"Dövlət neft şirkətinin Binəqədi, Bibiheybət, Balaxanı neft-qaz çıxarma idarələrinə aid sahələrdə ev tikmiş vətəndaşların bu ərazidən çıxarılma riski var". Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi (NHMK) neft istehsalı sənayesində insan haqlarının durumuna dair dünən Media Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib (APA).
M.Qəhrəmanlı deyib ki, həmin ərazilərlə bağlı Azneftin o zamankı rəhbəri Yavər Camalov Bakı meriyasına məktub yazaraq, bu ərazilərin bir qismində neft olmadığını bildirib və həmin məktuba əsasən Bakı meriyası əraziləri uyğun bələdiyyələrə, bələdiyyələr də vətəndaşlara verib. "Hazırda Bibiheybət mədən ərazisində 5 min ev tikilib, bu evlərin 200-nün sökülməsi haqda məhkəmə qərarı var", - deyə komitə sədri qeyd edib. Onun sözlərinə görə, neft şirkəti həmin 5 min evi tamamilə sökmək niyyətindəir.
9 ölüm faktı
Habelə hüquq müdafiəçisi neftçilərin də problemlərindən danışıb, o, konfransda nümayiş etdirilən videosüjetdə 3 buruqda çalışan fəhlələrin həyatının hər an təhlükədə olduğunu əyani nümayiş etdirib. "Neft buruğuna aparan yol üstə qoyulan taxtaların çürük, nəticədə işçinin istənilən vaxt dənizə düşmək ehtimalı olduğu göstərilir", - deyə o bildirib.
Komitə sədri Mirvari Qəhrəmanlı 2009-cu ildə neft istehsalı sahəsində 9 nəfərin ölümünə dair fakta malik olduqlarını söyləyib. "Bu, bizə məlum olan faktlardır, bir çox belə faktların gizlədilməsini istisna etmirik", - deyə komitə sədri göstərilən faktların tam gerçəkliyi əks etdirmədiyinə işarə edib.
Bununla yanaşı, komitə sədri bu ölüm faktlarına baxmayaraq, dövlət neft şirkətinə qarşı bir cinayət işi belə açılmadığını diqqətə çatdırıb. "Bu cəzasızıq şəraitinin nəticəsidir ki, insanlar istehsal prosesində həyatlarını itirir, dövlət qurumu isə maddi təzminat ödəməmək üçün ölüm faktlarını gizlətməyi çıxış yolu sayır", - deyə komitə sədri istehsal prosesi zamanı baş verən ölüm faktlarına münasibət ifadə edib.
İxtisarların mahiyyəti
Bundan əlavə, komitə sədri şirkətdə işçilərin təqaüd yaşı çatan kimi təqaüdə çıxarılması və əmək müqavilələrinin imzalanması, ixtisarlar prosesində özbaşınalıqlara yol verildiyini qeyd edib. Onun sözlərinə görə, işçiləri təqaüdə çıxararkən bu insanın sonrakı yaşayışının necə olacağı idarə müdirlərini qətiyyən maraqlandırmır.
İxtisarlara gəlincə, M.Qəhrəmanlı şirkətin bu ixtisarların səbəbləri barədə işçilərə hər hansı açıqlama vermədiyini və ixtisarın nə üçün aparıldığının məlum olmadığını söyləyib. "Burada ştatları yox, arzuedilməz insanlar ixtisara salınır, sonradan isə ixtisar adı ilə boşalan yerlərə yeni işçilər götürülür", - deyə M.Qəhrəmanlı dövlət neft şirkətində aparılan ixtisarların məzmununa toxunub.
Onun sözlərinə görə, daha bir problem istehsal zədələrilə bağlıdır, belə ki, işçi istehsal zədəsi aldıqda idarə müdiri müxtəlif vədlərlə işçini şikayət etməyə qoymur, sağalıb işə çıxdıqdan sonra isə işdən azad edirlər. Bu məsələdə idarələrin həmkarlar təşkilatlarının fəhlələri müdafiəsinə gəlincə, komitə sədri əksər həmkarlar komitələrinin müdriyyəti müdafiə etdiyini, müstəqil həmkarlar komitəsi yaratmağa isə Ədliyyə Nazirliyinin imkan vermədiyini nəzərə çatdırıb.
|