![]() |
çap et |
|
|||
Tərlan Həsənov 2009-cu il fevralın 8-də axşam təxminən saat 23 radələrində Bakı şəhəri, Xətai rayonunun Neapol küçəsində yerləşən "Ukrayna" dairəsinin yaxınlığında, idarə etdiyi "Otoyol İveco" markalı avtobusda sərnişin Samirənin (ad şərti verilib) əmlakını ələ keçirmək qərarına gəlib. Bu məqsədlə əlindəki metal parçası ilə sərnişinə basqın edərək, ona ağır bədən xəsarəti yetirəcəyi ilə hədələyib və çantasındakı 170 manat pulunu əlindən alıb.
Bununla kifayətlənməyən sürücü öz hərəkətlərini davam etdirərək, avtobusun salonunda qadına yenidən hədə-qorxu gələrək onunla zorla intim əlaqədə olub. Qadının polisə şikayət etməsindən bir gün sonra Tərlan Həsənov şübhəli şəxs qismində istintaqa cəlb olunub. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Tərlan Həsənov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində bildirib ki, 8 fevral 2009-cu ildə təxminən saat 22 radələrində, idarə etdiyi avtobusla 9-cu mikrorayon ərazisindən keçərkən avtobusa sərnişin qismində əvvəllər tanımadığım, sonradan şəxsiyyəti məlum olan Samirə əl qaldırıb. Sürücünün ifadəsi: "Mən də avtobusu saxlayıb onu götürdüm. Avtobusda həmin qadından başqa sərnişin yox idi. Yolda Samirə ilə söhbət edərkən onun Həzi Aslanov qəsəbəsində yaşadığını öyrəndim. Onu həmin qəsəbəyə apararkən, "Ukrayna" dairəsinin yaxınlığında avtobusun işığı xarab oldu. İşığı təmir etmək üçün avtobusu saxladım və salona keçib Samirəyə mənimlə yaxınlıq etməyi təklif etdim və bunun müqabilində nə qədər pul istəsə verəcəyimi dedim. Samirə isə məni şillə ilə vuraraq itələdi, mən də onu itələdim. Bu zaman Samirə oturacağın üstünə yıxıldı, sonra isə dərhal ayağa qalxaraq çıxıb getdi. Samirə gedəndən sonra mən idarə etdiyim avtobusla öz evimizə gəldim. Səhəri gün həmin qadının məndən polisə şikayət etdiyini bildim. Mən Samirəyə pul təklif edərək onunla cinsi əlaqədə olmaq istəmişəm, lakin ona zor tətbiq etməmişəm, nə də onun zorla pulunu əlindən almamışam. Samirənin bu barədə göstərdikləri yalandır. Onun mənə qarşı belə ifadə verməsinin səbəbini bilmirəm". Məhkəmədə ifadə verən zərərçəkmiş isə təqsirləndirilən şəxsin yalan danışdığını bildirib. O, Tərlan Həsənov tərəfindən zorlandığını iddia edib. Bütün tərəfləri dinləyən hakimlər isə sonda hökm elan ediblər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Tərlan Həsənov 9 il müddətinə azadlıqdan məhrum edilib. |