Elxan Xanəlizadənin "Yol" romanının təqdimatı keçirilib. "Ali & Nino" kitab evində keçirilən mərasimdə gənc yazarın eyni adlı romanının audio versiyası da iştirakçılara təqdim edilib. Tədbiri yazarın dostu Emin Musəvi açaraq bildirib ki, dövri mətbuatda zaman-zaman çıxışlar edən Elxan Xanəlizadə həm də müxtəlif illərdə ispan dilindən tərcümələr edib. Onun növbəti yaradıcılıq işi həm kitab həvəskarları, həm də əsəri qulağı ilə dinləmək istəyənlər üçün bir töhfədir.
Yazarın izahatına görə, "Yol" romanı təxminən bir əsrə yaxın yaşayan azərbaycanlı qocanın dili ilə yazılıb. Yazıçı qəhrəmanının əlindən tutaraq böyük bir coğrafi məkanı gəzdirir. Müəllif bilərəkdən öz qəhrəmanının taleyinə, dilinə müdaxilə etmədən onu oxucuya olduğu kimi çatdırır. Əsər boyu İbrahim İmanov müxtəlif cəhətləri ilə seçilən, lakin mənfurluğu ilə bir-birinə çox oxşayan cəmiyyətlərdə sınmır, əksinə, hər dəfə həyatdan zərbə aldıqca öz insani keyfiyyətlərini qoruyaraq, daha da mətin olur. Minlərlə azərbaycanlının yaşadığı acınacaqlı həyatı bir insanın obrazında təqdim edən yazıçı ötən dövrlərə yeni baxışı əks etdirməklə oxucunu düşünməyə vadar edir.
Müəllifin əlavəsinə görə, oxucu üçün yenilik olan audio kitab isə dünya ədəbi təcrübəsində geniş yayılıb. Qeyd edək ki, "Yol" audio romanı əməkdar artist Gövhər Həsənzadənin studiyasında peşəkar heyət tərəfindən hazırlanıb. "Yol" üçün xüsusi musiqi və vokallar yazılıb. İnstrumental musiqilərin müəllifi və fortepianoda ifa edəni bəstəkar Ülviyyə Vəliyevadır. Vokal partiyalarını Aynur İsgəndərli, Aytac Cəfərova və Seyran İsmayılxanov səsləndiriblər. Kitabın və onun audio versiyasının rəssamı Nərminə Vəliyevadır. Mətni Ceyhun Əli səsləndirib.
|