Dünya ulduzları Madonna və Beyons "Haiti üçün ümid" xeyriyyə şousunda iştiraka razılıq veriblər. Şoudan əldə edilən gəlir Haitidə zəlzələ nəticəsində dağılmış evlərin bərpasında istifadə olunacaq və təbii fəlakətdən ziyan çəkən insanlara veriləcək.
Xarici mətbuatın yazdığına görə, Beyons Londonda, Madonna isə Nyu-Yorkda səhnəyə çıxacaq. Onların çıxışları ABŞ-ın ən iri telekanallarında canlı olaraq yayımlanacaq. Xəbərdə deyilir ki, şouda həmçinin ünlü Hollivud aktyoru Corc Kluni də iştirak edəcək. Onun rəsmi təmsilçisi bildirib ki, Kluni nəin ki şouda iştirak edəcək, hətta canlı yayım zamanı zəlzələdən əziyyət çəkənlərin hesabına 1 milyon dollar keçirəcək. Qeyd olunur ki, şouda iştirak üçün ABŞ-ın keçmiş prezidenti Bill Klinton, aktrisalar Culia Roberts, Meril Strip və Tom Henks təşəbbüslə çıxış ediblər. Haitidə təbii fəlakətdən zərər çəkənlərə kömək məqsədi ilə xeyriyyə matçları da keçiriləcək. Yanvarın 25-də Lissabondakı "Estadiu da Luy" arenasında matç baş tutacaq. Matçda Fransa yığma komandasının heyətində dünya çempionu Zinəddin Zidan, Madridin "Real" komandasının braziliyalı yarımmüdafiəçisi Kaka, ispaniyalı Fernando Yerro və başqaları da yaşıl meydançaya çıxacaqlar.
|