Güney Azərbaycanda 1945-ci ildə Milli Hökumət qurulduqdan ayyarım sonra - 1946-cı il yanvarın 28-də Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvəri BMT Baş Assambleyasına müraciət etmişdi. O vaxtdan 64 il keçir, ancaq beynəlxalq ictimaiyyət hələ də bu müraciətə cavab verməyib. Amma cavab verməli idi!
Ötən bu illər ərzində dünyanın siyasi xəritəsində çoxlu dəyişiklik baş verib. SSRİ çöküb, Afrika xalqları azadlığa qovuşub, ərəblər neçə dövlət yiyəsi olublar, hətta Küveyt vilayətinin belə dövlət olmasına icazə verilib, Hindistan yarımadasında neçə dövlət yaranıb, Yuqoslaviya neçə dövlətə parçalanıb. Bunların hamısı xoş qarşılanıb, təkcə Azərbaycanın qanuni istəyindən başqa. Qanuni istək dedikdə, Azərbaycan türkü milli haqlarının təmin olunmasını istəmişdi.
Ötən bu illər ərzində İranda iki dəfə böhran baş verib. Bunlardan biri 1952-ci ildə baş vermiş "Müsəddiq əhvalatı", digəri isə 1979-cu il fevral inqilabıdır. Bu hadisələrdən sonra da Güney Azərbaycan türklərinin milli haqları təmin edilmədi. 30 il öncə qəbul edilmiş İran İslam Respublikasının Ana yasasında milli haqların ödənilməsi ilə bağlı bir sıra maddələr öz əksini tapsa da, həmin müddəalar indiyə qədər gerçəkləşdirilmir. Öz milli-mədəni, təbii və qanuni haqlarının təmin olunmasını istəyən Azərbaycan türkləri isə təqib və təzyiqlə üzləşir, həbs olunur, həbsxanada işgəncəyə məruz qalır, müəmmalı şəkildə qətlə yetirilir.
Tələbələrin bəyanatı
Ən təzə misal: bu yaxınlarda həmin haqları tələb edənlərdən biri - Çingiz Bəxtavər müəmmalı şəkildə öldü. Tehrandakı Azad, Əllamə Təbatəbayi, Xacə Nəsrəddin universitetlərinin türk tələbələri onun ölümü ilə bağlı bəyanat yayıblar: "Yaşadığımız çoxmillətli İranda dövlət və dövlətçilikdə şovinist toxumu səpilib. Son günlərdə tanınmış ziyalı Çingiz Bəxtavərin dəfn mərasiminin İranın təhlükəsizlik qüvvələrinin nəzarəti altında keçirilməsi yürüdülən bu siyasətin məntiqi davamıdır.
Mərasimdə iştirak edənlər döyüldü, təhqir edildi, 22 nəfər isə həbs olundu. Onların bir neçəsi sərbəst buraxılsa da, tutuqlu saxlananlara qarşı irəli sürülən ittihamlar açıqlanmır".
Bəyanatda daha sonra vurğulanır: "Azad yaşamaq yalnız bəşəri qanunlarla tənzimlənmir, bu həm də insanın zatından qaynaqlanan bir özəllikdir. Bu haqqı bütün ədalətli qanunlar və cəmiyyətlər tanıyır. Ancaq İrandakı irqçi hakimiyyət bu hüququ nəinki tanıyır, əksinə, milli varlığını qoruyan, insan haqlarının tapdanmasının qarşısını almaq istəyənlərə qarşı ədalətsiz məhkəmələr qurur, qanunsuz rəftar edir, dəfnə aparılan cəsədlərə və dəfn mərasiminə sayğısızlıq edir". Bu da belə.
Milli haqlarının təmini istiqamətində ötən bu 64 il ərzində beynəlxalq ictimaiyyətə Güney Azərbaycan türkləri tərəfindən çeşidli dillərdə neçə-neçə belə müraciətlər ünvanlanıb. Daha nə qədər müraciət etmək olar?
Bəs Pişəvəri həmin müraciətində nə deyirdi?
O illərdə Güney Azərbaycan türklərinə öndərlik edən Pişəvərinin həmin müraciətindən xəbəri olub, özlərini bilməzliyə vuranların diqqətinə həmin sənədi təkrar çatdırırıq:
"Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı zəngin milli tarixə malikdir. Əsrlərin keşməkeşində o öz milli dilini, adət və ənənələrini qoruyub saxlaya bilmişdir.
İran zülmkarları Azərbaycanı öz hakimiyyətləri altına alaraq, onun sərvətini amansızcasına taladılar, nəticədə Azərbaycanın çiçəklənən kənd və şəhərləri dağılmaq həddinə gəlib çatdı.
Şovinist, böyük dövlətçilik siyasəti yürüdən İran hökmdarları azərbaycanlıların mövcudluğunu tamamilə inkar etməyə cəhd göstərir, onların dilini əlindən almaqdan, hər cür təhqiredici əməllərdən çəkinmirdi. Buna baxmayaraq, Azərbaycan xalqı bir gün də olsun öz azadlığı uğrunda mübarizəni dayandırmadı. Azərbaycanlıların öz milli azadlıqları uğrunda mübarizəsinin ən parlaq nümunəsi Səttar xan, Bağır xan, Məhəmməd Xiyabani və başqalarının hərəkatlarıdır...
Qanlı faşizm üzərində demokratik dövlətlərin qələbəsi Azərbaycan xalqının mübarizəsinə yeni təkan verdi, yeni şərait yarandı.
Tehran hakimiyyətinin müqavimətinə baxmayaraq, bu il Azərin 21-də (dekabrın 12-də) Azərbaycan xalqının əsrlərdən bəri apardığı azadlıq mübarizəsi qələbə ilə başa çatdı. Atlantik Xartiyasına uyğun olaraq, Milli Məclisi, Azərbaycan Milli Hökumətinin qurulması ilə nəticələndi.
Azərbaycanda demokratik əsaslara dayanan bir Milli Hökuməti qurub və öz fəaliyyəti barədə bütün dünyaya məlumat yayıb.
5 milyonluq (Milli Hökumət ərazisindəki azərbaycanlıların sayı - S.S) Azərbaycan xalqı milli dilinin, tarixinin, mədəniyyətinin köməyi ilə özünün müasir bir xalq olduğunu dərk etdi və bir də heç vaxt fars zülmünün altında inləməyə, fars dilinin İrandakı başqa xalqların dilləri üzərində ağalığına icazə verməyəcəkdir... Yeni demokratik Azərbaycan hökuməti qısa bir vaxt ərzində ictimai, iqtisadi, mədəni sahələrdə ciddi dəyişikliklər edə bilib, daxili təhlükəsizlik tam bərqərar olunub. Yeni Milli Hökumətin fəaliyyəti sayəsində əsrlərlə istismar olunan xalq adi insani şəraitdə yaşamağa başlayıb. Bununla o öz milli dövlətini qurmağa, onu idarə etməyə qadir olduğunu göstərir.
Azərbaycan xalqının iradəsi ilə Atlantik Xartiyasına, yəni böyük dövlətlərin vədinə uyğun olaraq, qurulan Azərbaycan Milli Hökuməti artıq danılmaz faktdır. BMT Baş Assambleyasına müraciətlə Azərbaycan xalqı xahiş edir ki, Azərbaycan Milli Hökumətinin mövcudluğu faktı tanınsın və kənardan müdaxilə olmadan, ona öz taleyinin özü tərəfindən müəyyənləşdrilməsinə təminat verilsin".
|