqlı olaraq qitənin ən güclü futzal komandası sayılır. İspaniya millisi dörd dəfə qitə çempionatının (1996,1999,2005 və 2007-ci ildə) qızıl medallarına sahib çıxıb, 2000 və 2004-cü ildə isə dünya çempionu titulunu qazanıb. Odur ki, İspaniya növbəti dəfə Avropanın ən güclü komandası adını rəsmiləşdirməyə çox yaxındır.
|