![]() |
çap et |
|
|||
Dünən Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev Azərbaycanın 2009-cu il üzrə makroiqtisadi göstəricilərinə dair mətbuat konfransı keçirib. Tədbir çərçivəsində A.Vəliyev qeyd edib ki, ötən il ərzində Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 9,3% və ya müqayisəli qiymətlərlə 3,7 mlrd. manat artaraq 34,6 mlrd. manata çatıb. Adambaşına isə 3.917,3 manatlıq (4.874,1 ABŞ dolları), yaxud 2008-ci ildəkindən 7,9% çox əlavə dəyər istehsal olunub.
A.Vəliyev onu da bildirib ki, hesabat ilində sənaye müəssisələrində çalışanların və sənaye məhsulu istehsalı ilə məşğul olan fiziki şəxslərin səyi nəticəsində 22,2 mlrd. manatlıq məhsul istehsal olunaraq 2008-ci illə müqayisədə 8,6% artıb: "Sənaye məhsulunun 75,7%-i istehsal olunmuş mədənçıxarma bölməsində 50,4 mln. ton neft və 16,3 mlrd. kubmetr qaz hasil olunub". Ölkənin digər makroiqtisadi göstəricilərinə gəldikdə isə Arif Vəliyev vurğulayıb ki, 2009-cu ildə kənd təsərrüfatı məhsulları istehsalı dəyər ifadəsində 3,5%, nəqliyyatla yük daşınması 3,7%, rabitə xidmətləri 13,1%, iqtisadi və sosial sahələrdə muzdla işləyənlərin orta aylıq əməkhaqqı 8,6%, əhalinin gəlirləri 8%, əhalinin banklardakı əmanətləri isə 24,5% artıb. DSK sədri həmçinin bildirib ki, 2010-cu ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1,301 mln. nəfər olub və onların ölkə iqtisadiyyatında məşğul olan əhalinin hər 1000 nəfərinə düşən sayı 319 nəfər təşkil edib. Azərbaycanda demoqrafik vəziyyətə gəldikdə isə Arif Vəliyev qeyd edib ki, 2010-cu ilin əvvəlinə ölkə əhalisinin sayı 8,997 mln. nəfərə çatıb və ötən il ərzində 100 min nəfər və yaxud 1,1% artıb: "Cari ilin yanvar ayının ortalarında isə 9 milyonuncu Azərbaycan sakini dünyaya gəlib. Hazırda ölkədə əhalinin sıxlığı 1 kv. km-ə 104 nəfər təşkil edir. Əhalinin 54,2%-i şəhər, 45,8%-i isə kənd yerlərində yaşayır. Ölkə əhalisinin 49%-ni kişilər, 51%-ni qadınlar təşkil edir və hər 1000 nəfər kişiyə 1041 nəfər qadın düşür". Komitə sədri həmçinin bildirib ki, Azərbaycanda bu ilin sonunadək inflyasiya səviyyəsinin 5-7% civarında olacağı gözlənilir. Onun sözlərinə görə, 2009-cu il ərzində Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri 2008-ci ilə nisbətən 1,5% artıb, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri 3,4%, xidmət tarifləri 7,1% bahalaşıb, ərzaq məhsullarının qiymətləri isə 1,5% ucuzlaşıb: "Cari ilin sonunda isə inflyasiya ötənilki kimi bir rəqəmli qalacaq, lakin builkindən fərqli olaraq 5-7% civarında olacağı gözlənilir. Bu il ərzində əsasən ərzaq məhsullarının bahalaşması gözlənilir". DSK sədri onu da qeyd edib ki, inflyasiyanın sürətlənməsi inhisarçılıqla yanaşı, qiymətlərin süni artırılması ilə bağlıdır. |