Aktyor Fərda Xudaverdiyev müğənnilərin çoxşaxəli çıxışlarından gileylənib. O bildirib ki, əksər sənətçilər toyda mahnı oxumaqdan çox, monoloq söyləyirlər. Bu səbəbdən də Fərda Xudaverdiyev onlar kimi mahnı oxumaq qərarına gəlib. Çörəyinə şərik çıxanların peşəsini onlarla bölüşən aktyor əslində müğənni kimi hələ bir neçə il öncə çıxış etdiyini bildirib. Bir müddət bu peşəyə fasilə verən Fərda müğənnilərin onun işinə müdaxiləsindən sonra yenidən oxumaq qərarına gəlib. Müğənnilik sənətinə göz dikmədiyini deyən aktyor əslində toylardakı çıxışının onu maddi cəhətdən ödədiyini söylədi. Lakin müğənnilərin "söz sandığının ağzı açılanda" Fərda özünə yer tapa bilmir. Onlara bu tərzdə cavab verir. Səsinə güvəndiyini deyən Fərda ifasının məclis tərəfindən normal qarşılandığını bildirdi:
"Əgər 10-undan pis oxuyuramsa, 5-dən yaxşı oxuyuram. Ona görə də müğənnilərdən əsəbiləşəndə oxumaq qərarına gəlirəm. Amma son günlər bəzən buna ehtiyac qalmır, insanlar özləri mənim oxumağımı sifariş edirlər".
Müğənnilik karyerasını (tam ciddi sözüdür) bir qədər də genişləndirmək arzusunda olan Fərda özünə məxsus bir mahnı yazdırıb. "Zər-zər" adlanan mahnını hələlik kiçik auditoriya dinləyib. Aktyor yeni mahnını tezliklə geniş dinləyiciyə təqdim etməyi düşünür. Sonda müğənni bunları bildirib: "Monoloqu mən iki günə yazıram. Amma mahnını səsyazma studiyasında hazır vəziyyətə gətirmək üçün ən azı 2 ay vaxt sərf edirəm. Bu əziyyətləri bir kənara qoyub, tezliklə yeni bəstələr lentə aldırmağı düşünürəm. Bir sözlə, karyeramı genişləndirirəm".
|