çap et  
Əli Məsimli: "Dövlət ağır yükü öz üzərinə götürməlidir"
Əli Məsimli: "Dövlət ağır yükü öz üzərinə götürməlidir"
Təhsil kreditlərinin verilməsinə başlanılmazsa, bu, Azərbaycanın gələcəyini dəhşətli məcraya aparacaq
Şənbə, 30.01.2010

A.Akif

Ölkəmizdə ali təhsilli insanların sayı azdır. MDB ölkələri arasında aparılmış statistik araşdırmanın nəticəsindən sonra bu qənaətə gəlinib. Litva, Gürcüstan kimi ölkələr bu göstərici üzrə ölkəmizdən xeyli öndədir. Hökumət ilbəil təhsil sahəsinə ayrılan vəsaitin məbləğini artırsa da, vəziyyət yaxşılığa doğru dəyişmir. Bəzi mütəxəssislər düşünürlər ki, bunun əsas səbəbi əhalinin təhsil imkanlarının məhdudlaşması və təhsil xərclərinin artmasıdır.

Ötən saylarımızda təhsil xərclərinin ilbəil artması ilə bağlı iqtisadçı Rövşən Ağayevin araşdırmasının nəticəsini təqdim etmişdik. Belə görünür, nə dövlət, nə də özəl təhsil müəssisələrində təhsil haqlarının aşağı endiriləcəyi gözlənilir. 2008-ci ildə ödənişli fakültələrdə təhsil alanların sayı 55 faizi ötmürdüsə, 2009-cu ildə bu rəqəm 63 faiz təşkil edib. Deməli, problemdən nəsə başqa bir çıxış yolu tapılmalıdır.

Əli Məsimli yeni qanun hazırlayıb

İqtisadçı millət vəkili Əli Məsimlinin gətirdiyi bəzi rəqəmlər bu məsələnin təcili həllini tapmasının vacibliyini gündəmə gətirir. Onun sözlərinə görə, təhsil sahəsində çalışanların orta əməkhaqqı 200 manatdan azdır. Belə şəraitdə dövlət ali təhsil müəssisələrində təhsil almaq üçün illik ödəniş 400 manatdan başlayır. 2000 manatadək yüksəlir. Özəl tibb müəssisələrində bu rəqəmlər müvafiq olaraq 800, 4000 manat arasındadır:

"Bu əməkhaqqı ilə müəllim, həkim, büdcə təşkilatlarında və digər bu kimi sahələrdə çalışanların övladları ali təhsil almamalıdırlar. Bu, insanların konstitusion hüquqlarını pozmaqla, Azərbaycanın gələcəyini dəhşətli məcraya aparır. Ödənişli təhsil sisteminin inkişafı müşahidə edilir və bu sistemin ləğvini də, açığı, gözləmirəm. Odur ki, "Təhsil kreditləri haqqında" qanun layihəsi hazırlamışam".

Millət vəkilinin söylədiklərindən öyrəndik ki, onu bu qanun layihəsini hazırlamağa yerli banklarımızın təhsil kreditləri adı altında soyğunçuluqla məşğul olması sövq edib. Məlumat üçün bildirək ki, ölkəmizdə bir neçə bank 3-12 ay arasında təhsil krediti verir. Kredit ən aşağı 19,3, ən yuxarı isə 26 faizlə verilir. Banklardan istehlak kreditləri alanlar yaxşı bilirlər ki, bu şərtlərlə məişət avadanlıqları da almaq mümkündür. Yəni əslində bu növ kreditlər istehlak kreditləri soyuducu, televizor, kondisioner, paltaryuyan almaq üçün verilir. Bir sıra banklar isə eyni şərtlərlə təhsil krediti verirlər.

Bəs başqa ölkələrdə?

İnkişaf etmiş ölkələrdə təhsil kreditləri 3-5 faiz arasında verilir. Ancaq bir sıra ölkələrdə təhsil kreditləri 10 faizə qədər çatır. Qonşu Rusiyada bu rəqəm 5,5 faiz təşkil edir. Mərkəzi Bankın uçot dərəcəsi 2 faiz olduğundan Əli Məsimli təhsil kreditlərinin 5 faizlə verilməsini məqbul sayır. Buradakı 3 faiz bankların qazancıdır. Müsahibim hesab edir ki, banklar buna getməlidir.

Təbii ki, təhsil kreditlərinin mənbəyi təkcə dövlət vəsaiti olmamalıdır. Digər mənbələr olaraq bankların öz maliyyə resursları və digər mənbələr ola bilər. Amma bir məsələ də var ki, 26 faizə kredit verən bankların 5 faizlə kredit verməsi mümkün deyil. Sirr deyil ki, banklar mənfəətlərini daha çox düşünürlər. Əli Məsimli deyir ki, bu səbəbdən eksperimentlər aparılan ölkələrdə təhsil kreditlərini maliyyələşdirmək üçün mütləq büdcədən vəsait ayrılır:

"Əgər dövlət vəsait ayırarsa, deməli, Mərkəzi Bank faiz dərəcələrinin aşağı olmasını şərt kimi qoya bilər. Bilirsiniz, dövlət bu prosesə dəstək verməsə, xüsusən ilkin beş ildə yardımçı olmazsa, qanun qəbul edilsə də, kağız üzərində qalacaq. Yenə də aztəminatlı ailələrin uşaqları ali təhsil almayacaqlar, ali təhsil alanların sayında artım olmayacaq. Bu qanun dövlətin və təhsil almaq istəyənlərin hüquqlarını müdafiə edir".

Yaxşı oxumağa stimul verən maddələr

Əli Məsimlinin hazırladığı qanun layihəsində ədalətin qorunduğu və tələbələri daha yaxşı çalışmağa sövq edən, stimul verən maddələr var. Layihə qəbul edilərkən heç bir dəyişiklik olmazsa, 600 baldan yuxarı bal toplayanlar təhsil haqqından azad olacaqlar. Millət vəkili etiraf edir ki, bu, barmaqla sayılacaq tələbələri əhatə etsə də, çox mühüm məsələdir.

Bundan başqa, hesab edir ki, aztəminatlı təbəqə üçün təhsil krediti faizsiz verilməlidir. Əgər həmin tələbə bakalavrı əla qiymətlə bitirərsə, avtomatik olaraq təhsil kreditini qaytarmaq öhdəliyi ləğv edilir və dövlət bu xərci öz üzərinə götürmüş olur. Bu da gənclərdə stimul yaradır ki, onlar çox yaxşı oxusunlar. Qanun layihəsində qeyd olunur ki, özəl universitetlərdə belə əla qiymətlərlə oxuyanlar faiz dərəcələrindən azad olunmalıdırlar. Zəif oxuyanlar isə pulun əsas hissəsi ilə yanaşı, təbii ki, faizlərini də ödəməlidir.

İki variant

Təhsil krediti götürən insan əmək qabiliyyətini itirərsə və dünyasını dəyişərsə, pulun ödənilməsi məsuliyyətini kim üzərinə götürəcək? sualı da açıq qalmayıb. Ə.Məsimli iki variant təklif edir. Birinci variant: bu xərci dövlət öz üzərinə götürəcək. İkinci variantda isə daha optimal yol təklif edilir. Şəxs təhsil aldığı müddətdə və ya möhlətli müddətdə bu xərcləri dövlət üzərinə götürəcək. İşləyən ərəfədə isə bu, sığorta şirkətlərinin üzərinə düşəcək. Deməli, prosesə həm də sığorta şirkətləri qoşulacaq. Dövlət ağır məqamlarda kömək əlini uzadır.

Layihədə qeyd olunur ki, təhsil kreditini tələbənin əvəzinə işlədiyi və ya istənilən müəssisə ödəyə bilər. Onu da qeyd edək ki, bir sıra sivil ölkələrdə dövlətlə yanaşı, xeyriyyə cəmiyyətləri tələbələrin təhsil xərclərini öz üzərinə götürür. Türkiyədə böyük təşkilatlar təhsil təqaüdləri təyin edirlər ki, dövlət də bunun müqabilində onlara vergi güzəştləri edir. Məlum məsələdir ki, ölkəmizdə bu kimi güzəştlər edilmədiyindən böyük müəssisələrin belə tələbə təqaüdləri təyin etməyə marağı yoxdur.

"Təəssüf ki, ölkəmizdə xeyriyyəçiliklə məşğul olanların başının üstünü kəsirlər. Ona görə də bu prosesdə ağırlıq dövlətin üzərinə düşəcək. Razıyam ki, dünyada beynəlxalq təşkilatların kredit xətləri var. Amma bizdə ilkin mərhələdə bu ağır yükü dövlət öz üzərinə götürməlidir".

Kredit - təhsil haqqı qədər verilsin

"Təhsil krediti haqqında" qanun layihəsində o da qeyd olunub ki, kredit tələbənin təhsil aldığı fakültənin təhsil haqqından aşağı verilə bilməz. Məsələ ondadır ki, bir sıra ölkələrdə bu məbləğ aşağı nəzərdə tutulur. Məsələn, təhsil haqqı 1500 manatdırsa, 800-900 manat verilir. Əli Məsimli isə deyir ki, təhsil kreditinin maksimum məbləği ona görə müəyyən edilməyib ki, gələcəkdə bu kimi problemlər ortaya çıxmasın. Tələbənin təhsil haqqı bu il 1000 manatdırsa, bank 1000 manat verəcək. Gələn il universitet təhsil haqqını əlavə olaraq 200 manat yüksəldəcəksə, tələbə müvafiq arayışı gətirdikdə bank da universitetin hesabına 1200 manat pul köçürəcək. Kreditin 10-15 ilə verilməsi təklif edilir.

Qanun layihəsində girov məsələsinə maraqlı münasibət var. Təhsil kreditləri alan şəxsin qoyduğu girov onun ali təhsil ocağının ödənişli fakültəsinə daxil olması barədə sənəd olacaq. Ə.Məsimli deyir ki, bu ona görə belədir ki, girov məsələsi gündəmə gələndə banklar bölgələrdə yaşayanlardan belə şəhərin mərkəzində mənzilin olması tələbini ortaya atırlar. Ona görə də təhsil kreditinin müqabilində girov məsələsi nəzərdə tutulmayıb və qanun layihəsi Azərbaycan gənclərinin maraqlarına xidmət edir.

Bəlli olduğu kimi, ali təhsil almaq üçün təhsil haqqını ödəməklə iş bitmir. Digər təhsil xərcləri də əhəmiyyətli dərəcədə vacibdir. Məsələn, ödənişli və ya ödənişsiz fakültədə təhsil almağından asılı olmayaraq əksər tələbələrin mənzil kirayəsi, dərsliklərin alınması, qida və nəqliyyat xərclərini ödəməkdə çətinlikləri olur. Bəlli səbəblərdən bu gün təhsil ocaqlarının yataqxanalarından istifadə mümkünsüzdür. Kitabların qiyməti heç də ucuz deyil. Nəqliyyat və qida xərcləri də tələbənin ödəmək məcburiyyətində olduğu xərclər sırasındadır.

"Təhsil kreditləri haqqında" qanun layihəsində bu məsələlər öz əksini tapıb. Belə ki, layihədə əlavə təhsil kreditləri ilə bağlı maddədə qeyd olunur ki, ödənişli və ya ödənişsiz fakültədə təhsil almağından asılı olmayaraq tələbələr bu kreditdən faydalana bilərlər. Millət vəkili deyir ki, tələbələrə bu pul kart və nağd formada verilə bilər.