İranda türcə şəxs adı, qəzet adı, ekoloji, yaxud sosial yönümlü QHT adı hakimiyyətin gözçülərini vahiməyə salır. Əgər vətəndaş yeni doğulmuş körpəsinə türk adı qoysa, yaxud bir yazar özünə türkcə təxəllüs götürsə - bu, dəhşətli millətçiliyin, hətta pantürkizmin əlaməti kimi görülür. Məsələn, "Azadlıq" radiosunun xəbərində deyilir: "10 gündür təbiəti mühafizə ilə bağlı yaratdığımız "Dağ" qrupunun işini qadağan ediblər. Haqqımızda məhkəmə hökm çıxarıb. Hökmdə yazılıb ki, "Dağ" qrupu millətçiliyi yaymaqla məşğuldur". Bu sözləri Azərbaycanın Qoşaçay şəhər sakini Behbud Quluzadə söyləyib. Onun sözlərinə görə, son günlər Qoşaçayda rəsmi qurumların təqibləri başlayıb. Azərbaycanlılar heç bir səbəb göstərilmədən hüquq-mühafizə orqanlarına çağırılaraq, sorğu-sual edilir.
Behbud Quluzadə uzun illərdir rəssamlıqla məşbul olur. O deyib ki, çəkdiyi rəsm əsərlərinə "Baxış" imzası qoyduğuna görə rəsmi qurumlar barəsində cinayət işi açıb və bildiriblər ki, "Baxış" türk sözü olduğu üçün bu rəsmlərdə millətçiliyi gücləndirmək məqsədi güdülür (!?).
Bir müddət öncə Ərdəbil əyalətinin Germi rayonunda sahibkarlar dükanlarına türkcə adlar qoymaq cəsarətində bulunduqları üçün yerli inqilab məhkəməsinə çağırılmışdı. "Çənlibel" adlı mağazanın yiyəsi Şəhruz Əsədiyə məhkəmədən deyiblər ki, bu adı qoymaqla o, "İran dövlətçiliyinə qarşı fəaliyyət göstərir" (!?) və dükanın adını dəyişməlidir. ETTELAAT əməkdaşları onun dükanının qarşısındakı türkcə reklam lövhələrini sökərək, özünü qurumun təcridxanasında saxlayıb, sorğu-suala tutmuşdular.
Xəbərlərə əsasən, "Ana", "İlqar", "Sarıtel", "Ayatay", "Türk" kimi adlar qoyulmuş ticarət obyektləri və müəssisələrin adları artıq dəyişdirilib.
Azərbaycanlı iş adamları şirkət və dükanlarına türkcə ad qoyduqları üçün ötən il də məhkəməyə cəlb olunmuşdular. Bir il ərzində bununla bağlı minə yaxın "cinayət işi" açılıb. Türk adı seçən iş yerlərinə məktubla xəbərdarlıq edilir, buna əməl etməyənlərə məhkəmənin qərarını göndərirdilər. Həmin məktublarda dükan və şirkət yiyələrindən adların türk dilindən farcaya çevrilməsi tələb olunur. Sahibkarların çoxu bu qərarı icra etsə də, 50 mağaza yiyəsi hakimiyyətin tələbinə boyun əyməyib. Buna görə həmin şəxslərrin dükanları və şirkətləri qapadılıb. Bax, İranın tərifli islam rejiminin rəftar və davranışı belədir.
Türkməncə də olmaz!
Bu kimi rəftarla İranın şərqində yaşayan türkmən qardaşlarımız da üzləşir. Türkmənsəhra Azadlıq Təşkilatının yaydığı məlumata əsasən, İranın Mədəniyyət və İslam İrşad Nazirliyi Türkmənsəhradakı 590 dükanın yiyəsinə xəbərdarlıq məktubu göndərərək, mağazalarına qoyduqları türkcə adların fars dilinə çevrilməsini tələb ediblər. Uzun sürən çək-çevirdən sonra 530 dükan sahibi türkcə adları dəyişməyə məcbur olub. Türkcə adlarla yanaşı, hakimiyyət bu dildə çıxan tək-tük KİV-lərə də basqılarını artırıb.
Türkcə tələbə qəzetləri tsunami dalğasında
"GünazTV"nin məlumatına görə, Güney Azərbaycanın bir sıra bölgələrinə ğununla bağlı göstəriş verilib. Həmin göstərişə görə, Azərbaycan türkcəsində çıxan hər qəzetdən bir nüsxə əyalətin icra hakimiyyətinə göndərilsin. Həmin qəzetin fəaliyyətini davam etdirməsi üçün icra hakimiyyətinin dəftərxanasından cavab gözlənilsin. Azərbaycanlı tələbə-gənclərin Azərbaycan türklərinin tarixi, dili və ədəbiyyatından yazan "Ulus", "Nəsim", "Araz", "Özlük", "Oyanış", "Səttarxan", "Kimlik", "Yoldaş", "Yağış", "Qıpçaq", "Günəş", "Yarpaq", "Telenger", "Çənlibel", "Yaşıl yol", "Ana yurdu", "Səhər", "Açıq söz" və "Sayan" adlı tələbə dərgiləri qapadılan türkdilli mətbu orqanlardan yalnız bəziləridir.
Xatırladaq ki, ötən il Yəzd Universitetinin azərbaycanlı, o cümlədən xələc, avşar, qaşqay türk tələbələrinin birgə buraxdığı "Xələc" adlı tələbə dərgisinin nəşrini universitet rəhbərliyinin mədəniyyət idarəsi yasaqlamışdı. Ali təhsil ocağının rəhbərliyi bunu dərginin "pantürkçülüyü və bölücülüyü" təbliğ etməsi ilə əsaslandırıb. İki sayı işıq üzü görmüş "Xələc"in sonuncu sayında Güney Azərbaycan türklərinin dili, mədəniyyəti və tarixi haqda yazılarla yanaşı, "Məşrutə hərəkatı", "İrqçilik və ariçilik", "Hindistanda qurulmuş Xələc-Babur imperiyası" və doktor Cavad Heyətin "21 Azər - Azərbaycana qarşı mədəni soyqırım günü" adlı məqalələr çap olunubmuş.
Yayılan xəbərlərə görə, bir müddət öncə dərginin baş redaktoru naməlum şəxslər tərəfindən "bölücü" ittihamına məruz qoyularaq hədələnmiş, onun nəzarət etdiyi sayt isə bağlanmışdı. Yəzd Universiteti mədəni məsələlər komitəsinin məsulları "Xələc"in nümayəndələri ilə görüşdə deyiblər: "Əgər türk tələbələr universitetdə pozuculuq fəaliyyəti ilə məşğul olmasa, o zaman sizinlə heç bir problemimiz olmayacaq".
Onu da xatırlatmaq lazımdır ki, bu ali təhsil ocağında yayılan "Ana yurdu"nun 11, "İşılay"ın isə 4 sayı işıq üzü gördükdən sonra qapadılıb.
|